Şərhlər
22.09.2015 / 13:52

Yer kürəsi əyilib

 Yer kürəsi əyilib
Tahirə QAFARLI / İnform.az

Özü də, bizim tərəfə - Şərqə…

…Zarafat deyil, günümün düz 4 saatı yolda keçir, az qala avtobusun daimi sərnişinləri ilə dostlaşmışam... 8 saatım isə xəbərlərə həsr olunur… Elə bilirsiniz, həmin o 4 saat xəbərsiz keçir, qətiyyən …
…Bu gün də avtobusda eşitdim ki, Yer kürəsi neçə santısa əyilib… Sən demə, nə bilim, erməni virusunun fəsadları, əcnəbilərin ölkəmizdə çoxalması, bahalaşma, kiminsə pulsuzlaşması, kiminsə birdən-birə varlanması, səs-küy, müharibələr, nəsildə baş verən keyfiyyət dəyişilmələri, bir sözlə, dünyanın düzənini pozan şeylər, bu “Əyriliyə” görəymiş ...
…Elə dünən bir-biri ilə “dərdləşən” iki qadın da bundan danışırdı. Deyirdilər ki, hansısa verilişdə alimlər danışırmış ki, yer kürəsi əyildiyinə görə yaşadığımız bir gün, 6 aylıq vaxtla ölçülür… Qadınlar heyranlıqla, - “gör ey, elə buna görəymiş də, böyük-kiçik yeri itib, torpağın üzü soyuyub, camaat ölüsünü basdırır, sabah da toy edir, heç kimdə inam, sadəqət, insanlıq qalmayıb... Deyir ki, zəhirmara qalımış bu «əyrilik» ortaya çıxandan məmurlar da əyilib elə bil... Nə bilim, məmurların öz işinə diqqətsiz yanaşmasına da təsir edən bu imiş… nə etsin, nə qədər düz işləsə də, əyri çıxacaq… Bir sözlə, nə dirinin, nə də ölünün hörməti qalmayıb. Çünki yer əyridir. Bu bir yana, kiməsə bir söz demək olmur, hamı sözü əyri başa düşür... Əvvəl beləsini görəndə, deyirdilər ki, “elə bil BARIT üstündə oturub”, amma yox, demə YER əyriymiş”… Qadınlar çox gileyləndilər, amma hara qədər əyiləcək, onu demədilər... Qadınlardan birinin dərdi yaman açılmışdı…
- Ay balam, niyə uzağa gedirsən ey, elə götürək bizim bu “179”-un sürücülərini. Marşruta yeni avtobusun gəlməsinə imkan vermirlər. Nə özləri işləyir, nə də başqasını qoyurlar iş görməyə... Veclərinə deyil, kim-kimi ayaqlayacaq, ağzına kimi yığırlar. Vallah, camaat da pis olub, niyə minirsən, minmə də… bilmirsən nə edəsən, elə hey deyirlər ki, yaxşılığa doğru dəyişəcək, amma hanı… Bu bələdiyyələr də niyə yarandı bilmirəm… gəl narazılıq et, elə qışqıracaqlar ki, özün peşman olarsan… hamısı elədi… Elə o gün qoca bir kişi avtobus çox dayandı deyə, bir az deyindi. Sürücü ironiya ilə, «tələsirsən, düş taksiylə get» dedi. Kişi də tənbəllik etmə, de ki, «dədən getsin»… Hə, sürücü yaman özündən çıxdı. Üzünü bozardıb, «bilirsən mənim dədəm hardadır?!. Kişi elə bildi ki, dəyəcək, hansısa vəzifədə oturub…Ona görə də, «hardadı-hardadı» sualına cavab alıb, «ürəyini boşaltmaq» istədi. …Sürücü az qala kişiyə hücüm çəkəcəkdi. Sonra camaatın qınağı ilə «Səni dədəmin yanına gedəsən..» deyib aşağı oturdu… Belə yerdə deyiblər ey, elə et ki, dədənin qəbrini söydürməyəsən….
…Bir yaşlı qadın da, sürcülərin ona xarici pullar verməsindən şikayətlənirdi. Deyirdi ki, neçə vaxtır ki, sürücülər ona tanımadığı pulları qaytarırlar. Deyir, ondan evində o qədərdir ki…, ona görə də əlindəki xırda pullara diqqətlə baxa-baxa «hardan gəlir o pullar, nəyimə gərəkdi ki, onlar…» deyinə-deyinə avtobusdan düşdü.
Hə, deyəsən Yer Kürəsi, doğurdan da, əyilib axı, özü də bizim tərəfə… Bakının bizim kimi qıraq kəndlərində yaşayanlar da qalıblar, lap “altda”, heç kəs səsini çıxara bilmir…
Amma məmləkətin üstünə düşən yük daha ağırdır … Adama elə gəlir ki, Qərb, Avropa, Yer Şərqə tərəf əyiləndən məhz problemlərini üstümüzə sürüşdürüb, lap tükdən asılmış vəziyyətə düşmüşük, yellənirik… Deyəsən, sürüşmə Qərbin ayağının altından başlayıb. Üstə qalanlar da kürənin qulpunu tutub, ondan möhkəm yapışıblar. Əllərini də əyilən tərəfə uzadaraq, nələrisə özlərinə tərəf çəkmək istəyrlər. Elə hey çəkib çıxarırlar. Yaxşını, pisi, ağıllını, ağılsızı, istedadlını, istedadsızı… Elə ona görə də çoxları öz yerində deyil də…
… Yer əyri vəziyyətində çox qalsa, nə ola bilər. Hazırda alimlər bunun üzərində baş sındırırlar…Sürüşənləri dartmağa uzanan əllər isə vəziyyətdən yaxşı istifadə edir, elə nəsə qoparmaq üçün, çəkirlər...
…Deyəsən, Yerin əyilməsi, bizim bu müxalifətdə olan partiyalara da təsir edib… Bu, bir tərəfdən də yaxşıdır. Hərdən düşünürsən ki, nə olacaq, öz kökündən qopanlar sürüşüb gedəcəklər... Bir tərəfdən də düşünürsn ki, indi kiminsə “sürüşməsi” lazımdır deyə, bu qədər camaat əziyyət çəkməlidir?.. Onu deyirdim axı, indi bizim müxalifət də elə bu əyilmənin pis fəsadlarını yaşayır. Hamısı elə sallaşıq vəziyyətdə qalıblar. Sürüşüb, “aradan çıxma” qoxusu yaşnır. Ona görə də indi kimin bu vəziyyətdə toparlana bilib-bilməyəcəyi mübahisə mövzusuna çevrilib. Bir neçəsi istəyir ki, bu seçkidə bir-birindən yapışıb, nəsə etsinlər. Amma vaxtilə də belə cəhdləri ediblər, heç nə alınmayıb. Bilmirəm nədəndi, deyəsən, əlləri yağlanıb … «bəndləşə» bilmədilər ki, bilmədilər… gözləyək görək bu seçkilərdə necə olacaq... “Sürüşməyə” məruz qalan siyasi partiyalardan, namizədlərdən hansı “ilişib” qala biləcək...

Baxış sayı: 389