Şərhlər
21.09.2015 / 15:37

130 yaşlı yeganə dahimiz

130  yaşlı yeganə dahimiz
Əlisa NİCAT / İnform.az


Həm evdə, həm həyətdə ağaclarla, həm işdəki gərginlik, həm sayt üçün yeni yazılar hazırlamaq, həm də ölkəməzdəki gərgin durum başımı elə qatıb ki, ən adi şeylər belə yadımdan çıxır. Ona görə özüm də inana bilmirım ki, on yaşımdan bəri yəni yetmiş ildən bəri daim yanımda və əsərləri ilə birgə olduğum, bütün opera operetta və başqa musiqi əsərlərini əzbər bildiyim onlarla, nəfəs aldığım bir şəxsin, deyərdim ki, bəlkə də mənim dünyaya gəlməyinin səbəbkarı və ya səbəbkarlarından birinin doğum gününü yaddan çıxarmışam.
Bu hadisə ömrümdə birinci dəfədir ki, baş verir.
Söhbət Azərbaycan xalqınn varlığına haqq qazandıran dünayanın hər yerində ona az da olsa hörmət qazandıran yeganə və təkrarsız Üzeyir bəy Hacıbəyovdan gedir.
Gec də olsa, borcumu verib, vəzifəmi yerinə yetirirəm. Çünki nə qədər ki sağam, Üzeyir bəyin hər doğum gününü yeni bir yazı ilə qeyd etməliyəm.
Mən Üzeyir bəy haqqında “İşıq saçan insan” adlı povest bir neçə hekayə, üç-dörd şeir və nəhayət əlliyə qədər məqalə və esse yazmışam. Oxucularıma xəbər verim ki, külliyatımın bütöv bir cildi həmin povest və hekayələrdən başqa tamamilə Üzeyir bəyə həsr olunacaq. Kitab hazırdır və öz növbəsini gözləyir.
Üzeyir bəy elə şəxsiyyətlərdəndir ki, yerində doğulmadı, elə yerdə doğuldu ki, ona heç tələbat da yox idi. “Leyli və Məcnun” operasının, “Arşın mal alan” və “O olmasın bu olsun” operettalarının şöhrətinə baxmayaraq, Üzeyir bəy 1920-ci il aprel çevrilişindən qabaq da, sonrada layiq olduğu şöhrəti və qiyməti almadı.
Şanlı Mir Cəfər Bağırov Üzeyir bəyi komminist canavarlar və fanatiklərdən nə qədər qorusa da onun, SSRİ Ali Sovetinin deputatı və Milli Akademiyamızın həqiqi üzvü etsə də, üç böyük vəzifəni ona tapşırsa da, böyük bəstəkarın heykəli sağlığında qoyulmalı idi.
Lakin ona qarşı ədalətsizlik ən çox Mir Cəfər Bağırovdan sonraki dövrdə baş verdi yəni o, Azərbaycan Radiosu (indi isə radioları), Televizyası( indi isə telekanalları) tərəfindən hər gün öz musiqisi ilə yad edilməlidir. Amma nəinki hər gün hec doğulduğu gündə belə, yad edilmir.
Mədəniyyət naziri cənablarına bir necə dəfə müraciət etsək də hörmətli cənab Əbülfəs Qarayev bu müraciətlərin heç birinə cavab verməyib. Söhbət Üzeyir bəyin unudulmuş bir şedevrinnən – “Şah Abbas və Xurşudbanu” operasından gedir. Bu parlaq sənət möcüzəsi 1930- cu ildən bəri səhnəyə qoyulmur. Sovet dövründə bu bir qədər çətin olsa da, ideologiya buna imkan verməsə də, müstəqil Azərbaycanda bu operanın yenidən tamaşaya qoyulmaması ən yumşaq desək təəccüb doğurur. Eləcə də Üzeyir bəyin misilsiz kantataları. Mətnlərinə bir balaca əl gəzdirilsə, bu gözəl kantatalar yenidən ifa olunub milyonlarla Üzeyir sevənleri xoşbəxt edərdilər.
Bütün bunlara baxmayaraq, Üzeyir bəy bu gün bütün canlılardan daha canlıdır.
Mən hər dəfə onun adını daşıyan konservatoriyanın qabağından keçəndə bir anlıq onun tunc üzündəki nura baxıb xoşbəxt oluram. Çünki Üzeyir bəyin xoşbəxtliyi həm də mənim xoşbəxtliyimdir.

Baxış sayı: 374