Şərhlər, Ədəbiyyat
18.09.2015 / 12:14

Nisgillə sonlanan yaşına qurban

Nisgillə sonlanan yaşına qurban
Xalidə Xalid / İnform.az


Ustada məktub


Salam, gözlərində Azərbaycan böyüklükdə dərdi uyuyan, ürəyində milləti böyüklükdə nisgili yatan, dodaqlarında demək istəyib, deyə bilmədiyi sözləri kilidlənən, alnının qırışları o taylı bu taylı vətəninə çəkilmiş tikanlı məftilləri xatırladan Şəhriyarım!
İyirmi yeddi ildir səni səndə axtaranları sənsiz qoymusan.
İyirmi yeddi il öncə Qüzey həsrətiylə gözlərini əbədi yumdun. Gözündə qalan çox diləyin oldu.
Qüzey dedin, Türkyə dedin, Süleyman, Bəxtiyar, Akif, Tofiq dedin, gözlərindən leysan kimi yaşlar axıtdın.
Qüzeyə də, Tükriyəyə də xəyali səfər etdin. Ümüdünü itirmədin, həsrətlə bir gün qardaş-bacılarına qovuşacağın günü gözlədin.
Amma, sən saydığını saysan da, fələk öz bildiyini saydı.
Təbrizdə doğuldun, Təbrizdə gözlərini Təbrizə yumdun. Adına “Şeir və hikmət sərrafı” dedilər...
Farsca yazdın, farsı misralarınla ram etdin.
Doğma dilində nəhəng bir əsər yaratdın “Heydərbabaya salam”. Bundan sonra dünyaya “Heydərbaba şairi” kimi tanındın.
Səni sən olaraq sevənlərin sayı artmağa başladı. Azərbaycan dilin bilən də, bilməyən də bu mənzuməni sevə-sevə oxudu və əzbərlədi.
Rahat ömür yaşamadın ustad... Çox acılar çəkdirdilər, çox məşəqqətlərə məruz qaldın. Amma, nisgilini də, dərdini də boxça edib ürəyinin gizli dolabında saxladın.
Həsrətini sətirlərə tökdün. Sanki onda rahatlayırdın.
Ustad, sənə bir sualım var?
Mən səni niyə sevdim, niyə sənə bağlandım? Niyə sənin yaşadığın çox haqsızlıqları da mən yaşadım.
Bunda da bir hikmət var deyilmi?
İki il öncə adına sığınıb Təbrizə yol aldım. İllərimin arzusu gerçəkləşdi sandım. Səni ziyarət edəcəkdim, Heydərbaba dağına qalxıb o zirvədən Təbrizimi seyr edəcəkdim. Etdim də...
Məzarın üstdə səninlə söhbətim, Heydəbabada isə Rəbbimlə bölüşdüklərim mənə təsəlli oldu.
Nədənsə hər kəs “Heydərbaba kiçik bir dağdı” deyər. Mənsə bu fikri qəbul etmərəm. Çünki sənin vəsf etdiyin bir dağı kiçik görə bilmərəm. Heydərbaba mənim üçün ən uca zirvəli bir dağ oldu.
Gəldim səni görməyə ustad...
Üç gün sevindim ustad... Üç gün səni tanıyanları tanıdım, üç gün “məndən xoşbəxt Şəhriyar aşiqi yoxdu” - deyə, düşündüm.
Xoşbəxtliyimi gözümdə qoydular desəm.... Amma, yox demərəm. Hər kəsin nəsibi olmayan bir nəsibi yaşadım. (Kimsəyə arzulamaram bu nəsibi)
Otuz iki gün ETTELAAT-ın qara zindanında səninlə həmsöhbət oldum. Şərəfli bir imtahan verdim. İki il oldu ustad o gündən bu günə.
Xoşbəxtəm deyilmi, ustad? Sənin yolunda zindan yaşadım. Varmı məndən xoşbəxti???
Səni sevməyimə əsla peşman deyiləm. Nə yaxşı ki, səni qiyabi də olsa tanıdım. Amma heyf ki, sağlığında səni görə bilmədim.
Təsəllim haqqında apardığım araşdırmalar, tapdığım maraqlı məlumatlar, səni yaxından tanıyanlarla olan söhbətlərimdi.
Böyük Nikəndiş ağayla sənin haqqında etdiyim söhbətdən sonra sənə daha çox bağlandım ustad. Bilmədiyim çox şeyləri anlatdı ustadımız mənə. Çox heyf ki, çox səsyazmalarım və kitablarım ETTELAAT-ın qurbanı oldu. Onları belə mənə çox gördülər ustad. Olsun, amma yazacağım o qədər şey var ki...
Rəbbim ömür versin, çıxarım onları üzə...
Ustad, yormayım səni. Haqqını halal et...
Güləcəksən, düşünəcəksən ki, mənim sənin üzərində nə haqqım var ki...Var ustad, var. Doğma övladlarının hiss etməyəcəyi qədər haqqın var boynumda. O sənin ruhunun haqqıdı, o sənin mənə verdiyin mənəvi gücün haqqıdı, o dörd divar arasında gözümün önünə gələn simanın haqqıdı.
Rahat uyu, ustad, rahat uyu. Yuxun şirin olsun. Bax, unutma ha, sənin həsrətini çəkdiyin Qüzeyində səni sən olaraq sevən bir Şəhriyar aşiqi var. O insan hələ sənin haqqından yetərincə çıxmayıb, o insanın sənin üçün etmək istədiyi çox planları var.
Sən rahat uyu, oldumu? Dualarım səninlədir. Şəkillərindən boylanan nisgilli baxışlarına qurban Ustad!!!

Qəmli gözlərinin yaşına qurban,
Həsrətlə çatılan qaşına qurban.
Həyatda çəkdiyin hər əzabına,
Nisgillə sonlanan yaşına qurban...
(18.09.2015-gecə saat 01.10)

Sevgi və hörmətlərimlə səni heç vaxt unutmayan balan Xalidə...

Baxış sayı: 1516