Sosial
17.09.2015 / 12:32

Bu kənddə qaz ilk dəfə yanacaq (reportaj)

Bu kənddə qaz ilk dəfə yanacaq
Cənub bölgəsində kəndlərin qazlaşdırılması və qışa hazırlıq işləri davam edir. Ucqar dağ rayonu olan Yardımlının daha bir yaşayış məntəqəsi - Urakəran kəndi ilk dəfə olaraq təbii qazla təmin edilib. Bu, mavi yanacağın verildiyi rayonun sayca 11-ci yaşayış məntəqəsidir. 122 abonenti olan kənddə bütün abonentlər üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8100-metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Təbii qazın verilişi daha çox kənd sakinlərinin ürəyincə olub. Bildirilib ki, oktyabr ayından başlayaraq intensiv yağıntının və qarın düşdüyü Yardımlıda əhali qış qaylarında daha çox istilik sarıdan əziyyət çəkirdi. Evlərin qızdırılması, digər məişət işlərinin həyata keçirilməsindən ötrü odun peçi və ocaqdan istifadə olunurdu. Bunun da çətinliyini daha çox qadınlar çəkirdi. Kənd sakinləri deyir ki: “Hesablayanda ildə heç olmasa 30 kub odun yandırırdıq. Hər ev bu qədər ağac qıranda gör təbiətə nə qədər ziyan dəyir.”
Hazırda rayonun Vərgədüz və Bürzümbül kəndlərinə də təbii qazın verilməsi istiqamətində işlər aparılır. Rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı isə 2200 nəfərə yaxındır.
Qeyd edək ki, Sovet dövründə belə Yardımlı və onun kəndlərində mavi yanacaq olmayıb.

Pərvanə NƏHMƏTQIZI

Baxış sayı: 283