Şərhlər
19.09.2015 / 13:21

2015: "Nuhun gəmisi"nin sərnişinləri

2015: "Nuhun gəmisi"nin sərnişinləri

Aqil CAMAL / İnform.az


... Yer üzünü su basacağı təhlükəsinin getdikcə yaxınlaşdığını görən Nuh Peyğəmbər böyük bir gəmi inşa edir. Gəmiyə bütün canlılardan (o cümlədən Adəm övladı) erkək və dişi olmaqla bir cüt damazlıq götürür. Və beləcə, Tanrının yer üzünə bəxş etdiyi məxluqatı tamamilə məhv olmaqdan xilas edir.
Bu baxımdan bütün canlılar, eləcə də Adəm övladı 2015-cu ilin sentyabrına gəlib çıxdıqlarına görə Nuh peyğəmbərə minnətdardırlar. Tanrı bir də dünyanı belə qlobal fəlakətlə üz-üzə qoymasın. Amin.
Di gəl ki, bu gün paytaxtımız Bakıda yaşanan hadisələr adama Nuh əyyamını xatırladır. Xüsusən də, insanların nəqliyyat vasitələrinə münasibəti...
İctimai nəqliyyatdan istifadə edən paytaxt sakinləri avtobuslara, metro qatarlarına elə yanaşırlar ki, sanki, dünya Nuh əyyamında olduğu kimi yenə də suya qərq olacaq, içərisi dop-dolu olan avtobusa və ya metro vaqonuna minməsələr bu insanlar da suyun altında qalacaqlar. İndi hər bir avtobus, hər bir metro qatarı əksər sərnişinlər üçün "Nuhun gəmisi" timsalındadır.
İnsanlarımız nə başqalarına, nə də özlərinə hörmət edirlər. Ağzına qədər dolu olan avtobusa və ya vaqona özlərini elə yerləşdirirlər ki, burada artıq insan daşımaçılığından söhbət gedə bilməz. Sürücülərə "Bu qədər adamı hara yığırsan?" iradının şablonlaşmış cavabı var: "Xoşun gəlmir, düş taksi ilə get". Yanlarında saxladıqları "pul yığanlar" da öz "səviyyələrində".
Qarşısındakının qadın, qoca, ziyalı olmasının fərqinə varmadan hamı ilə sayğısızcasına rəftar edirlər.
Haqqında danışdığımız mənzərə dostlarla tez-tez müzakirə etdiyimiz mövzudur. Çünki, bu vəziyyətlə hər gün qarşılaşırıq. Qatar metro stansiyasında dayanır. Əslində, qayda belədir: əvvəl içəridəkilər düşməli, sonra bayırdakılar vaqona minməlidir. Hazırda cəmiyyətimizdə hökm sürən səviyyəsizlik bu qaydanı da ayaq-baş edib. Sən tələsmə, qoy bayırdakılar qatara minsinlər, sən vaqondan düşə bilməsən də olar. Qarşıdakı stansiyada düşüb geri qayıda bilərsən…
Axı sivil dünyada bu yaşam tərzi yoxdur. Burada başqa qaydalar hakimdirsə, demək sivil dünyadan kənar düşmüşük. Bizdə bu səviyyəsizlik təzə məsələdi, 5-10 ilin söhbətidi. Maddiyyata susamış insan kütləsi, cibinə bir qəpik də girməyəcəyi məsələlərə belə acgözlüklə yanaşır, dolu bir avtobusa və ya metro qatarına minməyəndə, bunu özü üçün itki hesab edir. Oturmaq üçün yer əldə etmək üçün özünü "şəhid" edənlər var.
Yola saldığımız həftənin əvvəlində Sumqayıtdan Bakıya doğru hərəkət edən mikroavtobusun qəzaya uğraması ilə yaşanan faciə ölkəmizə sərnişin daşımanın hansı səviyyədə olduğunu bir daha ortaya qoydu. Bir tikə çörək dalınca evindən çıxıb ünvanına tələsən insanlar hansısa məsuliyyətsiz, nadan sürücünün sürət ehtirasının qurbanı oldular.
Axı insanlar hara tələsirlər? Dolu bir avtobusu bu qədər sürətlə idarə etmək ehtiyacı nədən qaynaqlanır?
"Keçid dövrüdür, keçib gedəcək" deyə-deyə insanlar cılızlaşır.
Bəşəriyyət xəlq olunandan bəri ibtidadan aliyə doğru yol gəlib, formasiyalar dəyişib. Ancaq bu gün Azərbaycanda alidən ibtidaya bir geri dönüş başlayıb. Allah millətimizi (bu yoldan) saxlasın!

Baxış sayı: 458