Qonağımız var..., Baş xəbər, Müsahibə
18.09.2015 / 10:00

Yusif Ağayev: "İnsan xəstə olanda bəzən doğmalar da bezir…"

Yusif Ağayev:  "İnsan xəstə olanda bəzən doğmalar da bezir…" Ali dərəcəli həkim, “Modern” hospitalın kardiologiya şöbəsinin müdiri, Yusif Ağayev “Qonağımız var”-da

- Salam doktor, xoş gəlmisiniz. Deyirlər, Qurani-Kərimdə infarkt haqqında ayə var bu doğrudurmu?
- Quranı dəfələrlə oxumuşam, "Loğman" ayəsinin olduğunu bilirəm, amma ürək və infarktla bağlı bir ayə ilə qarşılaşmamışam. Mən biləni belə bir ayə yoxdur.

- Nəyə görə kişilər qadınlardan daha çox infarkt keçirirlər. Bu nə ilə bağlıdır?
- İnfarktın əmələ gəlməsi üçün bir çox faktorlar var. Hansı ki, o faktorlar mövcuddursa daha tez və daha çox rast gəlinir bu xəstəliyə. Bunlardan da biri kişi cinsi olmasıdır. Bu nə ilə bağlıdır? Qadın cinsi harmonları yani estrigenlər dediyimiz ürəyi qoruyur.Bu harmonlar ürək damar sisteminə qoruyucu təsir göstərir və ona görə də kişilər daha tez və daha cavan yaşlarında infarkta məruz qalırlar. Qadınlarda isə cinsi fəaliyyətin dayandığı gündən artıq kişilərlə eyni səviyyədə infarkt keçirmə riskləri yaranır. Əlli beş- altmış yaşlı qadınlarda infarkt sayı kişilərlə bərabər saydadır.

- Doktor, ümumiyyətlə, xəstəliklərin kütləvi şəkildə artması həm də cavanlaşması nə ilə bağlıdır?
- Ümumdunya Səhiyyə Təskilatının məlumatına istinadən deyə bilərik ki,bütün xəstəliklərlə müqayisədə ürək-damar xəstəlikləri
birinci yerdədir. Hətta bu onkoloji və qəza nəticəsində baş verən ölüm hallarındanda da birinci yerdə durur. Artıq neçə illərdir ki, bu xəstəlik birinci yerdədir.
Səbəblər çoxdur bayaq faktorları dedim. Birinci kişi cinsi olması, ikinicisi hərəkətin az olması. İndi elə zəmanədə yaşayırıq ki, hərəkətimizin çox hissəsi maşınla olur. Maşınla işdən evə, evdən işə. Bəzən heç müəyyən mərtəbə də qalxmırıq. Oturaq iş, liftlə qalxıb düşürük. Yəni, hərəkətin az olduğu fəaliyyət növü infarkta təkan verən vasitələrdən biridir.
Daha bir faktor arterial təzyiqin yüksək olmasıdır. Yüksək arterial təzyiqi olan insanlar ürək-damar xəstəliklərinə daha çox məruz qalırlar. Daha bir faktor isə qanda şəkərin və xolesterinin olmasıdır. Onlar da tənzimlənmədikdə bunlar yüksək olur.
Daha bir faktor da stress faktorudur.Yəni daimi stresslər, nevrotik hallarla qarşılaşma. Onu da qeyd edim ki, siqaret və alkoqollu içkilərdən həddən ziyadə istifadə edən şəxslərdə ürək-damar xəstəliklərinin rastgəlmə tezliyi daha çoxdur.

- Doktor, yəqin mənimlə razılaşarsınız bu gün xəstələrin kütləvi şəkildə İrana axını çoxalır. Buna səbəb nədir?
- Bilirsiniz ki, Azərbaycanda, elə Bakı da bir çox tibb müəssisələri var. İstər özəl, istər dövlət xəstəxanaları, polikninikaları. Yaxın qonşularımızda bu polikninika sistemi tam başqa cürdür. Məsələn, bilirsiniz ki, səhv etmirəmsə 2008-ci ildən bəri orta məktəb şagirdlərinin icbari dispanserizaçiyası həyata keçirilir.Cənab Prezidentin əmri ilə artıq 2008-ci ildən bu sistem mövcuddur. Yəni hər il şagirdlər məcburi qaydada usaq polikninikalarına göndərilir və əgər usaq ordan arayış gətirmirsə, ona dərslərdə iştirak etməyə icazə verilmir. Belə bir sistem mən deyərdim ki, dünyanın heç bir yerində yoxdur. Və onu da qeyd edim ki, dünyanın heç bir yerində bizdə olan qədər həkim yoxdur. Əhalinin sayı üzrə həkimlərin sayı daha çoxdur.
İrana kimlər gedir, öz xəstəliyi üzrə güvəndiyi həkimi tapmayan, maddı imkanı zəif olan insanlar. Orda səhiyyə sistemində, söhbət özəl xidmətdən gedir, qiymətlərin ucuz olması da bir vasitədir.
Yaxın qonşu ölkədə xəstəliklərin muayinə xərci bizdəkindən qat- qat ucuz başa gəlir. Həm də dərmanların keyfiyyətli olması. Azərbaycanda dərman istehsal olunmur. Başqa ölkələrdən gətirildiyi üçün baha başa gəlir. İranda isə həmin dərmanları özləri istehsal edirlər deyə çox ucuzdu. Mən İrana müalicə üçün axını belə hesab edirəm. Açığı İran səhiyyəsində çox irəliləyişlər var. Onların mütəxəssisləri Avropa, Amerikada təhsil almış həkimlərdir. Onlarda necədir, səhər həkim dövlət müəssisəsində çalışır, təxminən saat ikiyə qədər. Əgər tibb təhsil ocaqlarında dərs deyirsə, günorta saatlarında dərsini deyir və axşam öz şəxsi kabinetində oturaraq xəstələrin qəbul edir.Yəni gün ərzində onların iş qrafiki belədir.

- Niyə bizdə xəstəyə bəzən səhv diaqnoz qoyulur və səhv mualicə yazılır? Amma İranda fərqlidir. Bu nədən doğur?
- Ümumiyyətlə xəstəliklərin beynəlxalq təsnifatı var. 2010-cu ildə son təsnifat qəbul olunub, və bu bütün dünya üzrə eynidir.Sadəcə onların qurluşunda fərq var.
Savadsızlıq var, bütün həkimlərimiz savadlıdır deyə bilmərik ki. Tibb təhsili ilə baqlı bayaq da dedim Azərbaycanda olduğu qədər dünyanın heç yerində həkim yoxdur. Bir ara bütün özəl Universitetlərdə tibb fakültəsi açıldı. Savadsız abituriyentlərin axını başladı bu sahəyə. Siz gedin Türkiyəyə, bu gün Türkiyədə həkim qıtlığı var. Türkiyənin müəyyən bölgələrində heç həkim yoxdur. Ona görə də Türkiyədə azərbaycanlı həkimlərin çalışması üçün şəraiti daha da asanlaşdırıblar. Əvvəl çox çətin idi. Bir neçə mərhələdə imtahan verilməliydi. İndi o imtahanlar qalsa da, prosedur sadələşdirilib. Bir neçə həmkarlarım var ki, indi Türkiyədə faəliiyət göstərirlər. Hətta fəxrimiz olan Faiq Mustafaoğlu var kardioloqumuz o da Türkiyədə böyük bir xəstəxananın baş həkimidir.
Orda necədir? Yeddi il oxuyub, beş il uzmanlıq keçmək-ömrün on iki ili deməkdir. Bunu da hər kəs yetərincə həzm edə bilmir. Gərək öz peşəni dəlicəsinə sevəsənki, mükəmməl həkim kimi çalışasan.
Artıq Azərbaycanda da yavaş-yavaş formalaşır bu sistem.
Bizdə isə altı il oxuyub, bir il təcrübə keçib gəlib həkim olurduq.Sovet dönəminin təhsil sistemində müsbətlə yanaşı mənfi də çox idi. Altı il oxuyurduq amma hələ də tam bilmirdik ki, nə həkimi olacayıq. Amma, indi yavaş-yavaş dövran dəyişir, təhsil sistemi təkmilləşir. Mənə elə gəlir ki, zaman keçdikcə bizdə də savadsız həkim olmayacaq.

- Sizcə göbələk kimi hər gün artan xəstəxanalara ehtiyac varmı?
- Rəqabət olmalıdır. Onsuz da qeyri peşəkar yardım göstərən, qeyri peşəkar çalışan həkimlərin toplaşdıqları klinikalar, xəstəxanalar bir müddət sonrar sıradan çıxacaqdır. Çünki rəqabətə dözə bilməyəcəklər. Həm də on il bundan əvvəlki, xəstə ilə bu günkü xəstələr arasında fərq böyükdü. İndi tibbi maarifləndirmə var. Məsələn, on il bundan əvvəl xəstə ilə söhbət apardıqda o mövzunun nədən getdiyini anlamırdı. Anlamırdı ki, mən ondan hansı suala cavab almaq istəyirəm, sualımın məqsədi nədir.
2005-ci ildə bizdə hələ kardilo-cərrahiyə xidməti təzə-təzə yaranırdı. Və bu xidmət cəmi bir mərkəzdə idi.Eləcə də, ordakı qiyməti də həmin xəstəxana diqtə edirdi. Çünki başqa yerdə rəqabət yox idi, çünki bir xəstəxanadaydı bu xidmət. Və xəstə məcbur idi gedib orda pulunu ödəyib müalicəsin alsın.
Amma indi baxın, səkkiz-doqquz kardio-cərrahi mərkəzlərimiz var. Hansiki, ürək-damar problem olan xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün orda tam şərait yaradılıb. Həmin xidmətlərin də bu günki rəqabətə uyğun olaraq qiyməti düşür aşağı. Ona görə də tibb müəssisələrinin çox olması pis deyil, qoy olsun. Keyfiyyətsizlər onsuz da sıradan çıxacalar. Xalqın gözü tərəzidir.

- Bizdə dərmanların keyfiyyəti ürək açandırmı?
- Müsahibəmiz səmimidir, ona görə mən də səmimi deyim ki xeyir. Qənaətbəxş deyil.

- Sizcə əhali arasında infarkta qarşı profilaktik tədbirlər istənilən səviyyədədirmi?
- Sizə bir şey deyim, biz oxuduğumuz zaman bizim fakültənin adı müalicə və profilaktika idi. Çox təəssüf ki, xalqımızda o profilaktika deyilən şey demək olar ki, yoxdur. Yalnız harasısa ağrısa onda əl-ayağa düşüb, həkimə müraciət edir. Digər millətlərdə tam fərqlidir, xəstə olmasa belə həkimə müraciət edir, müayinədən keçirlər. Baxın çalışdığım klinikada check-up müayinə var bütün orqanlar üzrə. Əgər bu müayinə tək-tək olunanda başqa bir məbləğ tutursa, check-up olunanda ikiqat ucuz qiymətə başa gəlir. Beş ildir biz bu xidməti yaratmışıq amma bu beş ildə mən beş nəfərin o müayinədən keçdiyini görməmişəm.

- Həkim olaraq bunun səbəbini nədə görürsünüz?
- Milli mentalitetimizdə və maarifləndirmənin zəif olmasında. Düzdü telekanallarda sağlamlıq verilişləri yayımlanır, amma şou-biznes verilişləri daha çoxdur. İndi bilirik ki, internetle xəstə bütün bilgiləri ordan əldə edə bilir. Bir xəstəliyin adını yazırsan həmin xəstəliyin əlamətləri və müalicə üsullarını görmək mümkündür. Amma, bu da lazımı səviyyədə deyil. Bir növ xəstələr sanki tənbəllik edirlər tibbi maariflənmədə. Mütləq deyil ki, tibbi savadı olsun, dünyagörüşü, ümumi məlumatlanması da yetər.

- Doktor, infarktın qarşısını ən sadə üsulla necə almaq olar?
- Siqaretdən və içkidən ayrılmaq, az yağlı qidalardan istifadə etmək vacibdir. Çünki, ürəyə gedən damarlar tük kimi nazikdir. Piyləndi, qan getmədisə,həyat dayanır. Yəni ürəklə zarafat etmək olmaz. Ürək-damar xəstəliklərinin yaranmasına və kəskinləşməsinə mane ola biləcək ən gözəl vasitə idmanla məşğul olmaq və çoxlu hərəkət etməkdir. Qidalarda isə əsasən yağlı, kalorili yeməklərdən uzaq olmalıyıq.

- Hansı peşə sahibləri infarkta daha çox məruz qalırlar?
- Birinci yerdə avia dispetçerlərdir. Hansı ki, təyyarələri yerdən idarə edirlər. Onlardan sonra isə kardio cərrahlar daha çox infarkta məruz qalırlar. Çünki stress bu iki peşənənin hər an yanında olur.

- Stressi həkimə getmədən neçə müəyyən etmək olar?
- Faktor olmalıdır. Hansısa bu stressə səbəb ola biləcək bir hadisə yaşamalısan, gərgin əsəb keçirməlisən və s. Tez yorulma, adi bir hadisəyə əsəbləşmək, depressiya, özünə qapanma və sairə bu kimi şeylər stressdən xəbər verən əlamətlərdir. Bütün bunlar da həkim müayinəsi zamanı araşdırılır. Xəstə gəlib şikayətini deyir və biz başlayırıq yavaş-yavaş bütün bunları xırdalamağa. İlk sual o olur ki, nə vaxtdan xəstəsən və digər testlər aparılır, xəstəliyin tarixçəsi ortaya çıxır.

- Ürək əsasən solda yerləşir. Amma bəzi insanlarda sağ tərəfdədir. Bu həmin insanlara manecilik törətmir ki?
- Ürək əslində sol tərəfdə deyil. Döş qəfəsində maili şəkildə yerləşir. Ürəyin bir tərəfi sola meyillidir. Amma, əslində döş qəfəsində döş sümüyünün arxasındadır.
O ki, qaldı ürəyin sağda yerləşməsinə bu hadisə sahibinə heç bir manecilik yaratmır. Anadangəlmə anatomik bir quruluşdu. Bir faktı da vurğulayım ki, belə xəstələrin kardioqraması çəkiləndə sinəyə bağlanan elektrodlar tam əksinə qoyulmalıdır. Mən həkimlik fəaliyyətinə yeni başladığım vaxtlarda rastlaşdım belə bir faktla. Kardioqram çəkiləndə adi qaydada çəkildi. Və mən bilmirdim bu xəstə dekstrakardiyadır. Bu da kardioqrammanın oxunuşunda bizə çətinlik yaratdı. Sonradan xəstə deyəndə ki, ürəyi sağ tərəfdədir, ondan sonra bir daha belə səhvə yol vermədim.

- Həkim olaraq bu gün əhali arasında sağılamlıqla bağlı nə kimi məsləhətlər verirsiniz?
- Hər şeydən öncə sağlam həyat tərzini qorumağı . Birdə ki, həkim toyda da, yasda da həkimdir.
Biz 2005-2008-ci illər arasında rayonlarda xüsusi kurslarımız olub . İlk təcili yardımla bağlı. Bu təlimləri biz Gəncədə, Kürdəmirdə, Yevlaxda keçirdik. Bu təşkil olunmuşdu Beynəlxalq KİQ Korpusu tərəfindən. Bu humanitar bir təşkilat idi. Həmin təşkilatın dəstəyi ilə rayonlarda Təcili Yardım şöbəsi tikilirdi. Biz isə təlimçilər idik. Üç proqram əsasında aparılırdı bu təlim-həkimlər, tibb bacıları və operativ işdə işləyənlər- polislər, yanğınsöndürənlər,yol polisində işləyənlər arasında. Belə ki, biz əsas işimizdən ayrılmadan bir həftə gedib o təlimləri keçirdik. O zaman mən Təcili Yardımda işləyirdim. Üç il davam etdi bu təlimlər. Ancaq o işi həyata keçirənlərin, yəni bizə maddi dəstək olanların müddəti bitdi. Daha sonra biz təlimçilər yığışdıq, amma həyata keçirə bilmədik bu layihəni, çünki maddi dəstəyimiz olmadı və bu iş yarımçıq qaldı. Ancaq sponsor olarsa, yenə də bu layihəni davam etdirməyə hazırıq. Çox maraqlı bir iş idi. Şəxsən mən çox böyük zövq alırdım bu işdən.

- Efirdə gedən sağlamlıq verlişlərinə münasibətiniz. Sizcə bu verilişlər vasitəsi ilə yetərincə maarifləndirmə işi aparılırmı?
- Bilirsiniz bu da bir növ biznesdir. Mən təbabətin bzinesə çevrilməyinin əleyhinəyəm. Amma hər şeyə rəğmən bu günümüzün reallığıdır. Kapitalizm sistemində yaşayırıq və sosializmdən kapitalizmə keçmişik. Keçid dövründə çox böyük xatalar, eybəcərliklər oldu hər sahədə olduğu kimi səhiyyə sahəsində də.
Amma, indi bu sistemdə yaşayırıqsa deməli reallıqla barışmalıyıq.
Bütün məsuliyyət düşür həkimlərin üzərinə. Qaldı ki, verilişlərin keyfiyyətinə pis deyil, sadəcə reklamların veriliş boyu həddindən artıq olması, eləcə də xaricdən gələn həkimlərin reklam olunmaları düzgün deyil. Amma, müəyyən vaxtdan sonra bu da düşəcək inşallah qaydasına.

- Hansı bölgələrin insanları daha sağlam olur?
- Çətin sual oldu. Heç müşahidə etməmişəm. Ancaq yəqin dağda yaşayan insanlar daha sağlam olarlar. At belində təmiz hava, sağlam qida harda varsa, orda xəstəlik daha az olar.

- Bu illər ərzində işinizdə qarşılaşdığınız maraqlı hadisələr çox olub yəqin…
- Bilirsiniz, mən birdən birə gəlib həkim olmamışam. 1989-cu ildən tibbi stajım var. İyirmi altı illik stajın 19 ili həkim stajıdır. Qalanı sanitar, tibb qardaşı beləcə pillə-pillə qalxmışam. Və Təcili Yardımda otuz beş min cağırış etmişəm. Təxminən on il müddətində. Hətta 1998-ci ildə cağırışa getdiyim xəstənin məlumatlarını belə saxlamışam. Saxlamışam ki, ola bilər gələcəkdə elmi işimdə lazım olar.
Bəli düzdür, çox olub maraqlı hadisələr. Bir dəfə təcili yardımda işləyəndə getdik bir evə. Xəstə yeddi il idi yataq xəstəsi idi. Ev sahibləri elə bilirdilər ki, artıq ölür. O saat çay, halva, molla gətirdilər. Dedim, ay qardaş, insan hələ dünyasını dəyişməyib. Çıxar mollanı çölə, işimizi görək. Beş dəqiqədən bir ev sahibi gəlib baxırdı üzümə ki, deyim öldü. Dedim yox, qardaş göndər mollanı getsin, əgər ölərsə, sonra çağırarsınız…

- Doktor, maraqlı söhbətiniz üçün təşəkkür edirik.
- Mən təşəkkür edirəm və bir həkim olaraq deyirəm, çalışın həmişə sağlamlığınızın qədrini bilin.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1510