Müsahibə
15.06.2015 / 08:20

“Atamı güllələyib dənizə atıblar”

“Atamı güllələyib dənizə atıblar”

“Atamı gülləliyib dənizə atıblar”

Məsmə Tahirova: „Evimizdə nə vardısa hamısını müsadirə etdilər“


Bəşər tarix boyu dəyişir. İnsanların düşüncəsi, zövqü də bu təkamülə məruz qalır. Cəmiyyət dəyişir. Cəmiyyətin fərdə, fərdin cəmiyyətə münasibəti dəyişir. Məsələn, keçən əsrdə insanlar öz davranışlarını cəmiyyətin standartlarına uyğun qurmağa çalışırdılarsa, günümüzdə hər kəs öz həyatının yaşamağa, başqalarına müdaxilə etməməyə çalışır.
İlk müsahibəmi nənəmdən aldım. Deyim ki, nənəm cəmiyyət amilinin yüksək əhəmiyyət kəsb edən bir dövründə yaşamış və xoşbəxt yaşam üçün çalışmışdır.
Beləliklə, müsahibim 89 yaşlı Məsmə nənəmdir.


- Nənə, bu qədər şeiri, bayatını hardan öyrənmisən?

- Xalq yaradıcılığına aid çoxlu kitablar oxumuşam. Bir çox aşıqların - Aşıq Ələsgərin, Aşıq Abbasın, Aşıq Qəribin və həmçinin dövrümüzün yaşlı qadınlarının söyləmələrini dinləyib sinəmə yığmışam.

Yarımın adı Xorasan
Gecə gələsən görəsən
Cibinə qavlıq qoyasan
Əlinə dəsmal verəsən.

Gir qapıdan yarıyar
Söhbətnən yarıyar.
Balaca cib bıçağı
Oldum yarın naçağı .
Bir axşam gəl, bir səhər
Bir də günorta çağı.


Bunu bir qoca qadın demişdi, ordan yadımda qalıb. Beləcə, deyilən sözləri, oxunan kitabları yadımda saxlayırdım. Yaddaşım yaxşıydı.

- Təhsil almısan?

- 7-ci sinifə kimi oxumuşam. Sonra müharibə başladı. Məni də Naxçıvanda mühasibatlıq kursuna oxumağa göndərdilər. Orda 3 ay oxuduqdan sonra hesabdar kimi fermada işləmişəm. Kolxozun işlərinə, sağılan südün ölçüsünə-filana nəzarət eləmişəm.

- Ay nənə, bəs babamla necə tanış oldunuz?

- Baban da kənddə hesabdar idi. Mənim də 14 yaşım vardı. Onun məndən xoşu gəldiyini bilmirdim. Bir dəfə məktəbdə olanda gəlib yanımda oturub dedi ki, kitablarını götürəcəm. Mən də deyirdim, neyniyim, götürürsən-götür. Onda baban da demişdi ki, götürüm, sən də məni Əsmərin dərəsinəcən qovasan?! Onlar elçi gələndə atam həbsdə olduğundan anam məni babana verdi.

- Atanı niyə tutmuşdular?

- Təbrizdə, Tehranda oxumuşdu, müştehid idi. Var-dövləti vardı deyə, o da 37-ci ilin qurbanlarından oldu. Tutdular, sonra da xəbər gəldi ki, güllələyib dənizə atıblar. O vaxt çox adamı tutdular. Mir Cəfər Bağırovun vaxtında. Evimizdə nə vardısa hamısını hərraca qoydular, müsadirə etdilər.

- Əgər atanı tutmasaydılar, sən də təhsilini davam etdirərdin?

- Mən yaxşı oxuyurdum. Kənddə qadınlar gedib kişi müəllimindən dərs almaq istəmirdi. Müəllim mənə demişdi ki, sən yaxşı oxuyursan, gəl qadınlara sən dərs de. Onda atam demişdi ki, qadınların oxumağı bəs deyil, hələ bir mənim qızım da gedib dərs deyəcək? O vaxtlar din çox güclü idi, hətta çadraya bürünüb girirdik məktəbə.

- Ailə qurdun, sonra nələr oldu?

- Bir il olardı ailə qurmuşduq. Baban evə gələndə gördüm rəngi-ruhu qaçıb. Sonradan bildim ki, bəs müharibə başlıyıb, hamını çağırırlar. İlk gündən babanı apardılar, 7 il çəkdi onun gəlməyi. Müharibə qurtarandan sonra da şaxtada işlətdilər. Kənddə dedilər ki, daha qayıdan deyil, amma mən bilirdim ki, məni sevir, məndən ötrü qayıdacaq, qayıtdı da. Müharibə qurtarandan sonra isə babana orden və medal verdilər.

- Ay nənə, uşaq olanda ən böyük arzun nə olub?

- Ən böyük arzum yaxşı evimin, ailəmin olası idi. Atamı tutanda kənd camaatı bizə yaxşı baxmırdı. Bizi gözdən-nəzərdən salmışdılar. Belə olan halda kənddən çıxıb getmək istəyirdim.

- Arzuna çatdın?

- Çox şükür, övladlarım hamısı yaxşı təbəqəyə çatıblar. Hamısı oxudu. Ən böyük arzum övladlarımıydı, ona da çatdım. Hamısından razıyam, hamısı hörmətimi saxlayır, hamısıyla qürur duyuram.

Bu maraqlı müsahibə üçün nənəmə təşəkkür edirəm. Bu sayədə – ötən vaxt ərzində həm cəmiyyətin, həm də fərdin düşüncə və davranışlarının necə dəyişməsinin şahidi oluruq. Fikrimcə, dövrümüzdə xəyallarımıza çatmaq üçün daha böyük şansımız olduğu halda bunu dəyərləndirməyi bacarmırıq. Bu müqayisə bəlkə o sahib olduqlarımızın dəyərini xatırlamağa kömək olar.

Səmra KƏRİMLİ \ İnform.az

Baxış sayı: 1477