Şərhlər
16.09.2015 / 15:48

Bir ovuc torpaq oldum

Bir ovuc torpaq oldum
Ayişə NƏBİ / İnform.az


Bütləri qırıb yerini boş görən insan bir yerdən tutmaq, bir yerə söykənmək istəyərək bir dayaq axtara-axtara vurnuxur, “zəncirləri qıram qıram” deyə azadlıq havasına gedir üzü məchula. Sabahın məchulluğunda onu ya bir buxov gözləyir, ya da kor bir güllə. Kim deyir ki, onlar şəhid deyillər, kim deyir ki, onlar təsadüfən öldülər, azmış bir gülləyə tuş gəldilər.Yaxşı, bu azmış güllə sənə dəysəydi, ya da qardaşına dəysəydi, o zaman da deyərdinmi ki, mən şəhid deyiləm, qardaşım şəhid deyil, bizi təsadüfən vurdular.
“İnsan, üç beş damla qan” deyib keçmə. İnsanın bir də o üç-beş damla qanın zərrələri arasında daşıdığı o möhtəşəm ruhuna bax, o ruhun ləyaqət və mənlik, millilik və dil, torpaq və azadlıq, vətən və dövlət uğrunda şirin canını bir göz qırpımında fəda etməsinə bax. Mənim üçün şəhidliyin möhtəşəmliyi odur ki, onlar o “ləzzətləri pozub acılaşdıran ölümü...”(hədis) şüurlu şəkildə, bilərək qəbul edir. İnsan ölümlə üz üzə olduğunu bilsə dəhşətə gələr, amma onlar o qədər möhtəşəm bir ruha, iradəyə sahibdirlər ki, öləcəklərini bilə-bilə ölümün üzünə baxaraq irəliləyirlər.Təsadüfən güllə dəyən də, qəza keçirən də, suda boğulan, yanan, yeddi növ şəhidliyin biri qismətinə düşənin hər biri şəhiddir və onlar qəbir sorğu-sualından azaddırlar. Hətta hədisdə deyildiyi kimi “Kim ixlas və səmimiliklə Allahdan şəhid olmaq dilərsə, yatağında ölsə belə Allah onu şəhidlər məqamına qaldırar”. Axirətdə ən üstün mərtəbə peyğəmbərlərin, ondan sonra isə şəhidlərindir. İslamın böyük sərkərdələrindən Xalid bin Valid ölüm ayağında şəhidliyin necə şərəfli olduğunu göstərərək:”Atımı gətirin, qılıncımı və mizraqımı əlimə verin, mən düşmənlə savaşarkən can vermək istəyirəm” demişdir.
Burada fərdlərdən söhbət getmir, burada xalq bir nəfər, bir can şəklindəydi.Ona görə də burada can verən şəhid, qalan qaziydi.O gün o həyəcanı beş, on, on beş nəfər deyil, hər kəs yaşadı. Meydanlara, küçələrə heç kimi məcbur edib çıxarmırdılar. O güllə yağışında hər kəs isti yuvasında başı salamat otura bilərdi, deyərdi ki, onsuz da biri tapılacaq, onsuz da gedən olacaq güllə qabağına. Ancaq elə deyilmirdi, meydanlara atılmağı hərə özünün bir vicdan borcu, insanlıq borcu, bəlkə də vəzifəsi hesab edirdi. O gün ölənlər, yaralananlar daha çox sevinirdi, ölməyən, xəsarət almayan utanırdı, niyə mən yox deyə. O günlər ölmək vətənə xidmət sayılırdı, ölmək ucalıq, əbədilik, xalqın gözündə qəhrəman olmaq idi. Bunu hər kəs istəyirdi. “Suya vurulmaz pərçim” “yetər diz üstə süründün, ayağa qalx...” deyirdi hər kəsə öz içindən bir səs sanki.
Zəncirin son halqasında ülluziyaya qapılaraq özünü xoşbəxt sayır.Halqa qopanda ayıldıq və hayqırdıq.
“Gözünü sabaha dikən şəhidlər” arxayındırlarmı ki, onların qanı ilə suvarılan azadlıqda yaşayanlar torpağın hər hər dənəsini qızıl bilir, qapısına it hürdürmür. Biz onları görmürük, əmanətlərinə necə sahib çıxdığımızı bilmədiklərini sanırıq. Biz onların övladlarına yetim, anasına sonsuz, həyat yoldaşına zavallı dedikmi? Bu sözlərdən onların torpağın altında canı sızladımı.
Burada yadıma çox danışılan bir hadisə-rəvayət düşdü: Həyat yoldaşını savaşa yola salan gənc qadın tək yaşayır. Evi də kəndin bir az kənarına doğru bir yerdədir. Kəndin dəliqanlılarından biri gənc qadına göz qoyub yan gözlə baxır. Şəhid qadını olmasının fərqində olmadan gecə onu qapısına gedir, görür qapıda bir adam durub, qorxub qayıdır. Sonra bir dəfə, iki dəfə təkrar gedir qadının qapısına, hər dəfə də gecənin yarısı qapıda bir adamın əlində silahla qarovul çəkdiyini görür. Bu hadisə onu elə qorxudur ki, gedib “molla”dan soruşur, gördüyü adamı təsvir edir, məlum olur ki, qapıda qarovul çəkən adam qadının savaşda şəhid olmuş əridir. Bəli, şəhidlər ölmür demək bir az da elə bu deməkdir, onların ruhu bu dünyadakı əzizlərini qoruyur. Buna bəlkə də mövhumat deyəcəksiniz. İnsan bəzən mövhumata da inanmaq istəyir.Ancaq artıq elm də paranormal hadisələrin varlığını sübut edir. Bəs şəhidlərin cəsədinin çürüməməsi. “Onlar qiyamət günü əbədi qalacaqları cənnətə girdikləri gün hiss edəcəklər öldüklərini” deyən hədis həm də onların çürüməməsini nəzərdə tutur yəqin. Şəhidlik bütün ehkamları və fəlsəfələri yarı yolda qoyaraq ilan çayanı ilə birlikdə torpağın altına belə meydan oxuyur.
Savaş şəhidlərini yumadan dəfn edirlər, üstündəki qan məhşərdə ona şahidlik edir. Şəhidlikdə isə hələ dünyanın isti soyuğunu görməyə macal tapmamış qanını qadasını görən gözlərin qara mərmərə hopan donmuş ifadələrindən suallar yağır üstümə. Mən ölüb bir ovuc torpaq oldum, torpağımı bir qarış, bir ovuc artırdım, bəs sən???

Baxış sayı: 460