Sosial
15.09.2015 / 12:45

Bir saata 120 sürücü cərimələndi

Bir saata 120 sürücü cərimələndi

Nəqliyyatın sıxlığı və tıxaclar əsasən yollara yaxın məasfədə yerləşən təhsil müəssisələrinin yanında baş verir.
Bilik günü səhər saat 10:00-dək Bakıda maddi zərərlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib. Səhər saatlarında təhsil müəssisələrinin ətrafında qanun park etmiş yüzlərlə avtomobil sürücüsü cərimə olunub.
İnform.az xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, təkcə Səbayel rayonu ərazisində saat 7:45-dən 8:45-dən 120 inzibati protokol tərtib olunub: “Nəqliyyatın sıxlığı və tıxaclar əsasən yollara yaxın məasfədə yerləşən təhsil müəssisələrinin yanında baş verir. Məsələn, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində yerləşən 160 saylı məktəbin, Nizami və Rəşid Behbudov küçələrinin kəsişməsində 23 saylı məktəbin və s. yollara yaxın və bitişik təhsil müəssisələrinin yaxınlığında sürücülərin yol-hərəkəti qaydalarının pozulması müşahidə olunur. Həmin sürücülərə qarşı kimliyindən asılı olmayaraq qanunvericiliyin tələbi ilə sərt tədbirlər görülür. Yollarda təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üçün yol polisləri indi də xidmətdədir və gücləndirilmiş iş rejimində davamlı fəaliyyət göstərirlər”.

V.Əsədov məktəbə yaxın ərazilərdə qeyri-adi hallara rast gəldiklərini açıqlayıb: “Məktəblərə yaxın məsafələrdə sürücülərin sükan arxasında yatmış vəziyyətdə dayandığının da şahidi olduq. Belə şey görməmişdik, bunu da gördük. Belə qənaətə gəldik ki, hələ sürücü məsuliyyətini dərk etməyən, yollarda təhlükəsizliyin nə demək olduğunu anlamayan şəxslər çoxdur. Təhsil müəssisələri ətrafında avtomobil parkının yaradılması yolverilməzdir. Ərazidə xidmət aparan yol polisi olsa da, olmasa da sürücü peşəkarlığı, düşüncəsi, səriştəsi buna yol verməməlidir. Avtomobilin yolun hərəkət hissəsində saxlanması yolun daralması deməkdir. Bu isə digər nəqliyyat vasitələrinin hərəkətinə süni maneə yaradır”.

Bölmə rəisi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından sürücülərə müraciət edib: “Məktəblərə bitişik küçə və prospektlər üzrə hərəkət edərkən əvvəlcədən istiqamətini düzgün təyin edin! Parklanma qaydalarını pozmayın! Yolların hərəkət hissəsində, ikinci cərgədə, qadağan edilmiş ərazidə park etmiş sürücü barəsində ciddi tədbir görüləcək”.

Baxış sayı: 397