Dünya
15.09.2015 / 18:58

Avstraliyanın yeni Baş naziri

 Avstraliyanın yeni Baş naziri
İnform.az Azərtac-a itinadən xəbər verir ki, sentyabrın 15-də Kanberrada Avstraliyanın yeni Baş naziri Malkolm Ternbullun andiçmə mərasimi keçirilib. Xatırladaq ki, o, bir gün əvvəl Liberal Partiyadan olan deputatların səsverməsi nəticəsində Toni Abbotu Baş nazir vəzifəsindən kənarlaşdırmışdı.

Əvvəlki hökumətdə rabitə naziri vəzifəsini tutan Malkolm Ternbull sentyabrın 14-də Liberal partiyanın lideri və Baş nazir Toni Abbotu istefa verməyə çağıraraq, onun rəhbərlik etdiyi hökumətin ölkənin iqtisadi inkişaf strategiyasını uğurla həyata keçirmək iqtidarında olmadığını bildirmişdi. Bundan sonra partiyanın liderinin seçilməsi ilə bağlı keçirilmiş səsvermə zamanı Liberal Partiyadan olan deputatların 54-ü M.Ternbullu, 44-ü isə T.Abbotu dəstəkləmişdi.

Gələn həftə hökumətin yeni tərkibini açıqlayacağını bildirən M.Ternbull Nazirlər Kabinetinin əksər üzvlərinin öz vəzifələrində qalacağına işarə vurub. Əvvəlki vəzifəsində qalacaq nazirlər arasında Culi Bişopun namizədliyi artıq şübhə doğurmur. Belə ki, dünən o yenidən Liberal Partiya sədrinin müavini seçilib və M.Ternbullun qələbəsində mühüm rol oynayıb.

Xatırladaq ki, M.Ternbull 2008-2009-cu illərdə həmin vaxt müxalifətdə olan liberalların lideri vəzifəsində olub. Lakin sentyabrın 14-də baş vermiş hadisəyə bənzər şəkildə o liderlikdən uzaqlaşdırılıb və yeni sədr vəzifəsinə T.Abbot seçilib. Partiya sədrinin müavini vəzifəsini həmin vaxt da Culi Bişop tuturdu.

M.Ternbull son beş ildə Avstraliyada beşinci Baş nazirdir. Əvvəllər bu vəzifədə leyborist Kevin Radd və Culiya Gillard, sonra yenidən Kevin Radd və liberal Toni Abbot olublar.

Baxış sayı: 297