Gündəm, İqtisadiyyat
16.09.2015 / 00:24

"Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur"

"Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur" "Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir".
Bunu sentyabrın 15-də Çexiya prezidenti Miloş Zemanın Bakıya səfəri çərçivəsində baş tutan sənədlərin imzalanması mərasimindən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin çox ciddi siyasi sənəd olduğunu, ikitərəfli əlaqələrin səviyyəsini nümayiş etdirdiyini bildirən prezident sənəddə əlaqələrin müxtəlif aspektlərinin öz əksini tapdığını qeyd edib.

"Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Deyə bilərəm ki, bu gün biz həm heyətlər səviyyəsində, eyni zamanda, ikitərəfli formatda daha çox iqtisadi əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Eyni zamanda, Çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq. Çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq və əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. Əminəm ki, sabah keçiriləcək Çexiya-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaq".
Dövlət başçısının sözlərinə görə, qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir.

"Həm Çex Respublikası, həm Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha da yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilib. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaq. Bu gün artıq deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə bizi qane edə bilər", - deyə İlham Əliyev qeyd edib.

İnform.az

Baxış sayı: 350