Sosial
17.09.2015 / 17:03

Dövlət komitəsi müşavirə keçirib

Dövlət komitəsi müşavirə keçiribSentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəbrayıl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınan qəsəbədə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müşavirədə ölkəmizdə dövlət-din münasibətləri, mövcud tolerantlıq, milli-mənəvi dəyərlərin qorunması sahəsində qazanılan nailiyyətlər təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Dini icma sədrləri, axundlar, dindarlar, ilahiyyatçılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev milli-mənəvi dəyərlərin qorunması məqsədi daşıyan bu cür maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərin qarşısının alınması istiqamətində rayonda görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması sahəsində misilsiz xidmətlərini xatırladan Komitə sədri hazırda bu siyasətin Prezident İlham Əliyevin liderliyi ilə uğurla davam etdirildiyini söyləyib. Qeyd edilib ki, məhz bunun sayəsində Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur, müxtəlif dinlərin nümayəndələri dinc, yanaşı, azad şəraitdə yaşayırlar. Bölgələrdə təşkil olunan belə tədbirlərin də əsas məqsədi Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi siyasətin başlıca istiqamətlərini ictimaiyyətə çatdırmaqdır.
Müşavirədə vurğulanıb ki, dünyada İslam dinini radikalizmlə bağlamaq meyillərinin artdığı bir zamanda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi bu dinin ənənəvi dəyərlərinin və İslam mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

Mədinə ABBASOVA / İnform.az

Baxış sayı: 287