Baş xəbər, Siyasət, Müsahibə
22.09.2015 / 11:00

Millət vəkili məxfi planlardan danışdı

Millət vəkili məxfi planlardan danışdı

Zahid Oruc: “Qərb Azərbaycanı hakimiyyətlə müştərək şəkildə idarə etməyə çalışır”


“Ukraynada kim hansı vəzifədə olacaq- deyə, Amerikanın dövlət katibinin müavininin məxfi şifrəqrammaları da açıqlandı”


Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Vaxt getdikcə daralır. Namizədlər öz imza vərəqələrinin toplanması, əhali arasında təbliğatlarının qurulması istiqamətində fəaliyyətə başlayıblar. Lakin namizədlər arasında maraqların toqquşduğu məqamlar hələ ki, görünmür. Proseslər hələ ki, beynəlxalq təşkilatların seçki prosesinə “qısqanc” yanaşmaları ilə bağlı məqamların gündəmə çıxması ilə müşahidə olunur.
Millət vəkili Zahid Oruc İnform.az-a müsahibəsində bu istiqaətdə müəyyən dəyərləndirmə aparmaqla bəzi nüanslara aydınlıq gətirdi.



“Hakim partiyanın sözü bizim üçün həlledici olub”


- Zahid müəllim, hazırda seçkinin gedişi ilə bağlı cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?

- Seçki prosesi üçün qiymətləndirməli olduğumuz bir neçə məqam var. Birincisi ondan ibarətdir ki, müstəqillik qazanılan illərdə iddiaçıların sayı 10 minlərlə ola bilir, seçki prosesinin hər bir detalı cəmiyyətin diqqətinə çatdırılır, əsas dartışma predmetinə çevrilir, maraqlar toqquşur və sair. Zamanla bu proseslər yerbe-yer olunur. Bu gün Azərbaycanda seçkilərə rəsmi start veriləndən sonra, müəyyən bir sayda iddiaçılar meydanda olduğu təqdirdə, ayrı-ayrı qüvvələr də var ki, yalnız öndə dayanmaq şərti ilə seçkilərə qatılmağa cəhd edirlər. Biz də illərlə təmsil olunduğumuz ərazidən öz namizədliyimizi irəli sürmüşük. Burada hakim partiyanın sözü bizim üçün həlledici olub. Çünki ötən dövr ərzində bu kursa bağlılığımızla tanınmışıq. Ona görə də özfəaliyyətlə deyil, komandalı qərarlarla nəticələr almışıq. Hesab edirəm ki, bizim üçün ən başlıca tələbləri ödəmək vacib idi və parlament üzvü olduğumuz dönəmlərdə də bu prinsiplərə sadiq qalmışıq. Müasir dövürümüzdə hakimiyyətin bu qolunun üzərinə elə vəzifələr düşür ki, onu yerinə yetirmək, ümumən Azərbaycanın mənafelərinə xidmət etməyə, töhfə verməyə yönəlib. Biz bu dövr ərzində bu məqamları öz fəaliyyətimizdə doğrultmağa çalışdıq. Dəfələrlə insanlarla keçirdiyimiz görüşlər imkan verdi ki, bu gün Bərdənin əksər kəndləri qazlaşlmış oldu. Dövlətimizin, ilk növbədə ölkə rəhbərinin addımları hesabına yaradılmış bütün imkanlar köhnəlmiş, dağılmış infrastrukturu bərpa etməyə imkan verdi. Eyni zamanda insanlarla daimi görüşlər, təmaslar, qəbullar hesabına yaxın əlaqələrimiz qarşılıqlı anlaşma və bir-birimizə bağlılığımız formalaşdı. Namizədliyimin irəli sürülməsi ilə orada komandamızın formalaşmasının, imza kampaniyasının çox uğurla getməsinin, insanların bu işdə çox fəallıq göstərməsini görmək bizim üçün çox əlamətdar və həm də məsuliyyətlidir.


“ABŞ-da təxminən seçicilərin 28 faizi seçkiyə qatılıb”


- Zahid müəllim, hazırda əhalinin seçkiyə münasibəti necədir. Seçkiyə münasibətdə müşahidə olunan qeyri-aktivlik, sakitlik aradan qalxıbmı?

- Bu gün Amerikanın həyatını, seçki prosesini də dünyaya nümunə kimi göstərmək istəyən çoxlu insanlar var. Onlar deyirlər ki, orada siyasi rəqabət bir çox proseslərdən keçir. Amma mən xatırlatmaq istəyirəm ki, Birləşmiş Ştatlarda ötən yüz ildə 4 prezident siyasi azlığın rəhbəri olaraq təsbit olunublar və tarixdə də o cür qalıblar. Yəni, təxminən seçicilərin 28 faizi seçkiyə qatılıb. Bu da o demək deyil ki, Amerikanın yerdə qalan 72 faizi ictimai-siyasi həyatdan uzaq insanlar kimi bu dövlətə biganəlik göstəriblər, yox. Sadəcə qərarlaşma, oturuşma gedib, təsadüfi iddiaçılar meydandan çıxıb və sair. İndi Azərbaycanda da buna bənzər proseslər getməkdədir. Eyni zamanda qeyd etmək lazımdır ki, siyasi müxalifət hədsiz zəifləyib. Onlar əvvəlki seçkilərdə olduğu kimi zorən birliklər, bərabərliklər göstərib hər dairədən bir namizəd vermək imkanlarını da itiriblər. Bəlkə də rəqabət prosesi fərqli bir vəziyyətlə üzləşib deyə deyilən bu cür qənaətlər də meydana çıxıb. Halbuki, müxalifətin qarşısını heç kəs kəsməyib. Məsələn, Şəkidə Xalq Cəbhəsinin üzvü və hakimiyyətlə hər zaman siyasi döyüşlərdə olan bir şəxs özünün namizədliyini verib. Heç kəs ona mane olmayıb. Yəni əhalinin seçki prosesini qiymətləndirməsində xeyli subyekt yanaşmaları var. Dediyim məsələ siyasi fəaliyyətə münasibət zamanla hər bir ölkədə dəyişir.


“Qərb Azərbaycanı hakimiyyətlə müştərək şəkildə idarə etməyə çalışır”


- Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycandakı seçkiləri müahidə etməkdən imtina etdi. Sizcə bu, ölkə daxilində siyasilərin seçkiyə münasibətinə hər hansı təsirini göstərə bildimi?

- Əvvəla onu unutmaq olmaz ki, bütün bu məsələlər ATƏT-in Bakı Ofisinin ətrafında yaranmış məsələlərlə bağlı baş verdi. Bilirsiz ki, ATƏT-in Bakı ofisinin Aleks Şaxtaxtinski adlı sonuncu təmsilçisi, diplomat ATƏT-dən gələn derektivləri, təlimatları və inqilabi proseslər yaratmaq yolunda olan çağırışları, məxvi dosyeləri bir kənara atıb, öz vicdanı ilə hərəkət etdi. Azərbaycandakı proseslərlə bağlı normal qiymətləndirmələri ortalığa qoydu və burdan çıxış edərək öz tabe olduğu mərkəzlə zidd bir mövqeyə getdi. Bundan sonra onu çağırmaq iddiasında bulundular. Sonra da Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu bu propsesə qoşmağa çalışdılar. Sonra ATƏT-in Bakı ofisinin ölkəmizdəki statusu məsələsi meydana çıxdı. Bəlli oldu ki, ATƏT ölkələrinin 53-nün heç birində belə ofis fəaliyyət göstərmir. Elə isə xüsusi olaraq bizdə belə bir ofisin olması nəyə görə lazımdır. O ki qaldı seçki məsələsinə, bu, daha çox Azərbaycan və Qərb münasibətləri ilə bağlıdır. Düşünürəm ki, burada iki nöqtəni nəzərə almalıyıq. Axı Qərb nə istəyir? Avropa Parlamentinin qərarları, seçkilərdə iştirak etməməklə mövqeyi, əvvəlcədən hazırlanmış bəyanatlar nəyə xidmət edir. Etiraf etməliyik ki, Qərb Azərbaycanda hakimiyyətlə müştərək şəkildə idarəetməni aparmağa çalışır. Öz maraqlarını müdafiə edən qüvvələrin seçkili orqanlarında daha güclü təmsilçiliyini diqtə etməyə hökumətin formalaşmasını öz siyahısından göndərməyə çalışır və sair. Dediyimiz bu məsələlər heç bir təxəyyülün məhsulu deyil. Sonuncu olaraq “Ukraynada hökumət başçısı kim olacaq, daxili işlər naziri kim olacaq, parlamentə hansı qüvvələr gedəcəkdir”- deyə, Amerikanın dövlət katibinin müavininin məxfi şifrəqrammaları da açıqlandı. Azərbaycan tərəfi buna müqavimət göstərdikcə, təbii olaraq müşahidələrdən də imtina edəcəklər, başqa sanksiyalar da olacaq, amma ən sonra yenidən əməkdaşlığa qayıdacaqlar. Seçkilərdə onların iştirak etməsi Azərbaycan xalqının iradəsini əvəz eləmir.

- Zahid müəllim, seçkidəki uğurunuza inanırsınızmı?

- Bəli, inanıram.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 467