İdman
13.09.2015 / 06:00

Azərbaycan millisi Avropa çempionu olub

Azərbaycan millisi Avropa çempionu olubBu gün polo üzrə Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatının finalında Almaniya yığmasını 6:5 hesabı ilə məğlub edərək birinci yeri tutub.

İnform.az -ın məlumatına görə, çempionatın sonuncu günündə final qarşılaşmasından əvvəl beşinci və üçüncü yer uğrunda oyunlar keçirilib.

Günün ilk qarşılaşmasında meydana çıxan İtaliya komandası İsveçrə seçməsini 7:5 hesabı ilə məğlub edərək Avropa çempionatında beşinci yerə sahib olub. İkinci görüşdə İrlandiya poloçuları İspaniya kollektivindən üstün olaraq turnirdə üçüncülüyə yiyələniblər.

Çempionatın final görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi yarışın birincisi olmaq uğrunda Almaniya yığması ilə qarşılaşıb. Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan poloçuları rəqibləri üzərində 6:5 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına sahib olublar. Ümumilikdə Azərbaycan yığması çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vuraraq böyük uğura imza atıb.

Sentyabrın 4-dən 12-dək keçirilən çempionatda Azərbaycan, Almaniya, İrlandiya, İsveçrə, İtaliya və İspaniya yığma komandaları mübarizə aparıb.

Baxış sayı: 334