Şərhlər
14.09.2015 / 13:19

Türklərin dini dünyagörüşü və din anlayışı

Türklərin dini dünyagörüşü və din anlayışı
Aydın MƏDƏTOĞLU / İnform.az


(IX yazı)

Azərdüşt Peyğəmbər tərəfindən “Doğru Düşüncə, Doğru Söz, Doğru Əməl” üzərində qurulan “Azərdüştlük dini” və onun müqəddəs kitabı olan ilkin “Avesta” sonrakı bütün dinlərin və antik fəlsəfənin ideya qaynağı olmuşdur. “Azərdüştlük dini”nə görə, insanlığı tək Tanrı olan Tenqri Mengü idarə edir. Azərdüşt tək Tanrı olan Tenqri Mengünün ali məziyyətlərini həyata keçirən Peyğəmbərdir. Azərdüşt bu dini özünün yaratdığı din deyil, Tanrının dini adalandırmış, bir Peyğəmbər kimi həmişə Tanrıya müraciət etmişdir.
“Avesta”ya parslar tərəfindən sonradan əlavə edilən Əhrimən şərin simvolu olmuşdur. Bununla da kifayətlənməyən parslar Türklərin “Əbədi Tanrı” anlamına gələn “Tanqrı Bengü (Mengü) “sünü” “Anqra Manyu” adı altında “İblis” elan etmiş, ilkin “Avesta”dakı Tanqrı Bengünün yerinə Assur-Babil mifologiyasından əxz etdikləri “Ahura-Mazda”nı (Hörmüzü” qoymuş və onu xeyrin rəmzi kimi qələmə vermişlər. Beləliklə parslar monoteist bir din olan Azərdüştlüyü dualizmə çevirmişlər. Bu parslaşdırılmış “Avesta”nı Pəhləvi dilinə tərcümə edərək onun Türk ruhunu pars ruhu ilə əvəz etmişlər. Bu parslaşdırılmış şovinist “Zəndi-Avesta”da Turanlılar parsların əbədi düşməni kimi göstərilmiş, sonradan şovinist Firdovsi də öz “Şahnamə”sində bu düşmənçiliyi daha da dərinləşdirmişdir. Bu şovinist fars-Türk düşmənçiliyi nəhayət mehtərbaşı Rzanın hakimiyyətə gətirilməsi ilə yenidən gündəmə gətirilmiş və bu gün də İran molla rejimi tərəfindən davam etdirilməkdədir.
Parslar guya “Avesta”nın icmalı olan “Xırda Avesta”da Türk “Avesta”sına məxsus bir sıra “Qata” müddəalarını müəyyən dəyişikliklə saxlamağa məcbur olmuşdular. Bu müddəalarda Azərdüşt deyir ki: “Ey Mazda! (Oxu: Ey Tenqri!). Mən öz uğurlu düşüncəmlə dərk etdim ki, Varlığın ilki də , sonu da Sənsən! Ən düzgün, ən doğru hakim Sənsən! Həm hökmdarlıq, həm də qüdrət Sənin əlindədir. Sərəfindən ilk seçilmiş adam (Peyğəmbər- A.M) mənəm”. Ey Mazda! Əlbəttə, mən Sizdən bəhrələnəcəyəm, çünki Siz Peyğəmbərinizə mehribansınız. Mən Zərdüşt bacardıqca yalançının əsl düşməni, doğruçunun güclü himayəçisi olacağam ki, gələcəkdə dilədiyim Cənnətə nail olam. O zamanadək isə Mən Sənə sitayiş edib İlahi Nəğmələr qoşacam. Bəli, yalan dünyası istədiyinə çatsa da sözsüz ki, sonda məğlubiyyətə uğrayacaq. Ey Mazda! Zərdüşt özü üçün Sənin o müqəddəs Ruhunu seçdi. Ey Ahura Mazda! İndi isə qüdrət Sənindir ki, doğruluqda həyat sürən yoxsulların yaşayışını yaxşılaşdırasan!
Ey insanlar! Nə qədər ki ürəkdən çalışmaq həvəsi ətinizdə, qanınızda vardır, mükafatınız bu Muğ dini olacaqdır ki, onunla yalançının ruhu uzaqlaşıb, beli bükülərək sınıb aradan gedəcəkdir. Bu Muğ dinini əldən versəniz, axır sözünüz peşmanlıq sədası olacaqdır.
Ey Mazda! Bu ilk dini göndərdiyin vaxtdan bəri doğruluq yanlışı o adamdır ki, doğruçunun dostu olsun. Ey Mazda! Özün nəzər salıb bir dost kimi dostuna yardım göstər. Doğru din üzrə müqəddəs düşüncənin bəhrəsindən məni agah et. Doğru din qanunları ilə yaşayan ağıllı adam yalan dinə inanan adamları da doğru din yoluna gətirməlidir. Düşüncəli adam əşrafı və başçıları başa salmalı, onları yalan dinin zərəzrindən qurtarmalıdır” (Seçmələr bizimdir- A.M. Bax: Baloğlan Şəfiyev, Zərdüşt, Avesta, Bakı 1996)
Azərdüşt ağlı, zəkası, mübarizliyi, dönməzliyi, elmi, fəlsəfi və dini təlimləri iloə özündən sonrakı bütün dinlərə, həmçinin Yunan filosoflarına güclü təsir göstərmişdir. Yunanlılara Azərbaycan Türk Muğamlarının yaşayış tərzi, həyat şəraiti, geyim və yeməkləri də təsir göstərmiş, Yunanıstanı böyük fəlsəfə yoluna yönəltmişdi. Azərdüştlük bütün Yunan fəlsəfəsinin ilkin qaynağı olmuş, Anaksimandr, Anaksimen, Heraklit, Pifaqor, Demokrit, Platon, Aristotel və s. kimi Yunan filosoflarının hamısı Azərdüştlükdən qidalanmışlar.

Baxış sayı: 601