Şərhlər
10.09.2015 / 12:10

Türklərin dini dünyagörüşü və din anlayışı

Türklərin dini dünyagörüşü və din anlayışı
Aydın MƏDƏTOĞLU / İnform.az

(VIII yazı)


Türklərin bəşəriyyətə bəxş etdiyi ən böyük və mükəmməl təktanrılı dinlərdən biri də Azərdüştlük dinidir. Azərdüştlük (Zərdüştlük) dini dünyanın ən qədim təkallahlı dinlərindən biri sayılır. Bəzi tədqiqatçılar Azərdüştlüklə Atəşpərəstliyi eyniləşdirirlər ki, bu fikir kökündən yanlışdır.
Eradan əvvəl II minillikdə yaşadığı güman edilən Türk Azərdüşt (Perslər izi itirmək üçün “A”nı yemiş, “Azər”i “Zər”ə çevirmişlər- A.M) tərəfindən yaradılan və bəzi tarixi əsərlərdə “Azərdüştlük” kimi qeyd edilən bu din “Tufan”dan sonrakı bəşər tarixinin ilk monoteist dini, onun müqəddəs kitabı “Avesta” ilk mükəmməl dini kitabı olmuşdu.
Bəzi tədqiqatçılara görə, qədim Günəş İmperiyasının dini təlimi ilə Azərdüştün təlimi eyniyyət təşkil edir. Onlar göstərirlər ki, “Belə anlaşılır ki, Zərdüştün (oxu: Azərdüştün-A.M) Günəş İmperiyası hqqında bilgisi olmuş, bu İmperiyanın bəzi atributları “Avesta”da iz salmışdır... O da nəzəri cəlb edir ki, Günəş İmperiyasındakı dini anlayışla “Avesta”dakı dini anlayışlar arasında bənzərliklər çoxdur. Hər ikisində tək tanrıçılıq, hər ikisində Günəşə, yerdə Oda təzim, xeyir və şər motivləri, insanlığa hörmət və qayğı, demək olar ki, eynidir” (Bax: Qara Namazov, C. Cörçvordun tarixi kəşfləri, Bakı 2010, səh.9)
Qədim yunan müəllifləri Plutarx və Pliniyə əsaslanan Azərbaycan alimi Baharlı göstərir ki, “Zərdüştün (Oxu: Azərdüştün- A.M) adı Azərbaycanın adı ilə sıx bağlıdır. Zərdüşt öz təlimini öz vətəni olan Azərbaycanın adı ilə sıx bağlıdır. Zərdüşt öz təlimini öz vətəni olan Azərbaycanın zəngin əbədi odunun təsiri ilə yaratmışdır... Qədim yunan müəllifləri Plutarx və Pliniy Zərdüştü hətta Nuhdan öncəki dövrlərə, bəziləri “Troya müharibəsi”ndən beş mininci illərə, yeni eradan əvvəl 6193-6184-cü illərə, Suriya və ərəb mənbələri Avraam (İbrahim Peyğəmbər- A.M) dövrünə, yeni eradan əvvəl II minilliyə, müasir tədqiqatçılar isə eradan əvvəl 660-583-cü illərə aid edirlər. Məşhur tədqiqatçı alim Oldenberqin fikrincə, yunan tarixçiləri (Plutarx və Pliney nəzərdə tutulur- A.M) Zərdüştün fəaliyyət dövrünü Nuhdan əvvəlki dövrə aid etməklə bu cür kobud səhv edə bilməzdilər. Hər üç fikrin ifratçılığını kənara qoysaq belə bir qənaətə gələ bilərik ki, Zərdüşt eradan əvvəl iki mininci illərdə yaşamışdır” (Seçmələr bizimdir- A.M Bax: Məhəmməd Həsən Vəliyev (Baharlı), Azərbaycan (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk), Bakı 1993, səh. 5,6).
Öz mənbəyini qədim Günəş İmperiyası və Birinci Böyük Turan İmperatorluğunun, xüsusilə “Tufan”dan sonrakı İkinci Böyük Turan İmperatorluğunun maddi və mənəvi varisi olan qədim Şumer Türklərinin dini inanclarından, ədəbi-fəlsəfi görüşlərindən, elmi fikir və düşüncələrindən alıb onlara doğruluq, dürüstlük, ədalət, məhəbbət və s. kimi insani keyfiyyət aşılayan, insanları bəd əməllərdən, şər işlərdən çəkindirən Türk Peyğəmbəri Azərdüşt insanları miflərdən, çoxallahlıqdan ayırıb təktanrılı dinə yönəltməyə müvəffəq olmuşdu. Lakin Azərdüştün ölümündən, xüsusilə bir tərəfdən Babillərin Midiyaya müdaxiləsindən, digər tərəfdən də Midiya hökmdarı Astiyaqın xəyanət nəticəsində öldürülməsində istifadə edən parslar Midiya taxt-tacına sahib olduqdan sonra bu dini özlərinin qalxanına çevirmiş, bu dinə əlavələr edərək onu pars şovinizmin alətinə çevirməyə müvəffəq olmuşdular.
Eradan əvvəl 1300-cü illərdə yaranan, Aralıq dənizindən Çinə qədər yayılan, bütün Yunan fəlsəfəsinin ilkin qaynağı və əsası olan, Yunanıstanı böyük fəlsəfəyə, dünyanı metafizik və fiziki dərkə yönəldən, təkallahlı dinlər olan İndizm, Xristianlıq və İslam dinlərinin ilkin qaynağı sayılan, yayıldığı ölkələrdə tərəqqiyə, inkişafa səbəb olan təktanrılı Azərdüştlük dini Əhəmənilər və xüsusilə, Sasanilər dövründə parsizmin çoxallahlıq təlimi ilə təhrif edilərək sonda “Atəşpərəstlik” pərdəsi altında mifik parsizm yaranmış, əsatiri pars təfəkkürü gerçəkci Türk təfəkkürünə üstün gəlməsi ilə nəticələnmişdi. Bütün bunlar da sonda dindən əfsanəyə qayıtmaq, bilimdən geri dönmək olduğundan Yaxın və Orta Şərq xalqlarının sonrakı təktanrılı dinlərin təsiri altına düşməsinə vəsilə olmuş, bu xalqların bir hissəsinin İndizmə, bir hissəsinin Xristianlığa, bir hissəsinin də İslama yönəlməsinə və beləliklə, xalqlararası dini çatışmalara, qırğınlara, qanlara, müharibələrə səbəb olmuşdu.

Baxış sayı: 1011