Şərhlər
23.09.2015 / 10:40

Rusiyanın qaytaracağı Qarabağ: Bizə lazımdırmı?

Rusiyanın qaytaracağı Qarabağ: Bizə lazımdırmı?
Aqil CAMAL / İnform.az


Son dövrlər Qərbdən Azərbaycana yönəlik hədələyici davranışların fonunda ölkədə bir Rusiya rüzgarı əsməkdədir. Sanki, hazırda Avropa qurumları ilə Azərbaycan rəsmiyyəti arasında yaşanan etimadsızlıq atmosferindən biriləri yararlanmağa çalışır. Azərbaycana geosiyasi oriyentasiya anlamında “stabil və güvənli alternativ” təklif olunur: “Gələcəyə “Rusiya ilə birlikdə yürümək”.
Bu yöndə aparılan təbliğat işində aparıcı və ya aldadıcı tezislərdən biri Rusiyanın işğal altında olan Azərbaycan torpaqlarını qaytaracağı haqda fikirlərdir. Bu fikir çeşidli formalarda gündəmə gətirilir. Gah 5, gah 7 rayonun qaytarılması, gah da “Rusiya Qarabağı qaytarır” şəklində.
Bu səpkidə sonuncu rastlaşdığım xəbər, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bugünkü Rusiya səfərində məsələnin müzakirə olunacağı haqdadır. Bildirilir ki, R.T.Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə etmək üçün Moskvaya gedir…
Maraqlıdır ki, bir sıra yerli media qurumları “Rusiya Qarabağı qaytarır” başlıqlarını xüsusi canfəşanlıqla atırlar. Ancaq, sual olunmur ki, “bəs Ermənistan?”. İndiyədək Azərbaycan torpaqlarının işğalı faktının arxasında Rusiyanın dayandığını yazmağa cürət etməyənlər, indi “Rusiya Qarabağı qaytarır” fikrini rahatlıqla yaza bilirlər.
Hesab edək ki, Rusiyanın Qarabağı qaytarması ilə, işğal faktının arxasında Moskvanın durduğu rəsmən təsdiq olunur. Bu yaxşı. Bəs, Rusiya 25 ildən sonra nə səbəbdən bu qərara gəlib və ya bunun qarşılığında Azərbaycandan umacağı nədir?
Təbii ki, Azərbaycanı öz nüfuz dairəsinə daxil etmək, həmçinin, formalaşdırdığı kollektiv qurumlara cəlb etmək.
Ancaq gəlin görək, Rusiyanın bu sevdasının gerçəkləşməsi üçün onun ətrafında normal mühit varmı? Dünyadakı birliklərin, blokların yaranması təcrübəsində görünməyib ki, bir-biri ilə ziddiyyətdə olan dövlətlər öz alyanslarını ortaya qoysunlar. Özü də burda söhbət birlik üzvü olan iki dövlətin bir-biri ilə düşmənçilik etməsindən getmir. Məsələn, MDB-yə üzv dövlətlərin əksəriyyətində Rusiyanın yaratdığı və idarə etdiyi münaqişə ocaqları var.
Rusiya-Ukrayna münasibətləri tək bütün zamanlarda hamar olmayıb. Ümumiyyətlə Kreml heç zaman Ukraynanın müstəqilliyini həzm edə bilməyib. Rusiya MDB-dəki "müttəfiqi" Moldova üçün "Dnestryanı" adlı problem yaradıb. Və zaman-zaman bu məsələdən Kişnyova təzyiq vasitəsi kimi istifadə edir. Rusiya MDB-dəki keçmiş "müttəfiqi" Gürcüstana elə bu qurumun yaşı qədər ömrü olan "Abxaziya", "Cənubi Osetiya" kimi problemlər bəxş edib.
Rusiya MDB-dəki "müttəfiqi" Azərbaycanın torpaqlarının digər "müttəfiq" Ermənistan tərəfindən işğalına hər cür yardım göstərib. Və Azərbaycanın sinəsində bir "Qarabağ" yarası açıb. Nə zaman ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edə biləcəyi haqda bəyanat verir, həmin an Rusiyanın hansısa generalı və ya siyasi rəsmisi bildirir ki, Qafqazda yeni silahlı qarşıdurma Gürcüstan hadisələrinin təkrarlanması ilə nəticələnə bilər. Yəni, “müharibə başlayacağı halda biz Ermənistanın yanında olacağıq”.
Bütün bu gerçəkləri bilə-bilə Rusiyadan işğal olunmuş torpaqlarının yarısının və ya hamısının azad edəcəyini gözləmək sadəlövhlük deyilmi? Yaxud, dövlət müstəqilliyini formal duruma gətirən şərtlər altında Rusiyanın Qarabağ bəxşişini qəbul etmək nə qədər məqbuldur? Axı biz Azərbaycanı tam müstəqil etməyin bədəlini Qarabağı itirməklə ödədik…
Qarabağı işğaldan müstəqil Azərbaycan azad edəcək!

Baxış sayı: 619