Baş xəbər, Mədəniyyət, Müsahibə
19.09.2015 / 14:17

“Cəbhəçi" olsaydım, Elçibəy mənə də ad verərdi"

“Cəbhəçi" olsaydım, Elçibəy mənə də ad verərdi"
Süleyman Abdullayev: “Bu sualı mənə yox, Əbülfəs Qarayevə verin”


“Ömrü boyu qazandığımdan yetim-yesirə də pay verdim”



“Ötən günə gün çatmaz...” layihəsində xanəndə, Azərbaycanın Əməkdar artisti Süleyman Abdullayevlə üz-üzə:

- Necəsiniz Süleyman dədə. Səhhətinizi, əhvalınızı yaxşı görmədim. Əsəbisiniz yaman. Nəsə problem var?

- Xoş gəlmisən, qızım. Həqiqiətən çox hirsliyəm. Bilirəm indi deyəcəksiniz bu Süleyman dədə niyə belə qonaq qarşılayır. Sadəcə təsadüf oldu. Bu insanalara üz verəndə niyə səndən istifadə edirlər bilmirəm. Belə iş olar. Qonşu gəldi ki, dədə Süleyman, olarmı bir pəncərə açım sizin həyətiniz tərəfə? Mən də dedim ki, ayıbdır, necə “yox” deyim. Biz həmişə eşitmişik ki, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır, - deyib dədələr. Amma bax, bu qonşu indi məni özümdən çıxarıb. Bu yaşdan sonra bir pəncərə üçün evimi satım. Kişi də pəncərəni düz mənim mətbəximə tərəf açıb. Evimdə danışanı eşidir, evində danışanı eşidirəm. Belə olmaz axı. Nə isə, onu həll edəcəyəm. Boş verək, keçək mətləbə. Mən hələ o qədər qocalmamışam. (gülür)

“Bu sualı mənə yox, Əbülfəs Qarayevə verin”


- Ömrünün yarıdan çoxunu muğama həsr edən, el arasında “Dədə” ləqəbi ilə tanınan bir sənətkar kimi, sizə olan diqqəti qənaətbəxş hesab edirsinizmi?

- Bilirsiniz qızım, olan olub, keçən də keçib. Daha desəm nə faydası var, deməsəm nə faydası. Bir də qızım, o sualı mənə çox adam verir . Ay qadasın alım, bu sualı mənə yox, Əbülfəs Qarayevə verin.
Bu yaşıma kimi kişi kimi yaşamışam. İndi bir ad üçün gedim qapılarda qalım? Allah Heydər Əliyevə rəhmət eləsin, nə yaxşı mənə Prezident tədaüdü ayırıb vaxtında. Yoxsa… Dövlətdən nə ev almışam, nə də başqa mükafat. Özümə də bu günə kimi qaranlıq qalıb ki, niyə mən Xalq artisti adı almadım. Xalq artistləri Prezident təqaüdü almayanda mənə mərhum prezident fəxri adım olmadan prezident təqaüdü ayırdısa, niyə Xalq artisti adı mənə verilməsin? Nəvələrim yaşında olan gənclər Xalq artistidir mənsə…
Bundan sonra heyf desəm də, deməsəm nə faydası. Əsas xalq məni sevir. Mən xalqın dədəsiyəm. Bu dədəliyin qarşısında məncə bütün titullar sönər.

- Əməkdar artist adını da çox gec aldınız. Onu da Zeynəb Xanlarovanın təşəbbüsü ilə?

- Düzdür keçən ilin sentyabrında Zeynəb Xanlarovanın təşəbbüsü ilə aldım bu fəxri adı. Çıxdı efirdə dedi ki, uşaq-muşağa xalq artisti adı verirlər, amma Süleyman Abdullayevin hələ adı yoxdur. Ondan sonra mənə Əməkdar artist adı verdilər .

- Belə deyirlər ki, siz “cəbhəçi” olmusunuz deyə sizə fəxri ad verməyiblər?

-Elə mən də belə düşünürəm ki, bu günə kimi fəxri ad almamağımın səbəbi də budur. Həyatda heç nə gizli qalmır. Yalan da doğruya yapışmır. Nə qədər mənə böhtan da atsalar, yapışmaz. Açıq deyirəm ki, heç vaxt “Cəbhəçi” olmamışam. Əbülfəz Elçibəylə ömrümdə bircə dəfə görüşmüşəm, o da toyda oxuyanda. Elçibəy prezident olanda hamıya ad verdi, mənə vermədi.

“Heydər Əliyev dedi ki, otur ərizə yaz hansı partiyanın üzvüsən”


- İndi də deyirlər ki, müsavatçısınız?

- Mən xanəndəyəm, məclisə çağırırlar gedib oxuyuram. Mən hardan bilim ki, bu məclisdə “Müsavatçı”, ya da “Cəbhəçi” var. Məni istəməyənlərin işidir. O vaxt mənə təqaüd verəndə xeyli yoxladılar məni. Heydər Əliyev dedi ki, otur ərizə yaz hansı partiyanın üzvüsən, onu da qeyd elə. Yazdım ki, bizim nəsildə partiyaya üzvü olan yoxdur, mən də partiyaçı deyiləm. Heç Sovet dövründə də partiyaçı olmadım. Heydər Əliyev yoxlamalardan sonra dedi ki, “Aşağıdakılar vicdansızdır”.
Yalan şaiyələrlə məni yıxmağa çalışdılar, amma yıxılmaram. Düzdür, yaşıma görə qıvrağam, əldən düşməmişəm. Amma cavanlıq şəkillərimə baxanda hərdən özüm də özümü tanıya bilmirəm.

- Süleyman Abdullayev bu gün gənclərdən razdırmı?

- Çox istedadlı gənclərimiz var. Məsələn, Qoçaq Əsgərov cavan olsa da 38-40 ölkədə muğamımızı təbliğ edib. Mən onunla fəxr edirəm. Gənclər bizim muğamlarımızı yaşadırlar. Opera və Balet Teatrının səhnəsində də çox gözəl səsi olan gənclərimiz var. Mən başqaları kimi gəncləri tənqid etməyi xoşlamıram. Onlara arxa -dayaq olmağa çalışıram, həvəsdən salmağa nə var ki. Gəncdirlər, qüsurları da ola bilər. Zamanla o qüsurları da aradan qaldıracaqlar. Güya biz elə hər şeyi yerində eləmişik. Gənclərə yol açmaq, şərait yaratmaq, onları ruhlandırmaq lazımdır.

- Söhbət müsabiqədən düşmüşkən. İllərin ustad sənətkarı Dədə Süleymanı niyə müğam müsabiqələrində münsif kürsüsündə görünmür, yoxsa dəvət almır?

- Muğam kürsüsündə bizim çox dəyərli sənətkarlarımız əyləşiblər. Ola bilsin ki, gələcəkdə dəyişiklik olar, məni də dəvət edərlər, məmuniyyətlə iştirak edərəm. Ancaq seçimə qalanda, onu deyim ki, mən də yerimdə seçim edirəm. Çox vaxt mənim seçdiyim, qiymət verdiyim iştirakçıyla münsif kürsüsündə əyləşən sənətkarların verdiyi qiymət üst-üstdə düşür. Muğam oxuyanların hərəsinin öz zövqü var. Müsabiqələrin birində rəhmətlik Qədir Rüstəmovu yamısılayan oğlan o vaxt onluğa düşmədi. Bunu çox sərt qarşılmağın əleyhinəyəm. Belə xanəndələr bizim dövrün xanəndələri arasında da olub. Məsələn, Teymur Mustafayev oxumağa başlayanda rəhmətlik Ağabala Abdullayevi yamısıladı və onunla da tanındı, sevildi. Həm Teymur sevildi, həm də o oxuyanda Ağabala yada düşdü. Rəhmətlik Hacıbabanı da Tələt Qasımov yada salır. O da onun yolu ilə oxuyur. Burda pis nə var ki?

“Azadlıq soyunub efirə çıxmaq, ağzına gələni danışmaq demək deyil”


- Bu gün sənət aləminə əsasən də estrada ifaçılarına kənardan baxanda hansı hissləri keçirirsiz?

- Bu gün estrada ifaçılarımızda çox böyük qüsurlar var. Efirlərdə bir-birilərini qırırlar. Mənim onlara acığım tutur. Çıxıb efirdə - “mən belə ərə getdim, belə ev aldım, belə boşandım” danışırlar, biabırçı tərzdə sənətdə qalmağa çalışırlar.Təbii onların işinə sənət demək olarsa. Onların fikrincə azadlıq bu tərzdə yaşamaqdı. Azadlıq ölkənin azadlığıdır ki, şükür onu da əldə etmişik. Daha azadlıq soyunub efirə çıxmaq, ağzına gələni danışmaq demək deyil. Bu Azərbaycan xalqına təhqirdir.

- Sənətkar haqqında danışanda ilk növbədə onun qoyduğu məktəb yada düşür. Bəs sizin yolunuzun davamçıları var?

- Heç vaxt pedaqoji fəaliyyətim olmayıb. Evə fərdi olaraq bir çox gənclər yanıma gəlir, məsləhət alıb gedir. Bildiklərimi gənclərdən əsirgəmirəm. Onların əksəriyyəti mənim etdiyim yaxşı boğazları, keçidləri edirlər. Buna görə də hesab edirəm ki, davamçılarım var. Bir neçə dəfə müəllim kimi Konservatoriyaya, Asəf Zeynallıya dəvət etdilər. Ancaq işlərimlə, ailəmlə bağlı çatdıra bilmədim. İndi də vaxtım var, ancaq yaşım o yaş deyil. Həm də həvəsim, səbrim yoxdur.

- Cəbhə bölgələrində könüllü konsert verən sənətkarlardansız...

- Cəbhə bölgələrində konsert verirəm. Ağdamda cəbhə bölgəsində erməni ilə yüz metr məsafədə konsert verdim. Mən o cəbhənin adamı idim. Haqq gec-tez yerini tutacaq. Dədə adını niyə veriblər mənə?! Adama elə-belə Dədə adı vermirlər. Üç yüzdən çox məcburi köçkün toyunda təmənnasız oxumuşam. Ömrü boyu qazandığımdan yetim-yesirə də pay vermişəm.

“Seyid Şuşinskiyə dedim ki, Ağa, məni əsgərliyə aparırlar”


- Vətəni belə sevən bir oğul niyə əsgər getməyib?

- “Povyazka” (çağırış vərəqi) gəldi. Onda texnikumda oxuyurdum. Gəlib Seyid Şuşinskiyə dedim ki, Ağa, məni əsgərliyə aparırlar. O vaxt Hərbi Komissarlıq düz bizim məktəbin yanında idi. Rəhmətlik dərsin axırında durdu məni də götürüb Hərbi Komissarlığa apardı. Seyid mayor Əli Əliyevə dedi ki, bu mənim axırıncı tələbəmdir. Mən bilirəm ki, bu çox yaxşı xanəndə olacaq. Amma əsgər getsə, bunun səsi batar. Mayor dedi - Ağa belə edək, Ramanada mənim bacımın toyu olacaq. Maşın göndərəcəm, Süleymanı da götürüb gələrsən toya. Yaxşı oxusa, əsgərlikdən saxlayacam. Getdik toya. Ağa oxudu. Sonra mənə işarə etdi ki, mən oxuyum. Mən də oxudum. Toy bitdi, biz maşına minib getdik. Yolda Ağa mənə dedi: “Süleyman, bilirsən, əsgərlikdən qaldın”. Dedim Ağa, necə yəni qaldım?! Dedi: “Əliyevin anası gəldi dedi ki, sən bu uşağı əsgərə aparsan südümü sənə haram edərəm”.

- Əsgərliyə getmədiyiniz üçün çox peşmançılıq çəkdiniz?

- Bəli, sonra əsgərə getmədiyim üçün çox pis oldum. Çünki o vaxt əsgərə getməyən oğlanlara pis baxırdılar. İndi əsgərlərin içində ona görə tez-tez oluram ki, o peşmançılığımı ört-basdır edim. Əsgərlərə həmişə həsrətlə baxmışam.

- Ötən günlərə çevrilib baxanda ən çox nəyə heyslənirsiniz?

- Eeee, çox peşmanlıqlarım var... Amma məni ən çox yandıran odur ki, konsertlərdə, toylarda oxuduğum muğamları lentə aldırmadım.

- Bu yaşınızda özünüzə nə arzu edirsiz?

- Arzularım olub, pis-yaxşı yerinə yetib. Amma ən möhtəşəm arzum Qarabağımızın qansız-qadasız qaytarılmasıdır. Ancaq və ancaq Qarabağı düşünürəm. Həftədə bir dəfə Qoçəhmədli kəndini yuxumda görürəm. Allah bir az da ömür versin, gedim o torpaqlardakı bulaqdan bir içim su içim. Orda ölüm, məni o torpaqda dəfn etsinlər.

- Dədə adıyla sizə qırx beş yaşınızdan müraciət edirlər. Bununla bağlı bir hadisə varmı?

- Vallah, o adı mənə qoyanda heç qoca deyildim. Qırx beş yaşım olardı. Bir tanış tələbəni institutdan qovurdular. Getdim rektorun yanına, sözümü yerə salmadı. Həmin tələbənin atası dedi ki, dədə belə olar ey... Elə ondan da adım qaldı Dədə. Özünü öymək olmasın, ömrüm boyu yaxşılıq eləmişəm. O zəng eləyib, Dədə, filan işim çıxıb, kömək elə, bu zəng eləyib, Dədə, filan problemim çıxıb, kömək elə. Hamının da işinə yaramışam. Hər il yalan olmasın iyimi beş qaçqının toyunu aparıram. Birindən də bir qəpik götürmürəm. Yəni, bu Dədə adını mən elə-belə qazanmamışam.


Aysel TALIBQIZI / İnform.az


Baxış sayı: 901