Baş xəbər, Maqazin, Müsahibə
12.09.2015 / 10:04

“Son anıma kimi haqqım üçün mübarizə aparacağam”

“Son anıma kimi haqqım üçün mübarizə aparacağam”
Bənzərsiz səsi ilə minlərlə insanın qəlbinə yol tapan, öz əzmliliyi ilə hər bir çətinliyi dəf etməyi bacaran, yaddaşlarda bənzərsiz sənəti ilə qalan əməkdar artist Kəmalə Rəhimli İnform.az saytına ürəyini açdı.

- Necəsiniz, səhhətiniz necədir?

- Səhhətimdə dəyişən heç nə yoxdur. Xəstəyəm. İyirmi ildir şəkərin nazı ilə oynayıram. Gözlərimi də aldı əlimdən. Nə qışın soyuğunu, nə yayın istisini doya-doya yaşaya bilmirəm. Adlarını çəkmək istəmirəm. Təşəkkür etməyi özümə borc bilirəm. Çünki məni pulsuz müayinə edən həkimlərimizin Allah canına dəyməsin. Qara qəpiksiz məni yoxladılar. Səhhətimdə olan mənfilikləri aşkar etdilər. Bəstəkarımız Rauf Məmmədov məni narahat edən məsələ üçün məni pulsuz müayinəyə apardı. Təmənnasız həkimlərin qarşısında baş əyirəm. Allah heç kimə əzab çəkə-çəkə ölməyi nəsib etməsin. Az qidalanıram, eləcə demək olar ki, çöplənirəm ki, mədəmdə olan yırtığa ağırlıq düşməsin. Bax beləcə gecə-gündüz öz sağlamlığımla məşğulam. Eləcə ağrılarımı necə akitləşdirməyimi düşünürəm. O gün bir dostum mənim sosial şəbəkədə cavanlıq şəkillərimi paylaşıb. Gəlib deyir ki, Kəmalə xanım mən heç bu qədər sosial şəbəkədə şəkilə münasibət yazılmasını görməmişdim. Sizi nə çox istəyən insan var. Gözlərim doldu, deyirəm hə paylaş şəkillərimi bəlkə ölüb elədim. (Ağlayır) İndiki gənc nəslin məni tanımamağı məni üzür.

- Niyə, sizi dövlət rəhbərliyi öz himayəsinə götürüb xaricdə müalicə elətdirmir? Bəyəm sizin xidmətləriniz az olub Azərbaycan üçün?

-Bu sualı qızım, mənə çox verirlər. Mən susuram. Düşünürəm ki, bu sual mənə yox lazımi ünvanlara yönəlməlidir. Mən də, xalq da mənim millətim üçün etdiklərimi bilirik. Lazım olan yerlər də bilir, ancaq qəbul edib həzm edə bilmir. Bircə dəfə gedib onlardan soruşun. Çox gec olsa da müraciət etdim. İnşallah baxılıb cavab verilər. Bu qədər çəkdiyim əzab-əziyyət boşa keçib, hədər olmaz. Nəyə görə mənim illərimin zəhməti hədər olmalıdır? Qoymaram hədər gedə, sağlamlığımı verdiyim illərim. Son anıma kimi haqqım üçün mübarizə aparacağam. Mən halal eləmərəm, əgər haqqım kimdəsə qalarsa.

- Dünən çıxıb bu gün haqq, fəxri ad, yer davası edənlərə baxanda özünüzü qınayırsınız?

- Məni heç vaxt heç kim maraqlandırmayıb. Həmişə başımı aşağı salıb öz işimi görmüşəm. Kim nə istəyir, kim nə tələb edir özü bilər. Amma öz haqqım mənimdir, son nəfəsimə kimi almaq üçün vuruşacağam. Kimin nəyi varsa, halal xoşları olsun. Məni düşündürən mən və sağlamlığımdır. Mən sənətimdə o qədər əzab, qorxular çəkdim ki, şəkərə tutuldum. Əzablarımın nəticəsini istəyirəm və gözləyirəm də.

- Sizin dövrünüzdə sənət birinciydi, pul sonuncu. İndi tam əksinədir. Heç olurmu deyəsiniz, kaş məndə pulu birinci məqsədim biləydim?

- Bu günkü yaşamağıma, həyatıma baxanda yüz dəfə özümü qınayıram, deyirəm aylarla Rəşid Behbudovla qastrollarda səfərdə olub toylarımı ixtisara salmışam. Günümə beş –altı toy olardı. Qastrollara gedib toylara getmirdim. İndi peşmanam. Kaş vaxtında toylara gedib pulumu yığardım altıma, indi də peşman olub əliboş dövlətdən nəsə gözləməzdim. Pulum olsaydı, heç kimə ağız açmazdım, heç tələb də eləməzdim. Mən halal adamam. Mənim nəslimdən beş azərbaycanlı oğul vətənin müstəqilliyi uğrunda qurban gedib. Rəhimlilər nəsli Azərbaycan uğrunda daim canlarından keçib. Mən ziyalı nəsillərinin nümayəndəsiyəm. Elə-belə nəsildən çıxmamışam. Yusif Rəhimli mənim əmim olub. Hüquq fakultəsinin banisi. O öldü, bizim də arxamızda duran olmadı, unutdular. Atam da olmadı, anam beş uşaqla çabalaya-çabalaya bizi böyütdü. Bir kimsə qapımızı döyüb, ac, susuz qaldığımızı bilmədi.

- Kəmalə Rəhimli nəyə ən çox kaş etməzdim söyləyir?

-Sağlamlığımı itirməyimi özümə bağışlamıram və kaş özümə yaxşı baxardım. Buna görə çox peşmanam. Qışda da, yayda da sağlamlığımın qeydinə qalmadım. Bir kişi də sevmədim ki, deyim sağlamlığımı ona qurban verdim. Tək sənəti sevdim və sağlamlığımı da canımı da qurban verdim. İndi nəvəsi yaşında oğlanla çıxır efirə deyir sevgilim var, sevgilimdir. Ay bala ayıbdır. Sənin sevgilim dediyin nəvən yaşındadır. Ayıbdır. Gənc qızlar nə tərbiyə götürsün bu yaşlı nəsildən. Ayıbdır. Azərbaycan qadınlarının dəyərləri, abrı-həyası olub daim. Efirdə belələrini görəndə mən utanıram onların yerinə. Qışın soyuğunda, yayın istisində canıma qəsd etmişəm. Allah bu əzabları kimə keçər? Heç kimə.

Aysel Talıbqızı /İnform.az

Baxış sayı: 1014