Baş xəbər, Mədəniyyət, Müsahibə
12.09.2015 / 17:14

“Müsəlman elementlərini görəndə əsəbləşirəm”

“Müsəlman elementlərini görəndə əsəbləşirəm”


Aktyor və rejissor Şeyx Əbdül Mahmudbəyov İnform.az-a danışdı:





- Əbdül müəllim, yeni bir filmə çəkildiniz, bir az bu haqda danışaq...

- Olar, danışaq. Düzdür, çəkildim yeni bir filmə. Amma onu da qeyd edim ki, bəlli səbəblərə görə, çox uzun vaxtdır aktyorluqdan imtina etmişdim. Bu yaxınlarda kinostudiyanın direktoru Müşfiq Hətəmov məni kinostudiyaya dəvət etdi. Bildirdi ki, iki tələbəmiz xaricdə kino təhsili alıb, vətənə qayıdıb və istəyirlər ki, diplom filmlərinə səni çəksinlər. İlk olaraq ssenarini oxudum, həqiqəti deməsəm ağzım əyilər, çox xoşuma gəldi. Bu iki filmin ikisində də əsas rollardan birinə çəkilmək qərarına gəldim. Birinci, bu diplom filmi kimi nəzərə alınıb çəkilsə də, daha sonradan materiallar çox olduğundan bu filmlərin hərəsi bir saatlıq film oldu. Az-az hallarda filmlərdə özüm-özümü səsləndirmişəm, çünki çəkildiyim filmlərdə rejissor kimi də çalışdığımdan obrazımı səsləndirməyə vaxt qalmırdı.

- "Yeddi oğul istərəm" filmində yeddi oğuldan birisiz. Talehin qismətiylə həmin oğullardan bir neçəsi rəhmətə gedib, bəs həyatda olanlarla əlaqəniz varmı?

- Bəli-bəli. Allah dünyadan köçən qardaşlarıma rəhmət eləsin (Gözləri dolur). Onlara həmişə rəhmət oxuyuram. Bu gün yeddi oğuldan mən, Rafiq Əzimov və Ənvər Həsənov yaşayır. Tez-tez zəngləşirik, vaxtaşırı görüşürük.

- Bu gün gənclərin istədiyini həyata keçirmək üçün qarşıda duran maneələr azdır. Sizin vaxtınızda isə tam əksinə. Keyfiyyət yenə də aşağıdır. Səbəb nədir?

- Demişəm, deyirəm, deyəcəyəm də, çörəyi çörəkçiyə vermək lazımdır. Böyük məktəb görməyən, pedaqoji savadı, səviyyədən xəbəri olmayan adamların tələbəyə dərs deməyə haqqı yoxdur. İllərdir bu universitet fəaliyyət göstərir, ancaq nəticə yoxdur, olmayacaq da. Yaxın günün söhbətidir. Universitetin rejissorluq fakültəsinin iki tələbəsi məni yolda saxlayıb, hal-əhval tutdu. Tələbələrdən rejissorluq fakültəsinin rəhbərinin adını soruşanda bir qadın adı çəkdilər ki, vallah, billah əlli ildir rejissoram, o adda rejissor tanımıram. Heç adı da yadımda qalmadı ki, sizə deyim.

- Bu gün çəkilən seriallara münasibətiniz?

- Yaxın günlərdə mənə zəng gəldi ki, Şeyx Əbdül, sizi serialda bir rola çəkmək istəyirik. Əgər razılıq versəniz, gəlin danışaq. Ssenarini istədim ki, göndərin oxuyum cavabımı sonra deyərəm. Dedi ki, nə ssenari, ssenari yoxdur. Dedim ki, oğlum, elə şey eləmə. Kino ədəbi materialın üstündə qurulan yaradıcı insanların zəhmətidir. Ədəbi materialın yoxdursa, sən necə serial çəkə bilərsən? Mən iş görməyin tərəfdarıyam. Heç nədən heç nə əmələ gəlmir. Hər halda iş görülsə, bu işin içində seçməyə də nəsə tapmaq olar. Professionallıq da buradan yaranır.

- Son dəqiqədə filmdən uzaqlaşdırılanlar çox olub?

- Çox təəssüflər ki, bu hallar bu gün də var. Mənə qarşı da çox böyük haqsızlıqlar olub. Amma indi onlardan danışmaq istəmirəm. Hər bir haqsızlığın qarşılığını Allah verir. Allah da o insanlara layiqli cəzalarını verib.

- Bu gün ifa mədəniyyəti sizi qane edirmi?

- Mən peşəkar sənət adamıyam. Qondarmalardan deyiləm. Mənim səsə, sözə, musiqiyə konkert yanaşma tərzim var. Azərbaycan yaradanların məkanıdır, yaradılmışların yox. Azərbaycan enerji mənbəyidir. Bu Azərbaycan üçün İlahi bölgüdür.
Qane etmir ona görə ki, bu gün ifaçıların musiqi təhsili yoxdur. 1972-ci ildə Alim Qasımov gəldi mənim yanıma. Dedi oxumaq istəyirəm. Dedim ki, o qədər oxuyan var, sənin nəyinə gərəkdir oxumaq. Cavan uşaqdır, bığlı, başında buxara papaq. Mənim də bu puxara papaqdan heç xoşum gəlmir. Ümumiyyətlə, müsəlman elementlərini görəndə əsəbləşirəm. Mən arxaik müsəlman təfəkkürünü qəbul etmirəm.
Hə, Alim oxudu, qulaq asdım. Nə isə bununla işləyəsi oldum. O vaxt əsl məhşurlardan dərs aldı Alim. Ona görə də bu gün Alim Qasımov muğamatda heç bir təsadüfi qəzəl oxumur. Ona görə də yaxşı deyilib ki, gördüyün işin dəyəri qiyməti, onun nəticəsi ilə ölçülməlidir. Biz İlahinin bizə veriyi dəyəri dərk etmirik. Qismətdən qaçırıq. Nadanlığımızdan, savadsızlığımızdan, qudurğanlığımızdan mərkəzdən qaçırıq amma son nöqtədə Allah qulağımızdan tutur deyir - ay bəndə, gözünü aç, özünə gəl. Hə, bax onda ayılırıq.

- Siz bir vaxtlar kino estetikası ilə məşğul idiniz. Sonralar isə televiziyalarda sizi münsif kimi gördük. Hansı daha cətindir?

- Televiziyaya dostlarımın sözünə görə gəldim. Həm də düz qeyd etdiniz, müsabiqələrə təmənnasız, obyektiv qiymət verən şəxs olaraq münsif kimi dəvət olundum.
Düşünürəm ki, işi bilirsənsə, cətin heç nə olmur. Amma heyf ki, televiziyalarda bərbad verlişlər efirə buraxılır. Şou-biznesdəki eybəcərliklər və onlara pul buraxan savadsız, səviyyəsiz sponsorlar xalqımızın gəncliyinə pis örnəkdir. Televiziyamız onurğasız bir vəziyyətdədir. Amma ümid edək ki, belə getməz….

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 747