Baş xəbər, Siyasət, Müsahibə
21.09.2015 / 11:47

“5-ci kolon” məsələsi həqiqətdir və yeni deyil

 “5-ci kolon” məsələsi həqiqətdir və yeni deyil

Musa Quliyev: “Sürətlə inkişaf edən Azərbaycanı islamın digər sivil dövlətləri kimi qəbul etmək və görmək istəmirlər”

Seçki vaxtı getdikcə daralır. Artıq bir çox namizədlər imza vərəqələrinin doldurulması prosesinə start verməyə hazırlaşır. Ümumi mənzərə prosesin nizamla getdiyini göstərir. Lakin müəyyən “yan reaksiyalar”ın olması heç də vəziyyətin göründüyü kimi asan, sakit olduğunu deməyə əsas yaratmır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyevin İnform.az-a verdiyi müsahibədə bəzi mübahisəli nüanslara da toxunduq.


“Başqa partiyaların və bitərəf namizədlərin seçki fəaliyyətini o qədər də yaxından izləmirəm”


- Musa müəllim, bəllidir ki, YAP-ın namizədi olaraq seçkilərə qatılacaqsınız. Sizcə seçki ilə bağlı işlər necə aparılır?

- YAP Siyasi Şurasının üzvü kimi təmsil olunduğum 40-cı dairədən namizədliyim verilib. Bu gün başqa partiyaların və bitərəf namizədlərin seçki fəaliyyətini o qədər də yaxından izləmirəm. Amma Yeni Azərbaycan Partiyası barədə onu deyə bilərərm ki, partiyamız həmişə olduğu kimi, seçki prosesini çox fəal, təşkilatlanmış, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirir. Bütün dairələrdə səlahiyyətli nümayəndələr namizədlərlə birgə işləyir və artıq sənədlərin hazırlanaraq dairələrə verilməsi mərhələsinə başlıyıb. Yaxın 2-3 gündə imza vərəqələrinin doldurulması, daha sonra isə növbəti mərhələlərdə işimizi davam etdirəcəyik. Seçki prosesi qəbul olunmuş, təsdiqlənmiş qaydalar üzrə gedir. Namizədliyin, sənədlərin verilməsi, təşkilati işlərdə hər hansı problem və əngəl yoxdur.

“Bu, Azərbayacanın bir türk və müsəlman respublikası olmasını həzm etməyən qüvvələrin şantaj cəhdləridir”


- Musa müəllim, son vaxtlar ATƏT-in müşahidəçi missiyasının Azərbaycandakı seçkiləri müşahidə etməkdən imtina etməsinin ardınca Avropa Parlamentinin ölkəmizlə bağlı son qərarı seçki ərəfəsində bir narahatlıq yaratdı. Bu cür yanaşmalar seçkilərə hansı təsirlərini göstərə bilər?

- ATƏT-in, eləcə də Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qərarları bizim daxili vəziyyətlə bağlı deyil. Bu, həmin təşkilatların özlərinin daxili problemidir. Çox təəssüflər olsun ki, bu gün Avropada bir islamofobiya var və onlar sürətlə inkişaf edən Azərbaycanı İslamın digər sivil dövlətləri kimi qəbul etmək və görmək istəmirlər. Baxın, son vaxtlar Türkiyədə çox ciddi terror aktları baş verir, ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər edilir. Eləcə də İŞİD məsələsi, müəyyən radikal dini qruplaşmaların aktivləşməsi, bunlar hamısı bir mərkəzdən qaynaqlanır. Bu, Azərbayacanın bir Türk və müsəlman respublikası olmasını həzm etməyən qüvvələrin şantaj cəhdləridir. Əslində Avropa İttifaqı Parlamentinin qəbul etdiyi qərarı Milli Məclisdə müzakirə elədik və bir daha göstərdik ki, orda reallığa uyğun olan heç nə yoxdur. Hamı bilməlidir ki, bu gün dünyada bir İslam xofu var və Avropanın bəzi qruplarında müsəlman dövlətlərinin, xalqlarının inkişafını görmək istəməyən qüvvələr var. Hələ seçki məcəlləsi qəbul olunarkən bizə çoxsaylı təkliflər verilmişdi ki, onların hamısı məcəllədə öz əksini tapdı. İndi isə deyirlər ki, Azərbaycanda insan haqları pozulur və guya buna görə də seçkini müşahidə etməyə gəlmirlər. Bunlar hamısı mənası olmayan şantajdır. Seçkinin taleyini Azərbaycan xalqı həll edir və Azərbayacan xalqı da öz sözünü deyəcək.

“İndiki şəraitdə heç bir xarici təsirlərin nəticə verməsi mümkün deyil”


- Xarici təsirlərin ölkədəki dayaqları hesabına seçkilərdə vəziyyəti gərginləşdirmə ehtimalına necə yanaşırsınız?

- “5-ci kolon” məsələsi həqiqətdir və yeni deyil. Cənab Prezident də son müşavirədə bu barədə öz fikrini bildirdi. Bu kolon 2013-cü il prezident seçkilərindən başlayaraq bir neçə müxtəlif partiyaları vasitəsiylə təxribatlara əl atmağa cəhdlər göstərib. Amma, Azərbaycan dövləti kifayət qədər güclüdür, Azərbaycan xalqı Prezidentin ətrafında kifayət qədər sıx birləşib, ona inanır və dəstəkləyir. Əsas məsələ budur. Çünki təxribatçı qüvvələr həmişə olub, amma indiyə qədər heç bir uğurları olmayıb və bundan sonra olmayacaq. Onlar seçkilər dövründə hansı təxribatlara əl ata bilərlər?! Azərbaycanda kifayət qədər seçki təcrübəsi var və hər şey qanun çərçivəsində gedir. İndi 1990-cı illərin dövləti deyil. Azərbaycan həm hüquqi-siaysi, həm iqtisadi-inzibati müstəvidə inkişaf dayaqları üzrində qurulmuş bir ölkədir. İndiki şəraitdə heç bir xarici təsirlərin nəticə verməsi mümkün deyil.

“1-2 belə partiyanın seçkilərdə iştirak etməməsi seçkiləri boykot anlamına gətirib çıxa bilməz”


- Musa müəllim, adıçəkilən beynəlxalq təşkilatların Azərbaycana qərəzli çıxışlarından sonra ADP seçkilərə qatılmaqdan imtina etdi. Milli Şura, Azadlıq Partiyası isə başdan bəri parlament seçkilərini boykot taktikasını önə çəkdilər. Sizcə bu hal seçki prosesində nəyi dəyişə bilər?

- Onlar seçki prosesinə təsir etmək gücündə deyillər. Bu gün Azərbaycanda 40-dan çox siyasi partiya var və onların çox hissəsi də seçkilərə qatılır. Bəzi partiyalar da var ki, seçkilərə qatılmırlar. Hesab edirəm ki, bu, həmin partiyaların öz potensialını, gücünü, seçkidəki müvəffəqiyyət qazanma imkanlarını götür-qoy edəndən sonra gəldikləri nəticədir. Ona görə də hər kəs seçkilərə qatılıb-qatılmamaqla bağlı müstəqil qərar verə bilər. Kim namizədliyini irəli sürmürsə, bu onların daxili işidir. Heç kəs kiməsə deyə bilməz ki, nəyə görə seçkilərə qatılmırsan. Azərbaycan Parlamentində 11 partiyanın nümayəndəsi və bitərəf insanların böyük bir bloku təmsil olunur. İndi də parlamentdə təmsil olunmayan bir çox partiyaların nümayəndələri öz namizədliklərini irəli sürüblər. Amma bu hal bütövlükdə Azərbaycan siyasi mühitinin palitrasına mənfi təsir göstərmir. Çünki kifayət qədər çoxsaylı partiyalar var və onların nümayəndələri seçkilərdə iştirakl edirlər. 1-2 belə partiyanın seçkilərdə iştirak etməməsi seçkilləri boykot anlamına gətirib çıxa bilməz. Bu o zaman boykot anlamına gələ bilərdi ki, Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi qurum və bitərəflər seçkidə iştirak etməsin. Onda bir narahatedici məqam ola bilərdi. İndiki halda heç bir boykotdan söhbət gedə bilməz. O ki qaldı Milli Şuranın aksiyalarına, düşünürəm ki, bunun da heç bir əhəmiyyəti, mənası olmayacaq.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 481