Araşdırma, Şərhlər
18.09.2015 / 17:00

İlkin “Avesta’’ kəsin olaraq Türk abidəsidir - I yazı

İlkin “Avesta’’ kəsin olaraq Türk abidəsidir -
Aydın MƏDƏTOĞLU / İnform.az


İlkin “Avesta’’nın vətəni Azərbaycan, dili və əlifbası qədim Türklərin dili və əlifbası, müəllifi Azərbaycan Türkü Azərdüşt Peyğəmbərdir.
Fransız tədqiqatçısı E. Reklü tarixi mənbələrə əsaslanaraq göstərmişdir ki; “Zərdüşt dininin əsas ocağı həmişə Böyük Kahinin (Azərdüşt nəzərdə tutulur - A.M.) ölkəsi Atropatena olmuşdur ‘’ (Bax Elize Reklu , Çelovek i zemlya, t. I , SPbş. 1906, səh. 414).
İnsanlığı paklığa, təmizliyə, düzlüyə, həqiqətə, tək Tanrıya ibadətə səsləyən, Tanrını tək Yaradıcı Varlıq sayan, özü də tək tanrıya sitayiş edib. Onun şərəfinə nəğmələr qoşan Azərdüşt Peyğəmbərin ölümündən sonra onun müqəddəs kitabı olan ilkin “Avesta’’ nın başı bəlalar çəkmiş, saxtakarlar ona öz siyasətlərinə uyğun əlavələr etmiş, istədikləri fikirləri ondan çıxarmış, onu öz dillərinə tərcümə etdirərək öz fikir və mülahizələrini də ona əlavə etmişlər.
Tədqiqatçıların fikrincə, “Avesta’’nın tarixən üç mühüm mərhələdən keçərək günümüzə gəlib çatmışdır.
Birinci mərhələ “Avesta’’nın yarandığı eradan - II minillikdən əvvəl VI əsrə, yəni Midya imperatorluğunun süqutuna qədərki dövrü əhatə edir.
Məşhur Polyak alimi K. Kassoviç hələ XIX əsrin 60- cı illərində yazmışdı ki; “Avesta’’ kitabı fars tayfalarının bu ərazilərdə hələ müəyyən olunmadığı bir vaxta aiddir. “Avesta’’ adı ilə məşhur olan müqəddəs kitabın dili sözsüz ki, qədim parsların deyildir (Seçmələr bizimdir - A.M. Bax. Çetıre statyi iz Zend Avesti..., SPb., 1861, səh. XX).
“Avesta’’ nın ikinci dövrü iki mərhələdən ibarətdir. Birinci mərhələ ilk fars dövləti sayılan Əhmənilərin xəyanət nəticəsində saray çevrilişi edərək Midiya taxt-tacına sahib çıxmasından Makedoniyalı İskəndərin Əhməniləri tarix səhnəsindən silməsinə qədərki dövrü, yəni eradan əvvəl 550-331 - ci illəri əhatə edir.
“Avesta’’ ilk böyük təhrifə pars Əhmənilərin dövründə eradan əvvəl 558-330 - cu illərdə uğramışdır. Bu dövrdə hakim pars sülaləsinin göstərişi ilə “Avesta’’nın ilk variantından yararlanaraq ona öz adət-ənənələrini də əlavə edərək Pəhləvi dilində tərcümə etdikdən sonra əsil nüsxəni yandırmışlar. Makedoniyalı İskəndərin yandırdığı “Avesta’’ da məhz Əhmənilər dövründə Pəhləvi dilinə tərcümə edilən nüsxədir. Parslar tərəfindən təhrifə uğrayan “Avesta’’ nın ‘’Təxti Cəmşid’’ adlanan şəhərdəki şahlar kitabxanasında saxlanılan nüsxəsi Makedoniyalı İskəndər oranı işğal edərkən kitabxana ilə birlikdə yandırılmış, Şarikanda saxlanılan nüsxəni isə İskəndər Yunanıstana göndərib orada yunan dilinə tərcümə edildikdən sonra o nüsxə də yandırılmışdır. Herodot göstərir ki, Tanrılar üçün məbəd və mehrablar ucaltmaq, heykəllər yaratmaq perslərdə Zərdüştlüyü qəbul edənə qədər olmamışdır.
“Avesta’’ nın ikinci dövrünün ikinci mərhələsi Sasanilərin hakimiyyətdə olduğu bizim eranın 224-642- ci illəri, yəni Ərəblərin Sasaniləri tarix səhnəsindən sildiyi dövrü əhatə edir. Bizim eranın III əsrində Sasani Pers İmperiyası Azərdüştlüyü deyil, Atəşpərəstliyi rəsmi dövlət dini elan etmiş, yeni bir “Zəndi-Avesta’’ tərtib etmişlər. Sasani şahı II Şapur (ölümü 379-cu il) kahinlər kahini Azerbüd İspənd oğluna’’Avesta’’ nı təkmilləşdirib yenidən redaktə etməsini tapşırmış, bu iş yerinə yetirildikdən sonra Atəşpərəstliyi rəsmi dövlət dini elan etmişdir. Azərbüdün tərtib etdiyi “Zəndi-Avesta’’ona qədərki “Avesta’’ nın dörddə biri qədərdir. Bu dövrə gəlib çatanda əsil “Avesta’’nın təhrif edilmiş şəklidir.
“Avesta’’ nın üçüncü dövrü sasanilərin Ərəb Xilafəti tərəfinfən tarix səhnəsindən silinməsi ilə başlayır. Azərdüştlüyün bu mərhələsi onun süqutu mərhələsidir. Artıq bu dövrdə həm Azərdüştlüyün, həm də Atəşpərəstliyin yerini İslam dini tutmuşdur.
Beləliklə, Azərdüşt Peyğəmbərin dühasının məhsulu olan “Avesta’’keçən dövr ərzində çox böyük dəyişikliklərə məruz qalmış, bu əzəmətli abidədən günümüzə olduqca az bir qismi qalmışdır. Buna baxmayaraq, Şərqin və Qərbin çoxəsrlik ədəbi-bədii, elmi-fəlsəfi və dini təfəkkürün əsası olan “Avesta’’ məhz Türk Muğların, onların ulu Peyğəmbəri Azərdüştün dühasının, ağlının, zəkasının, müdrikliyinin məhsuludur.

Baxış sayı: 965