Qonağımız var..., Baş xəbər, Müsahibə
23.09.2015 / 15:48

“Reytinq müəyyən edən şirkətlərin işində sual doğuracaq məqamlar kifayət qədərdir”

“Reytinq müəyyən edən şirkətlərin işində sual doğuracaq məqamlar kifayət qədərdir”
Etibar Babayev: “ Televiziya və internet rəqib yox, müttəfiq olsalar, hər ikisi qazanar.”


“Qonağımız var” layihəsində ATV-nin Bədii Şurasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Etibar Babayev bu gün bizimlədir.



- Uzun illər böyük bir televiziya kanalına rəhbərlik etdiniz. Sizcə nə üçün son dövrlər Azərbaycan tele məkanından peşəkarlar uzaqlaşdırılır, onların yerinə “göyçəklər” gətirilir? Bu kimi neqativ halın yaranmasında Etibar Babayev özündə hansısa günahı görürmü?

- Təbii ki, yox. Mən özüm 2006-ci ilin mart ayından televiziya rəhbərliyindən kənar qaldığım halda, bu və ya digər kanaldan peşəkarların uzaqlaşdırılmasında necə günah sahibi ola bilərəm? Əlimdə real imkan və səlahiyyət olanda həmişə istedadlı gəncləri, peşəkar insanları irəli çəkmişəm, hər cür dəstəkləmişəm, arxa-kömək olmuşam. Yeni, dəyərli layihələrin efirə çıxmasına əlimdən gələni əsirgəməmişəm. Bunu hamı bilir və kimsə inkar edə bilməz. O ki, qaldı sizin haqqında bəhs etdiyiniz xoşagəlməz hallara... Bunun səbəbkarlarını,bivec insanları iş başına gətirənlərin, pəşəkar idarəetməçilik anlayışını ənənəvi işbazlıqla səhv salanların arasında axtarın. Bütün dövrlərdə istənilən sahədə kadrların doğru seçimi, düzgün yerləşdirilməsi qazanılan uğurun təməlidir.

- Jurnalistika sahəsində uzun yol keçmisinizz. İstər mətbutda, istər efirdə imzanız, simanız hamıya yaxşı tanışdır. Bu sahədə ilk addımlarınız, ilk uğurlarınız necə yadınızda qalıb?

- İstər dövrü mətbuatda, istər efirdə ilk uğurlu addımdarım xeyirxah insanların sayəsində baş tutub. Onları həmişə böyük minnətdarlıqla xatırlayıram. Gənclik illərimdə qarşılaşdığım kütləvi informasiya vasitələrinin rəhbərləri yüksək peşəkarlıqla yanışı, həm də qayğıkeş insanlar, böyük ürək sahibləri, sözün əsl mənasında müəllimlik istedadı ilə seçilən say-seçmə ziyalılar olub. Şəxsi nümunəsi, ədəb-ərkanı, yüksək əxlaqı, sadə rəftarı ilə bizə örnək idilər. O zaman elə bil, rəhbər vəzifəli şəxslər arasında təmənnasız xeyirxahlıq yarışı keçirilirdi. İstedadlı cavanlara yol göstərmək, əlindən yapışıb ayağa qaldırmaq baş redaktorlar üçün başucalığı, bəlkə də ən böyük mükafat idi. Gənc yaşlarımda mənim qarşıma çıxan belə insanların arasında “Kirpi” jurnalının baş redaktoru Seyfəddin Dağlınının, “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru Cəmil Əlibəyovun, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Nəsir İmanquliyevin adlarını böyük hörmətlə, dərin minnətdarlıqla yad etmək istəyirəm. Məhz bu insanların təşəbbüsü, qayğısı nəticəsində hələ tələbə ikən mənim imzam mətbuat səhifələrində görünməyə başladı.

- Bəs, televiziyaya gəlişiniz necə olub?

- Televiziyadan əvvəl radio verilişlərinin hazırlığı ilə məşğul olmuşam. Azərbaycan radiosunun Gənclik Baş redaksiyasına təcrübəli jurnalist Fəridə Aslanbəyova rəhbərlik edirdi. Məni ştatdankənar müxbir kimi redaksiyaya o, cəlb edib. İlk reportajlarım, müsahibələrim bu xeyirxah xanımın, eləcə də redaksiyanın digər əməkdaşlarından Arif Şəfizadənin, Natiq Səfərlinin köməyi sayəsində efirdə səslənib. O vaxtlar radionun dinləyicisi çox idi. İlk uğurlarımdan yaman həvəslənmişdim. Proqram hazırlamaq üçün Azərbaycanın müxtəlif bölgələrnə, SSRİ-nin müxtəlif şəhərlərinə, hətta Sibirə də səfər etmişəm. Baykal-Amur magistralının tikintisində çalışan azərbaycanlılarla görüşüb müsahibə almışam. Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovla Tümendə tanış oldum. Tayqada neft-qaz yataqlarının axtarışı zamanı üzləşdiyi çətinliklər barədə ürək ağrısı ilə, hətta bir qədər əsəbi halda söylədiyi maraqlı xatirələri lentə yazmışdım.
Yetmişinci illərin əvvəlində Azərbaycan radiosunda “Sibir cəsurları sevir” adlı üç verilişim səsləndi. İşgüzarlığımı görüncə digər redaksiyalar da mənə mate¬rial hazırlamağı tapşırırdı. Mailə xanım Muradxanlıdan özümə qarşı həmişə diqqət görmüşəm.
Daha sonra məni televiziya verilişlərinə cəlb etdilər. Bu işin təşəbbüs-karı Gənclik Baş redaksiyasına rəhbərlik edən Yusif Kərimov və Məmməd İsmayıl oldu. Gül¬şən Əkbərova ilə birlikdə “Tələbə klubu” verilişini aparırdıq. Hər həftə müxtəlif ali məktəb¬lərdən hazırlanan tok-şoular canlı yayınlanırdı. “Yeddinci qitə” adlı popul¬yar verilişin müəlliflərindən biri və aparıcısı olmuşam. Ordu sıralarında hərbi xidmətdən qayıdandan sonra Azərbaycan Dövlət Teleradio Komitəsində rəsmən əmək fəaliyyətimə başlayanda, artıq ali təhsillə yanaşı, həm də müəyyən iş və həyat təcrübəsinə malik idim. Həmin vaxtdan düz qırx il ötüb. Bu müddət ərzində müxtəlif vəzifələrdə çalışmışam. Həyatımda enişli-yoxuşlu, acılı-şirinli günlərim çox olub. Amma heç vaxt qələmi əlimdən yerə qoymamışam.
“Reytinq müəyyən edən şirkətlərin işində sual doğuracaq məqamlar kifayət qədərdir”
- Elə bu çalışqanlığın nəticəsidir ki, siz çox sayda maraqlı teleradio verilişləri¬nin, mətbuatda dərc olunun elmi - publisistik məqalələrin, resenziyaların, sənədli televiziya filmlərinin, Azərbaycanda və Türkiyədə nəşr olunan kitabların müəllifi kimi rəğbət qazanmısız.

-Xoş sözləriniz üçün təşəkkür edirəm.

- Etibar müəllim, bəzi bayağı verilişlərə, filmlərə və ya seriallara baxdığımız zaman sponsor kimi, əksər hallarda əcnəbi şirkətlərin adlarını görürük. Sizcə sözü gedən şirkətlərin sponsorluq məsələsində əsas məqsədləri milli-mənəvi dəyərlərimizə zərbə vurmaq deyilmi?

- Azərbaycanda radio keçən əsrin 20-ci, televiziya isə 50-ci illərində yaranıb. Təxminən eyni vaxtda digər Sovet respublikalarında açılan anoloji qurumlar da vahid ideologiyanın ən qüdrətli daşıyıcısı və təbliğatçısı kimi öz başlıca vəzifələrini yerinə yetirirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət teleradiosu ilə yanaşı, ictimai, eləcə də özəl tele-radio kanallarının açılmasına imkan yarandı. Fəqət doxsanıncı illərin əvvəlində (əslində, indinin özündə belə) reklam bazarı tam formalaşmamışdı. O illərin küçə reklamlarını xatırlayın... Paytaxtın yol kənarlarında quraşdırılan primitiv dəmir lövhələrdən, tarıma çəkilmiş parça üzərindən quvaşla yazılan pannolardan indi kənd rayonlarında da istifadə edilmir. Qida və gündəlik tələbat malları sektorunda ən adi ehtiyacları ixrac yolu ilə ödəmək məc-buriyyətində qalan gənc respublikanın qeyri-stabil günlərində ticarət şəbəkəsinə əcnəbilər hakim kəsilmişdi. Onlar reklamın təsir gücünü yaxşı bildiklərindən KİV-ə müəyyən büdcə ayırırdılar. Həmin məbləğ məhsulun maya dəyərinə əlavə edildiyindən, əslində reklam pulu alıcılar tərəfindən qarşılanırdı. Mətbuata, tele-radio verilişlərinə ayırılan vəsait, yerli şəraiti nəzərə alsaq, böyük rəqəm sayılırdı. Sahibkarlıq küçə ticarəti səviyyəsində qalan vaxtlarda bilbortlarda reklam yerləşdirmə, sponsorluq fəaliyyəti yalnız xarici şirkətlərə məxsus ola bilərdi. Ən çox reklam edilən dünyanın əksər ölkəsində reklamı yasaq edilmiş siqaret və spirtli içkilər idi. 1995-ci ildə Azərbaycanda Reklamçılar İttifaqının yaranması və doğru istiqamətdə fəaliyyəti yerli kadrların yetişməsinə, istehsal sahələrinin açılmasına təkan verməklə, reklam bazarının xarici inhisardan qorumasında xüsusi rol oynadı.

- Deyərlər, kim pul verirsə, onun sifarişi ilə mahnı çalınır.

- Bu, sözlərdə həqiqət var. Amma indiki halda söhbət restoranda rəqs havası sifariş verənlərdən yox, milyonların zövqünü, həyat tərzini öz maraqlarına uyğun dəyişməyə çalışan və bu işdə reklamın gücündən məharətlə istifadə etməyi bacaran qüvvələrin məkrli niyyətindən gedir. Xatırlayırsızsa, səksəninci illərin ortalarından başlayaraq, okeanın o tayında istehsal edilən bədii filmlər Moskvada dublyaj edilib video kaset halında çoxaldılır, keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda kütləvi şəkildə satılır, ucuz qiymətə kirayə verilir, o cümlədən televiziya kanal-larında sərbəst yayınlanırdı. ABŞ ticarət Palatası və digər qurumların nümayəndələri müəllif hüquqlarının köbud şəkildə pozulmasının qarşısını almaq üçün əməli tədbilərə əl atmırdı. Çünki yüksək peşkarlıqla çəkilən filmlər, bizə yad əxlaq və düşüncə tərzinin daşıyıcısına çevrilib mənəviyyatı dəyişir, böyüməkdə olan nəslin beynini yerindən oynadır, ənənəvi ailə tərbiyəsi sistemini pozur, böyük-kiçik anlayışını hafizələrdən silir, abır-həya pərdəsini tədricən aradan qaldırırdı. Uzun illər “dəmir pərdə” arxasında qalmış sovet tamaşaçısına tam başqa yaşam tərzi təlqin etməklə topsuz-tüfəngsiz könüllərə hakim kəsilməyin ən asan yolu bu idi. Xüsusi işgəncə ilə ölüm və kütləvi qırğın səhnələrinə, hər cür qəddarlığa ekranın şüuraltı təsir vasitəsilə hər kəs alışdırılırdı ki, günün birində real həyatda belə hallarla üzləşəndə təəccüb doğurmasın, etiraz səsini kümsə ucaltmasın. Bu minvalla dükan-bacada piştaxtalar yavaş-yavaş xarici mallarla zənginləşəndə, mənəviyyat, təhsil, bilik göstəriciləri nəzərə çarpacaq dərəcədə azalırdı. Hamı nəsə alıb-satmağa, günlük çıxarlarını qarşılamağa can atırdı. Cinayətkar işbazlar bank piramidaları qurmaqla nə qədər insanın olan-qalanını da fırıldaçılıqla mənimsəyirdilər. Belə anormal mühitdə, qeyri-sağlam rəqabət hökm sürən şəraitdə yerli sahibkarlar KİV-də reklam yerləşdirmək, sponsorluq barədə əsla fikirləşmirdi.

- Bəs indi?

- O mərhələ artıq geridə qaldı. İndiki sahibkarlar reklama vəsait ayırmağa, müxtəlif şou proqramlara sponsorluq etməyə qadirdirlər. Hətta elə imkanlı şirkətlər yaranıb ki, mütəmadi surətdə xarici ölkələrdə apardıqları xeyriyyəçilik fəaliyyəti ilə tanınırlar.

- Belə olan halda niyə elmi-kütləvi proqramlara dəstək verənlər tapılmır? Yoxsa, televiziyalar bu məsələyə ögəy münasibət bəsləyirlər?

- Bu məsələdə gizli-aşkar maraqlar, üstü örtülü qalan məqamlar var. Problem köklü və ciddi olduğundan ona ötəri toxunub üzərindən keçmək istəməzdim. Əgər istəsəniz, növbəti görüşlərin birində mütəxəssislərin iştirakı ilə “Dəyirmi masa” formatında geniş fikir mübadiləsi apararıq.
Yaxın günlərin iş təcrübəsindən bir misal çəkim. Azərbaycan dilinin zənginliyini göstərmək məqsədi ilə veriliş hazırlamaq barədə təşəbbüs qaldırdıq. Məqsəd gündəlik nitqimizdə az istifadə olunan, yaxud təmamən unudulan sözləri yenidən dilə gətirmək, söz ehtiyatmızı artırmaq, ana dilimizin imkanlarının genişliyini, rəngarəngliyini təbliğ və təşviq etmək idi. Bura şou əhlindən başqa hər kəs dəvət oluna bilərdi. Layihəyə sponsor tapmaq müşkül məsələyə çevrildi. Amma dedi-qodu formatlı verilişlərə, qal-maqal yaradan proqramlara maddi dəstək verənlər yetərincə var. Bazar siyasətinin əsas şərtlərindən biri budur ki, gərək alıcı olsun ki, məhsul satışa çıxarıla bilsin. Televiziyanın məsulu proqramlar, alıcısı isə tamaşaçıdır. Çox təəssüf ki, özəl televiziyalar da bu prinsiplə idarə olunmağa məhkumdur. Reytinq proqram siyasətində hərəkətverici qüvvəyə çevrildiyindən meyarlar xeyli dəyişib.

- Bu vəziyytədən bir çıxış yolu varmı?

- Yeganə yol televiziyanın reklamdan kənar stabil gəlir qaynaqlarının olmasıdır. İrimiqyaslı televiziyalar ya dövlət büdcəsindən maliyyələşdirilməli, ya da ciddi holdinqlərin, səhmdar cəmiyyətlərin tərkibində qurulmalıdır. Bu məsələ kökündən köklü şəkildə həll olunmasa, mavi ekranda bənzər proqramların, tələsik hazırlanan ucuz verilişlərin sayı gələcəkdə daha da artacaq. Ən baxımlı efir vaxtı da şou proqramlara ayrılacaq.

“Reytinq müəyyən edən şirkətlərin işində sual doğuracaq məqamlar kifayət qədərdir”
- AzTV və İctimai televiziya büdcədən maliyyələşdirilir. CBC SOKAR-ın dəstəyi ilə fəaliyyət göstərir. Amma demək olmaz ki, onlar geniş tamaşaçı kütləsini tam razı salırlar.

- Bu, artıq məsələnin başqa tərəfidir. Kadrların düzgün seçilib yerləşdirilməsi, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, yaradıcı və texniki heyətin peşəkarlıq dərəcəsi, nəhayət, ictimai nəzarətin güclənməsi ilə bağlı problemlərdir.

"Nəsillər arasında sağlam körpü salınmalıdır"


- Etibar müəllim, yenə reytinq məsələsinə toxunmaq istərdik. Türkiyədə bununla bağlı bir hadisə olmuşdu. “Bəyaz Şou” veriliş daxilində daha çox milli dəyərlərə önəm verdiyi üçün bu ölkədə fəaliyyət göstərən xarici reytinq şirkətləri onun verilişinin reytinqini aşağı göstərirdi. Verilişin reytinqinin yüksək olduğunu sübut etmək üçün televiziyanın damında İstanbulun dörd tərəfinə kameralar quraşdırılıb və veriliş başlayanda birbaşa efirdən verilişə baxanların işıqlarını yandırıb-söndürmələri istənilib. Və dərhal da İstanbul şəhəri sayrışmağa başlayıb. Bundan sonra həmin şirkətləri Türkiyədən qovdular və bir milli, bir də manapoliya olmaması üçün başqa xarici şirkət dəvət edərək, işi onlara həvalə etdilər. Azərbaycanda da milli dəyərlərə xidmət edən verilişlərin ya reytinqi aşağı göstərilir, ya da ekrandan çıxarılır. Bu hal nə vaxta qədər davam edəcək? Hansı televiziya kanalını açırsan bir müğənni oturub Qarabağ problemindən danışır. Özünü siyasətçi kimi aparır. Şou-biznes əhli bütün mövzular üzrə sanki ekspert olub efirdə. Bunun qarşısı necə alına bilər?

- Qarabağ problemi ümummilli bəlamız olduğundan bu barədə hamı danışa bilər. Fəqət, hərə öz səviyyəsinə uyğun, öz diliylə, öz sözüylə danışmalıdır. Qarabağ ürək yanğımızdı, istənilən halda bu barədə boğazdan yuxarı danışmaq kimsəyə yaraşmaz. Reytinq müəyyən edən şirkətlərin işinə gəlincə, onu deyim ki, bu məsələdə sual doğuracaq məqamlar kifayət qədərdir. Bu təşkilatlar ictimaiyyətə açıq olmalıdır. İnsanlar bilməlidir ki, onların fikirlərini öyrənən, ümumiləşdirib cəmiyyətə bəyan edən kimlərdir. Araşdırma və təhlillər hansı üsullarla aparılır. Bir qrup adamı elmi və praktik əsası olmayan sorğulara cəlb edib milyonların adından fikir formalaşdırmaq nə dərəcədə doğrudur? Söhbət yalnız televiziya verilişlərnin monitorinqindən getmir. Bu, başqa sahələrə də aiddir. Hər birinizin kifayət qədər geniş çevrəsi var. Yaxın tanışlarınızdan maraqlanın ki, KİV-in fəaliyyəti ilə əlaqədar sizi kim, nə vaxt və necə sorğu-sual edib? Bəlkə mənzilinizə gələrək, televizorunuza xüsusi cihaz quraşdırıb? Görən televiziyaların monitorinqinə əhalinin neçə faizi cəlb olunub? Onların arasında bütün təbəqələrin nümayəndələri varmı? Yaş senzi, təhsil səviyyəsi, milli mənsubiyyət və digər parametrlər nəzərə alınırmı? Cavablar necə araşdırılır, rəylər necə ümumiləşdirilir, nəticə necə çıxarılır? Bu suallara tam aydılıq gətirilməsə, istənilən reytinq göstəricisinə həmişə şühbə ilə yanaşılacaq.

- Siz uzun illərdi ali məktəbdə pedaqoji fəaliyyətlə də məşğulsuz. Sabahın jurnalistləri hansı verilişlərə baxır, daha çox nəyi bəyənir, nədən xoşları gəlmir? Bu barədə onlarla söhbtiniz olurmu?

- Təbii ki, olur. Biz bu və ya digər kanalda həftə ərzində gedən verilişlərin müzakirəsini keçiririk.Tələbələr həftə ərzində efiri izləyir, qeydlər aparır, yazılar rəylər müzakirəyə çıxarılır. Hamı sərbəst şəkildə öz münasibətini bildirir. Bakı Slavyan Universitetində televiziya və mətbuat nümayəndələri, millət vəkilləri ilə mütəmadi görüşlər, ustad dərsləri keçirilir. Bizim tələbə teleradio studiyamız var. Burada hazırlanan verilişlər universitet daxili şəbəkədə yayınlanır. Mən ara-sıra tələbələri müzeylərə, rəssamların emalatxanasına aparıram. Çay süfrəsinə dəvət edirəm. Elə güman edirəm ki, gənclərin könlünə yol tapsaq, onların ağrı-acısından, sıxıntısından vaxtında xəbər tutsaq, imkan daxilində kömək etsək, sözümüzün kəsəri, təlimin tər-biyəvi əhəmiyyəti xeyli artar. Əgər yeni nəsli, həqiqətən savadlı görmək, maarifləndirmək istəyiriksə, bunun üçün ənənəvi tədris üsulları ilə yanaşı, digər əhəmiyyətli təsir vasitələrindən də faydalanmalıyıq. Kimisə aşağılamaqla, danlamaqla, qınamaqla yaxşı heç nəyə nail ola bilmərik. Nəsillər arasında sağlam körpü salınmasa, auditoriyada eyni dildə danışsaq da, bir-birimizi başa düşməyəcəyik.

- İndi dövlətimizin maddi cəhətdən hər bir gücü var. Bu cür gözəl layihələri dövlət başçısının qarşısına çıxaran yoxdur və ya nəsə başqa əngəllər var? Biz əminik ki, dövlət başçısı bunları bilsə dərhal tədbir görər. Məsələn seriallara dövlət tərəfindən maliyyə ayrılması dünyanın heç yerində yoxdur. Prezident bunu etdi ki, millətə və dövlətə xeyir verəcək filmlər çəkilsin. Ancaq nəticə nə oldu?

- Azərbaycan Prezidentinin serial çəkilişinə maliyyə ayırması son dərəcə mühüm addım və müstəsna haldır. Azərbaycanda serial çəkilişləri televiziyanın inkişafında yeni istiqamətdir. Yaxşı nəticələr əldə etmək üçün bu işi bəri başdan sağlam təməl üzərində qurmaq lazımdır. Mənim fikrimcə, Milli Televizia Şurası bu vəsaitin bölünməsinə, dövlət sifarişinin necə yerinə yetirilməsinə gələcəkdə ciddi yanaşmalıdır. İstehsal olunan məhsulun bədii dəyəri, ictimai şüura təsir gücü barədə hər kəs münasibət bildirməlidir ki, saxtakarlığın, səriştəsizliyin qarşısı vaxtında alınsın. Efirdə forma və məzmunca yeni bədii filmlərin qıtlığı da aydın görünür. “Uzaq sahillərdə, “Mehman”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Yenilməz batalyon”, “Dəli kür”, “Görüş”, “Böyük dayaq”, “Arxadan vurulan zərbə”, “Bizim Cəbiş müəllim” kimi bədii filmlər sovet dövrünün məhsuludur. Amma bu gün də böyük maraqla baxılır. Əminəm ki, həmin filmlərin smeta dəyəri indiki filmlərə ayrılan vəsaitdən qat-qat az idi. Yəni, uğurun ölçü vahidi yalnız pul deyil. Vaxtilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hər il on bədii film çəkilirdi. Digər sovet respublikalarında da bədii filmlər istehsal olunurdu. Ən yaxşı əsərlər ümumittifaq ekranına çıxarılırdı. Xarici ölkələrdən xüsusi komissiyalar tərəfindən seçilib alınan filmlər dublyaj edilərək tamaşaçılara göstərilirdi. Təbii ki, sovet ideologiya və əxlaq normalarına zidd epizodlar, qeyri-etik ifadələr, görüntülər kütləvi nümayişdən öncə kəsib çıxarılırdı. Bəzi filmlər, məsələn “Xaç atası” sənətkarlıq baxımından kamil əsər olsa da, mafiyanın təyat tərzini, yeraltı dünyanın qəhrəmanlarını vəsf etdiyindən kütləvi prokata buraxılmırdı, xüsusi auditoriya üçün Kino evində nümayiş etdirilirdi. İndi baxın görün hər gün kino teatrlarda, mavi ekranlarda nələr göstərilir, hansı fikirlər, ideyalar təbliğ olunur. Cəmiyyətdə cinayətkarlığın artmasının bir səbəbi də budur.


“Sözlü, nəğməli İstanbul” proqramının xoş sədası hələ də eşidilir


- Səksəninci illərin sonlarında siz Azərbaycanda televiziya məkanına bir yenilik gətirdiyiz. Hələ sozet dövründə hər kəsin böyük intizarla gözlədiyi Türkiyə mövzunun praktik yolunu, bədii həllini çox gözəl tapdınız və vaxtında həyata keçirdiniz. Szin “Sözlü, nəğməli İstanbul”, “Kanal-6 təqdim edir” müəllif proqramlarınız efirə çıxan gündən AzTV-nin ən populyar verilşinə çevrildi. O dövrdə bu layihəni həyata keçirməyə necə nail oldunuz?

- O başqa bir dövr idi. Efir məkanında AzTV vardı, bir də Moskvadan yayınlanan Mərkəzi televiziya. Tamaşaçı auditoriyası üçün başqa seçim qalmırdı. Qəzet və jurnalların çeşidi indiki qədər olmasa da, tirajı yüz minlərlərlə sayılırdı. Hamı kitab oxuyurdu, hər kəs evindəki şəxsi kitabxanası ilə öyünürdü. Oxucu da, tamaşaçı da tələbkar, həm də qədirbilən olması ilə seçilirdi.1989-cu ildə AzTV-nin sədri Elşad Quliyevin təşəbbüsü ilə yenidən televiziyaya qayıtdım. Telefilmin Baş redaktoru təyin edildim. Moskvada təsdiq olunan plan illik üzrə ümumilikdə səkkiz saatlıq film istehsal etməliydik. Bunun bir hissəsi Mərkəzi televiziyanın, digər qismi respublika efirində yayınlanmaq üçün nəzərdə tutulurdu. İşi elə qurduq ki, plan vaxtından əvvəl yerinə yetirildi. Boş vaxtda AzTV üçün başqa verilişlər də hazırladıq. “Bakı” adlı silsilə verilişlər tamaşaçılar tərəfindən maraqla qarşılandı. O zaman Türkiyə ilə bağlı silsilə verilişlər hazırlamaq təklifimi Elşad müəllim dəstəkləməsə mən nə edə bilərdim? Mən Ankaraya gedib TRT-nin rəhbəri Kərim Aydın Erdemlə görüşdüm. Sağ olsun, mənim rahat işləməyim üçün hər cür şərait yaratdı. Bir həftə ərzində səhər 7-də efir başlayandan gecə qapanışa kimi hər şeyi diqqətlə izləyirdim. Həmkarlarımla görüşüb fikir mübadiləsi aparırdım. Nəticədə “TRT-də bir gün” adlı müəllif proqramı hazırladım. TRT-nin efiri necə açılırdısa, biz də verilişə o cür başladıq.Yəni, Anıt Qəbrin görüntüsü, sayğı duruşunda dayanan Türk əsgərləri, istiqlal marşının əzəmətli sədası altında dövlət bayrağının ucaldılması... “Reytinq müəyyən edən şirkətlərin işində sual doğuracaq məqamlar kifayət qədərdir”Səhv etmirəmsə, bu proqram noyabrın 7-də nümayiş olundu. Həmin gün SSRİ-də böyük təntənə ilə Oktyabr bayramı qeyd edilirdi. Belə bir gündə Sovet Azərbaycanının dövlət televiziyasında Türk televiziyasına həsr olunan verilişin getməsi adi məsələ deyildi. Sonra Kərim Aydın Erdemi Bakıya dəvət etdik. Onunla “Səhər” proqramında maraqlı söhbətimiz oldu. İki televiziya şirkəti arasında birgə əməkdaşlıq barədə ilk protokol imzalandı.Yeri gəlmişkən, deyim ki, rəhmətlik Barış Manço ilə də TRT-nin pavilyonlarından birində “7-dən 77-yə” adlı uşaq verilişinin çəkilişində tanış oldum. Səmimi söhbət əsnasında bir az da ərklə gileyləndim ki, Sovet İttifaqına səfərində Moskvanı, Leninqradı gəzib, Bakıya gəlmədən məm-ləkətə dönməyi nə ilə izah edə bilər? Barış bəylə təsadüfi tanışlığımız sonralar möhkəm dostluğa, dostluğumuz isə əsl qardaşlığa çevrildi. Bu yaxınlarda “Barış körpüsü” adlı kitabım çapdan çıxacaq. Böyük Ustadla bağlı xatirələrim, həm də Azərbaycanda görüşdüyü digər insanların ürək sözləri, maraqlı foto şəkillər Türk musiqisinin sönməz ulduzunu oxuculara daha yaxından tanıdacaq.

"Dünyaya meydan oxuyan internet!"


- Etibar müəllim, internet sistemi çıxandan sonra televiziyalara maraq bütün dünyada öldü. Ancaq bununla yanaşı, online (onlayn) televiziyalara maraq yoxdu. Bunun səbəbi nədir?

- Kino yarananda dedilər, teatr öldü. Zaman göstərdi ki, hərəsinin öz yeri, ifadə vasitəsi, təsir gücü, auditoriyası var. Keçən əsrin ortalarına qədər televiziya olmayıb. Elə ki, məişətimizə daxil oldu, dərhal qaynayıb-qarışıb, hər ailənin doğma üzvünə çevrildi. Buna baxmayaraq, radio, kino, teatr yaşamaq hüququnu itirmədi. Bu gün internet şəbəkəsi dünyanı hörümçək toru kimi bürüsə də, əgər hər hansı qəzetdə, həqiqətən dəyərli yazı dərc olunsa, maraqlı məlumat verilsə, dərhal oxunacaq. İnternet əvvəllər əsla ağla gəlməyən son dərəcə nəhəng nailiyyətdir. Onun varlığı sayəsində uzaq məsafələr yaxınlaşır, dünyanın ən məşhur kitabxanaları, müzeyləri bircə anda istifadəçinin ixtiyarına verilir. İndi kiməsə məktublar mürəkkəblə yazılıb, bükülərək zərfə qoyulmur, poçt qutularına atılmır.Yer kürəsinin istənilən guşəsindəki dostunun, tanışının, iş ortağının e.mail ünvana günümüzün reallığıdır. Fəqət internet vasitəsi ilə kitab, qəzet, jurnal oxumaq, musiqi dinləmək, televiziya verilişlərinə tamaşa etmək texniki cəhətdən mümkün olsa da, kitabı əldə tutmağın, filmə ekranda baxmağın emosional təsiri əvvəlki tək əvəzolunmaz qalmaqdadır. Təbii ki, operativlik baxımından internet xəbərçiliyın üstünlüyü danılmazdır. Amma televiziya təkcə xəbərlərdən ibarət deyil ki. Texniki tərəqqinin indiki inkişaf mərhələsində rəqabətə güc gələk üçün proqram siyasətini diqqətlə gözdən keçirməli, imkanlarından maksimum istifadə etməyə çalışmalıdır. Mənim fikrimcə, televiziya və internet rəqib yox, müttəfiq olsalar, hər ikisi qazanar. Mövcud televiziya proqramlarını kortəbii təkrarlamaqla internet televiziyası üstünlük əldə etməyəcək.

- Etibar müəllim, vaxt ayırıb saytın redaksiyasına gəldiyiniz üçün sizə təşəkkür edirik. Diqqətinizə çatdıraq ki, saytımız üç aydır fəaliyyət göstərir. 15 iyunda Qurtuluş günü fəaliyyətə başlamışıq. Çox şadıq ki, siz də Qurban bayramı ərəfəsində “Qonağımız var” layihəsinə qonaq oldunuz.

- Mən təşəkkür edirəm dəvətiniz üçün. Bayramınız mübarək olsun! Sizə yeni uğurlar, daha geniş auditoriya arzulayıram. Yaşımızdan, peşəmizdən, dinimizdən, irqimizdən asılı olmayaraq, biz hamımız bu dünyada qonağıq. Qalan əməllər, xatirələrdir. Görünür qonağa hörmətlə yanaşmağın gerçək səbəbi də elə bu hikmətdədir. Qoy, saytınız hər zaman qonaq-qaralı olsun!


Ceyhun ÇİNGİZOĞLU / İnform.az

Baxış sayı: 1451