Şərhlər
18.09.2015 / 17:04

Habil kaman savaşı

Habil kaman savaşı
Xanəmir TELMANOĞLU / İnform.az

(4 il öncə evində görüşdük və xeyli söhbətimiz oldu. unudulmaz habil müəllimlə o görüşdən aldığım təəssüratı elə o gün dəftərçəmə köçürmüşdüm)

O ağac kimi də bitsəydi, su kimi də axsaydı, yenə Habil Əliyevin istedadını daşıyacaqdı.Buludlar kimi dolub yağsaydı, yollar kimi uzanıb getsəydi, yenə Habil Əliyev adlı zamanın dev bir sənətkarının alın yazısını daşımalı olacaqdı.
Eləcə günlərin şah bir günündə Ağdaş torpağının ab-havasını dünyanın ab-havasına calayır. Habil kaman Ağdaş qədər qədim və əzəli bir yurddan betər olur.
Ailədə 11 uşaq böyüyürdü. Bu uşaqların içində bir ocaqdan ayrılıb öz alov dilləri ilə göylərə bülənd olan Habil, bütün reallıqları varlığında yandırıb-yaxacaqdı.
Barmaqları iy bilirmiş kimi gedib gözdən –könüldən uzaq kaman adlı bir musiqi alətinin simlərini tapır. Qohumlar əlində kamanı inlədən bu balaca uşaqdan deyəsən narahat olmağa başlayırlar.” bizi kamançası ilə biabır edəcək, bu uşaq”- deyirlər.
Hələ Ağdaşdadır. Barmaqları nə qədər musiqi alətinin simlərində var – gəl edirsə, bütün bədəni də bu səhnədə onu seyr edənlərin üzündə təbəssüm, maraq, gözlərində vurğunluq nişanəsi qoyur. O, bəlkə də ifa olunan havadan çox, içində qaynayıb daşan havaya oynayırdı.
Anası musiqi vurğunu bir xanımdır. Övladlarının həvəsini gözündə qoymur. Oğlunun birini tara, birini isə kamança sinifinə yazdırır.
Habil müəllimin öz etirafları var. O bilirdi ki, bu əzablı, çətin yolda üzə çıxmaq o qədər də asan olmayacaq. Eləcə də olur. Sözsüz ki, son dərəcə istedad sahibiydi. Ancaq ona çıxdığı bu yoilda dəstək vermək, uğurlarını görüb qiymətləndirmək lazım idi.
İkinci dünya müharibəsi çox evləri başsız, çox ocaqları odsuz qoydu. Atası müharibəyə yollanır. Bu bəs deyilmiş kimi qardaşlarından biri də müharibəyə gedir. Nə atası,nə qardaşı o odun alovun içindən bir daha geri dönmür.
Habil əliyev Ağdaşdan Bakıya gələndə bakıda əksər kamança çalanlar ermənilər idi. Yad əllərdə doğma haqqı, bərəkəti, mənəviyyatı görmək hər oğlun işi deyil. Habil müəllim yad əllərdən kamançanı kişi kimi almağı bacardı.
Habil müəllimin gördüyü digər bir vəhşət də vardı. Erməni sənətkarlar kamançada muğamın başına min oyun açırdılar. Onu ironiya edir, ələ salırdılar.
O bizə muğamı başqa bir ehtiramla qaytardı. Bu gün onun kamançasından muğamlarımızı dinləyən dost da, düşmən də məcburən bu millətin mənəvi səltənətinə etiram nümyiş elətdirir.
Çünki muğamlarımız bizim həqiqətimizdir. İlahi yaxşılıqlarımızdır.
Kimləri müşaiət etməyib ki, Habil müəllim? Hansı möhtəşəm sənətkarlarımızla musiqimizin ölməzliyinə imza atmayıb ki? Həm də kimlərdən sayğı, izzət görməyib ki? Musiqi ərazilərimizin sahibi Xan əmi də vardı.
Fikrət Əmirov isə onun yaratdığı musiqini bilirsinizmi nəyə bənzədib? Qısa, yığcam, amma aləmlərə meydan oxuyan bir məna. “Onun ifa elədiyi musiqi cənnətdən gələn səsdir”.
Habil Əliyevin qəbul eləyə bilmədiyi məsəllər az deyil. Bəzilərinin musiqimizi zay eləməsi, bəzilərinin gözdəın salmasına heç cürə dözə bilmir.
Səsin vurğunu olan, sözün mahiyyətini də anlayar. O Füzulinin də vurğunudur. Bir damladan dəryanın dadını bilən kimi, bir misradan Füzulinin dünyasını dərk eliyəndir.
Tanrı ona səsləri ayırd eləmək imkanı verir. Səslərin dibinə enir. Kamançasındakı səslərə nəsə əlavələr etmək onun varlığını gecə-gündüz tərk eləmir.
Bu da atdığı addım. Kamançanın səsini apardığı eksperimentlərlə dəyişir. Kamançanın səsinə ürəyinin səsini qatır. İndi bu alətin çıxardığı haray ruhumuzun dilinə çevrilib.
Onun haqqında çox söz demək mümkündür. Heç indiyə kimi az deyilməyib də. Ancaq deyilənlərin başında bir fikir də gəlir: Habil Əliyev kamançanı Azərbaycan musiqisinin milli aləti eləməyi bacardı.
Başı çox bəlalar çəkib. Ona qarşı haqsızlıqlar az olmayıb. Habil müəllimin də bu qaragüruhdan, onların qaramatından zara gəldiyi anlar zamana sızğmaz. Ancaq bu cür sənətkara qarşı yanlış addımlar atanlar bilmirlər ki, onların addımları, xalqın ruhuna atılan daşlardır.
O kimdir balaca bir musiqi alətinin başına aləmlərin oyununu açan. O kimdir eləcə kimliyini və kimliyimizi bir alətin simlərindən dünyaya car çəkən. O kimdir barmaqlarının ucunda simləri tarıma çəkib iki dünyanın sərhəddini pozan? O kimdir beləcə cinayət törədən?

İyun, 2011

Baxış sayı: 552