Baş xəbər, Siyasət, Müsahibə
17.09.2015 / 11:16

“...Seçki qutularına 30 metr məsafədə yaxınlaşsalar həbs ediləcəklər”

“...Seçki qutularına 30 metr məsafədə yaxınlaşsalar həbs ediləcəklər”
Elman Nəsirli: “Proqnozlara görə, YAP-ın deputat yerlərinin sayı ən azı 70-dən yuxarı ola bilər”

Yeni Azərbaycan Partiyasının (YAP) yeni namizədləri sırasında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov da var. O, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd olacaq. Milli Məclisə namizəd Elman Nəsirlinin İnform.az-a müsahibəsini təqdim edirik.

“Biz son 5 il ərzində ictimaiyyətin, seçicinin partiyaya olan münasibətini analiz edəndən sonra bu qənaətə gəlmişik”



- Elman müəllim, Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçki prosesini necə dəyərləndirirsiniz?

- Əvvəla onu qeyd edim ki, Yeni Azərbaycan Partiyasının çox geniş kadr potensialı var. Bu baxımdan namizədliyi verilmiş hər bir şəxs məhz onun üzərində dayanıldığına görə sevinc hissi keçirir. Bu çox böyük etimaddır. Mən ilk növbədə ölkə prezidenti cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. O, həm ölkə prezidenti, həm də Yeni Azərbaycan Partiyasının sədridir və namizədliyimin irəli sürülməsini cənab prezidentin mənə göstərdiyi etimad kimi qəbul edir, ona sonsuz təşəkkürümü ifadə edirəm.
Yeni Azərbaycan Partiyası seçkilərə qələbə əzmi ilə daxil olur. Əgər müşahidə edirdinizsə müxtəlif təşkilatlar, o cümlədən müxalifət partiyaları səbirsizliklə YAP-ın deputatlığa namizədlərinin siyahısının elan olunmasını gözləyirdilər. Çünki öz davranışlarını buna görə nizamlayırdılar. Bu fakt bir daha göstərdi ki, YAP hakim partiyadır və onun mövqeyi hər zaman nəzərə alınır. YAP 5 il öncəki parlament seçkilərində 71 yerin sahibi olmuşdu. Ötən seçkilərdən fərqli olaraq partiya həm kəmiyyət, həm də keyfiyyət baxımından daha da güclənib. Partiyaya çox güclü kadrlar üz tutublar və 5 il ərzində partiyanın cəmiyyətdə yeri daha da möhkəmlənib. Hesab edirəm ki, partiyanın nüfuzu öz lideri və onun şəxsiyyəti ilə bağlıdır. Bu da şübhəsiz ki, partiyanın ölkə miqyasında nüfuzunun artmasında həlledici məsələdir. YAP bu mübarizəyə qələbə əzmi ilə başlayır. Bu mübarizədə YAP-ın qalib gələcəyi dairələrin sayının artacağı istisna deyil. Bu, məntiqi sayılır. Çünki partiyanın ötən 5 il ərzində mövqeləri daha da möhkəmlənib və cəmiyyətdə daha böyük dəstəyə nail ola bilib. Təbii ki, seçimi xalq edir, son sözü xalq deyir. Amma biz son 5 il ərzində ictimaiyyətin, seçicinin partiyaya olan münasibətini analiz edəndən sonra bu qənaətə gəlmişik. Proqnozlara görə, YAP-ın deputat yerlərinin sayı ən azı 70-dən yuxarı ola bilər.


“İnamsız mübarizəyə qoşulan fərdin məğlubiyyəti labüddür”



- Rəqiblərinizi tanıyırsınızmı və sizcə seçilmə şansınız nə dərəcədədir?

- Rəqiblərim haqqında dəqiq məlumatım yoxdur. Proses yeni başladığı üçün bu barədə birmənalı fikir söyləyə bilməyəcəm. Hər halda mübarizəyə qoşulanda birinci növbədə özünə inanmalısan. İnamsız mübarizəyə qoşulan fərdin məğlubiyyəti labüddür. Özümə inanıram, güvənirəm. Bu inamı mənə verən həm də odur ki, partiyanın ali rəhbrliyi həmin dairədə məhz mənə etimad göstərib. Bu etimadı təbii ki, doğrultmalıyam. Hesab edirəm ki, seçicilərim də siyasi proseslərlə bağlı fəaliyyətimlə müəyyən mənada tanışdılar. Hesab edirəm ki, bizim ünsiyyətimiz rahat keçəcək. Mən seçicimin etimadını qazanacağıma inanıram. Seçicini düşündürən məsələlər mənim üçün həlledicidir. Eyni zamanda, seçici mənə etimad göstərib deputat seçərsə, heç bir halda passiv ola bilmərəm. Bu mənim xarakterimə ziddir. Özümə olan belə bir inamla seçki prosesinə qatılmışam. Rəqiblərimin kimliyi, onların fəaliyyəti və digər məsələləri öyrənəcəm və taktikamı da buna uyğun müəyyənləşdirəcəm. Sadəcə, YAP-ın namizədləri yenicə müəyyən olunduğundan bu sualınız ətrafında araşdırma aparmağa imkan olmayıb. Lakin rəqiblərimə hörmətlə yanaşıb, onların taktikasını, strategiyasını öyrənməliyəm. Ən başlıcası, mənim öz yanaşmalarım var. Bu ondan ibarətdir ki, hər bir deputat konkret olraq seçicini təmsil edir və onun ilk funksiyası da məhz onu seçən insanların mənafeyini, onların maraqlarını ədalətli şəkildə təmsil etməkdir.


“Azərbaycan xalqı bu seçkilərə sabitliyin qarantı ola biləcək bir proses kimi baxır”



- Ötən seçkilərlə müqayisədə müxalifət və iqtidar partiyalarının bu günkü seçki hazırlıqları və seçkiyə münasibətləri necədir?

- YAP-ın öz seçki ənənələri var. Partiya istənilən seçkiyə nizam-intizamla hazırlaşır. YAP tək seçki ərəfəsində yox, bütün dövrdə xalqla birlikdə olur, bütün fəaliyyəti ilə get-gedə nüfuzunun artmasına şərait yaradır. Prinsip etibarilə YAP üçün seçkiyə hazırlaşmaq çətin proses deyil. 5 il əvvəlki seçkiləri indiki seçkilərlə müqayisə edəndə xalqımız gözəl dərk edir ki, Azərbaycan gücləndikcə, siyasi sabitlik möhkəmləndikcə, xalq prezidenti ətrafında monolit birlik əldə etdikcə və prezident xalqın dəstəyinə söykənib müstəqil siyasət yürütdükcə beynəlxalq qaragüruhçu qüvvələrin hədəfinə daha çox tuş gəlirik. Belə olan halda bu gün Azərbaycan xalqı seçkilərə sabitliyin qarantı ola biləcək bir proses kimi baxır. Xalq onun fərqindədir ki, sabitliyi yaradanlar daha çox səs qazanmağa layiqdir. Eni zamanda, Azərbaycan demokratik bir ölkədir, müxtəlif fikirlilik var və müxalifət qüvvələrini dəstəkləyən müəyyən insanlar da var. Bu da normaldır. Hesab edrəm ki, Azərbaycandakı müxalifət qüvvələri də bu seçkilərdə fəal şəkildə iştirak etmək niyyətindədilər. Təkcə Milli Şura adlanan bir qurum seçkiləri boykot etmək niyyətini ortaya qoyub. Onlar Avropa parlamentariləri ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosundakı qüvvələrlə sinxron fəaliyyət göstərib seçkiləri boykot etmək istəyirlər. Sual yaranır: nəyə görə buna gedirlər. Bunun cavabı da çox sadədir. Ona görə ki, Milli Şurada olan partiyalar seçkilərdəkı biabırçı məğlubiyyətdənsə heç seçkilərdə iştirak etməməyi üstün tutub, beləcə seçkilərin legitimliyinə kölgə salmaq istəyirlər. Amma bu, artıq daldan atılmış daşa bənzəyir. Onlar real mübarizəyə girişib məğlubiyyət ovqatının yaşanmasından qaçırlar. Budur əsas səbəb. Əgər başqa səbəb olsaydı, onda 2013-cü ildə keçirilən prezident seçkilərində də iştirak etməzdilər, amma etdilər. Onda da həmin xalq, həmin hakimiyyət, həmin seçici, həmin beynəlxalq qüvvələr idi. O zaman niyə iştirak etdilər? Çünki bəlkə hakimiyyətə gəldilər deyə bu qüvvələrdən dəstək alırdılar. İndi isə görürlər ki, xalq prezidentin ətrafında elə sıx birləşib ki, bu birliyi pozmaq mümkün deyil. Hətta xaricdən 10 milyonlarla vəsaitin ayrılması, “5-ci kolon”, bəzi qeyri-hökumət təşkilatları ilə də onu etmək mümkün deyil. Ümidləri tam öləndən sonra isə boykot taktikasını seçdilər. Onlar əmindirlər ki, bütün resurslarını itiriblər, heç bir etimada, xalqın dəstəyinə malik deyillər. Bu da hər bir seçiciyə aydındır. Hesab edirəm ki, Azərbaycanda şəffaf, ədalətli seçkilər keçiriləcək və beynəlxalq müşahidəçilər də seçkiləri müşahidə edəcəklər.


“Sanki Amerikada onların başına nə gəldiyindən xəbərimiz yoxdur.”



- Müxalifət partiyalarının göstərdiyi bu cür “aktivlik” xarici qüvvələri hansı formada aktivləşdirə bilib?

- Müxalifət deyəndə, Müsavat Partiyası da daxil olmaqla bütün partiyalar seçkilərdə iştirak edir. Yeganə olaraq Xalq Cəbhəsi Partiyası və “Milli Şura” deyilən bir qurum seçkiləri boykot edir. Həmin qurumların sıraları çox seyrəlib. İnsanlar o partiyanı və qurumu tərk edirlər. Bu proses seçki öncəsi daha ardılcıl xarakter alıb. Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi ikili standartlar, ATƏT-in Demokratik Təsisatları və İnsan Haqları Bürosunun seçkilərə müşahidəçi missiyası göndərməməsi və bunu müxtəlif bəhanələrlə izah etməsi anti-Azərbaycan, anti-milli qüvvələrin bir qədər fəallaşmasına səbəb olur. Əslində bu fəallığın da real əmsalı sıfıra bərabərdir. Bu fəallıq heç bir dəyərə malik deyil. Belə olan vəziyyətdə onlar sadəcə seçkilərin legitimliyinə kölgə salmaq xəttini seçiblər. Amma unudurlar ki, seçkilərin legitimliyini müəyyən edən qüvvə Azərbaycan xalqı, Azərbaycan seçicisidir. Heç bir beynəlxalq qüvvənin bunu müəyyən etməyə haqqı yoxdur. O ki, qaldı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosuna, qeyd edim ki, hələ 2012-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Texas ştatının baş prokuroru bu büronun üzvlərini hədələmişdi və qeyd etmişdi ki, əgər onlar seçki qutusuna 30 metr məsafədə yaxınlaşsalar həbs ediləcəklər. Demişdi ki, əgər onlar Amerikanın seçki sistemini öyrənmək istəyirlərsə, bunun üçün kurslar təşkil edib, onları öyrədə bilərlər. Özünü demokratiyanın beşiyi elan edən Birləşmiş Ştatlarda bu vəziyyətlə üz-üzə qalıb Texasdan qovulan ATƏT məlum bürosunun nümayəndələri Azərbaycanla elə dildə danışırlar ki, sanki Amerikada onların başına nə gəldiyindən xəbərimiz yoxdur. Bütün bunlar hamısı, özlərinin ifadəsi ilə desək, nonsesdir. Bunlar sadəcə fon yaradırlar və bununla da müəyyən ermənipərəst, islamafob qüvvələrdən maliyyə dəstəyi almaq istəyirlər. Reallıq bundan ibarətdir. Azərbaycan seçicisi artıq bunu bilir. Artıq Azərbaycan belə eksprimentlərin keçirilməsi üçün məkan deyil. Xalqı ikinci dəfə aldatmaq olmaz. Xalq mütəşəkkildir, müstəqilliyi, sabitliyi göz bəbəyi kimi qoruyur. Bunun yolu isə prezidentlə birlikdən keçir.


“Əsas müşahidəçi Azərbaycan seçicisi və onun siyasi iradəsidir”



- Elman müəllim, sizcə Avropa Parlamentinin seçki ərəfəsində Azərbaycana qarşı yönəltdiyi məlum qərəzli mövqelər seçki prosesinə hansı təsirini göstərə bilər?

- Təsiri odur ki, Avropa Parlamenti seçkilərə müşahidə missiyası göndərmir. Amma bunun fərqindəyik ki, Azərbaycana çoxsaylı beynəlxalq müşahidəçilər gələcəklər. Yəni bu sahədə Azərbaycanın problemi yoxdur. Təbii ki, beynəlxalq müşahidəçilərin gəlməsi yaxşıdır, amma əsas müşahidəçi Azərbaycan seçicisi və onun siyasi iradəsidir. Xalqdan böyük müşahidəçi ola bilməz. Əsas odur ki, xalq öz seçimini edir. Avropa Parlamenti belə bir mövqe sərgiləməklə özü öz nüfuzuna zərbə endirdi. Bəlkə də indi orada olan müəyyən qüvvələr bunu hiss etmir, amma zaman gələcək bu, hiss olunacaq. Təbii ki, Azərbaycan adekvat addımlar atıb və Parlament sənəd qəbul edib. Artıq Avronestdən çıxmaqla bağlı məsələlər gündəmdədir. Nazirlər Kabineti “Şərq tərəfdaşlığı”nda iştirak məsələsinə yenidən baxacaq. Strateji tərəfdaşlıqla bağlı müəyyən sazişlərin bağlanması ilə əlaqədar proseslər də təxirə salınıb. Avropa Parlamenti bilsin ki, Azərbaycan dövləti ilə yalnız bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq münasibətlərilə davranmaq lazımdır.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 651