Şərhlər
21.09.2015 / 17:14

Bu gün azadlıq köləlikdir

Bu gün azadlıq köləlikdir
Xanəmir TELMANOĞLU / İnform.az


Ey dili qafil fil faili məchul fani f…


Ən böyük varın azadlıq olduğunu da deyirlər.
Azadlıq sözü türkcəmizdə maraqlı məna tutumuyla meydan oxuyan sözlərimzidəndir. Azad – as –od, işıq anlamını daşıyır. Bu isə böyük od, sonsuz işıq, sönməyən atəş anlamlarını da verir. Ümumiyyətlə, gerçək türkcədəki sözlərin mahiyyəti işıq, od, atəşlə bağlıdır. Bu da türklərin, xalqımızın sonsuz olanın mahiyyətində və yaradılışının qaynağında işığın, odun rolunun qaçınılmaz oduğuna işarədir. Hətta bizim yer adlarımız, yurdumuzun adının da işıqla, odla bağlılığı boşlu boşuna deyil. Bu yurd, bu coğrafiya ilahi işıqla süslənmiş mahiyyət mücəssiməsidir. Etnos kimi bizlər də bu yurdu, coğrafiyanı tamamlayırıq.
Mənim üçün inanclı insandan başlayır azadlıq anlayışı. Yaradanı sevməyi bacaran kəs azad insandır. İnancı olan kəs, Quranı dərk edən, peyğəmbərlik sistemini anlayan fərd ola bilməz ki, azad olmasın. Mənim üçün əsl kölə inancsız məxluqdur. Bütün inancsızlar kölələr, qullar, qorxaqlar, ikiüzlü və yaltaq yaratıqlardır mənə görə.
Azadlıq sözü dilimizdə bir ifadə kimi də yer alıb. Dünyaya uşaq gətirən qadına da “azad oldu” deyirik. Yəni həm də azadlığın təməlində yaradılışa, törəyişə, qovuşmağa bağlı nüanslar da əskik deyil. Həm də dünyaya gələn, törəmiş birisinin daha sonra sənin heç bir rolun olmadan varlığını sürdürməsinin də bir adıdır azadlıq. Eynən də inanclı insan, Yunusun dediyi “bir mən vardı məndə məndən içəri” fəlsəfəsindəki mənləri dışarı verir, üzərindən atır və yenidən o mənlərlə dışarıda iç yaradır, qovuşur.
Azadlığın əxlaq olduğunu da deyənlər var. Azadlıq mənəviyyatla bağlı bir məfhumdur. Hürriyyət, istiqlal, özgürlük, baxımsız kimi azadlığı ehtiva edən sözlər daha fərqli bir məna qütbünü göstərir.
İsa çarmıxda, Həllac, Nəsimi dar ağacında azaddır. Azadlıq orda bilinir. Bəşəriyyətin azadlıq təcrübəsi var, olub. Biz sadəcə bu təcrübəni “eksponat” kimi qoruya bilmişik. Ancaq onu işlədə bimədik. Əks halda bu xaosla üz-üzə gəlinməzdir. Dünya bu gündə olmazdır. İnsanlığın azadlıq təcrübəsindən yararlanmaq imkanlarımız olsaydı, bu gün milyonların qanı boş yerə axmazdı.
Məsələn, mənim üçün öz mövzusunu tapmış yazar azaddır. Azadlıq məfhumu onun halal xoşu olsun. Azadlıq ona məxsusdur. Mənim üçün bu gün Azərbaycanda bir sürü kölə yazarlar var. Yaşından, cinsindən asılı olmayaraq, hamı eyni ritmi, eyni mövzunu kullanır. Hamı Azərbaycan xalqının problemlərini eyni yerdə görür, eyni cürə izah edir. Bu gün bütün Azərbaycan şairləri eyni şeirləri yazırlar. Bilirsinizmi, niyə? Bu kölələrin, qorxaqların işidir ki, instinkt olaraq onlar zəif və səviyyəsiz, şübhəçi olduqlarından, özlərini güclülərdən qorumaq üçün bir olmaq, eyni olmaq, bir-birinin içinə girib gizlənmək istəyirlər. Amma Azad, Ass şair, ortada durub, heç nəyi vecinə almır. Bir şeiri min əllə yazmır, bir əllə yazıb çəkilib durur qıraqda.
Bu gün isə azadlıq köləlik deməkdir. Azadlıq sözü ictimai, siyasi, qlobal anlamda təhlükəli sözdür. Söz öz mahiyyətini dəyişdi. Sən özün qazanıb əldə etmədiyin nemət sənin deyil, sən özün qazanıb əldə etdiyin şey sənindir. Bizlərə isə azadlığı təşkil edir, verirlər. Ona görə də bu yerdə azadlıq kəliməsi ironik çalar qazanır, sonra isə iç, batini qatında kölə mənasını verir.
Bir zamanlar böyük, od, işıq anlamı verən bir işarə, yön, indi sönmüş, qaralmış ocaq kimi qarşımızda yığılır. Bizlər azad deyil, söndürülmüş ocaqlarıq. Azadlıq mənim anlamımca qandan daha çox, qələmlə, mürəkkəblə, düşüncəylə, fikirlə, inancla bağlı məfhumdur. Qan olan yerdə azadlıq oluşa bilməz.

Baxış sayı: 640