Şərhlər
10.09.2015 / 11:38

İranda Türk şiəçiliyi və Fars şiəçiliyi - I yazı

İranda Türk şiəçiliyi və Fars şiəçiliyi -

Doç.Dr. Faiq ƏLƏKBƏROV


19-cu əsrin əvvəllərində çar Rusiyasının Azərbaycanın şimalını işğal etməsi və bunun ardınca yerli əhaliyə qarşı assimilyasiya siyasəti yürütməsi, özəlliklə yerli türkləri məzhəbləşdirmə və slavyanlaşdırma prosesi, eyni zamanda Azərbaycanın cənubunda və bütün İranda hakimiyyət sürən türksoylu Qacarların zərdüşt ruhlu fars şiəçiliyinə meyilliyi Azərbaycan türklərinin həyatında yeni bir mərhələ olmuşdur. Çünki Azərbaycanın cənubunda və şimalında bu proses fərqli olmuşdur. Burada əsas fərq Azərbaycanın şimalında yaşayan Azərbaycan türklərinin xristian çar Rusiyasının istilasında olduğu halda, Azərbaycanın cənubunda yaşayan soydaşlarımızın onların soyundan olan Qacarlar sülaləsininin darəetdiyi müsəlman-şiəçi İran hakimiyyətində qalmaları idi.Ona görə də, bu fərqli yolları incələmək lazımdır. Bunu, incələmədən hansısa qərarlar vermək doğru deyildir.
Hər halda istənilən ulusda milli özünüdərk o vaxt başlayır ki, milli mənsubiyyətinin, dilinin, mədəniyyətinin, ədəbiyyatının saxtalaşdırılmasıyla yanaşı, onu tamamilə fərqli dünyagörüşə, həyat tərzinə məcbur edirlər. Bu anlamda 19-cu əsrdə Azərbaycanın şimalında yaşayan türklər ruslaşmağa və xristianlaşmağa sövq edildiyi halda, Azərbaycanın cənubundakı soydaşlarımız farslaşamağa və zərdüştçülüyə məcbur edilmişdir. Onu da hökmən deməliyik ki, 19-cu əsrə qədər Azərbaycan türklərinin əsasən, farsçılıq və zərdüştçülük problemiylə mücadilə veriblər. Çünki ruslar Azərbaycan türkləri üçün bəzi istisnaları nəzərə almasaq, yeni təhlükə idi. Amma türksoylu etnosların, o cümlədən Azərbaycan türklərinin farssoylu etnoslarla bütün sahələrdə (həyat tərzi, inanclar, etiqadlar, adətlər və s.) mücadiləsinin ən azı 3 min il tarixi var. Məncə, bu 3 minillik tarix farsdilli etnoslarla türkdilli etnosların dünyagörüşü arasındakı fərqləri əsasən, aradan qaldıra bilməmişdir. Bu fərqliliyi görmək üçün onların həyat tərzlərinə və inanclarına nəzər yetirmək kifayətdir.
Doğrudur, 3 min il ərzində farsdilli etnoslarla türkdilli etnoslar əsasən eyni dövlətlərin və ya da imperiyalarn tərkibində bir yerdə yaşamışlar, yaşamağa da davam edirlər. Belə olduğu təqdirdə, düşünə bilərik ki, fərqli həyat təzinə, dünyagörüşünə sahib olan farsdillilər və türkdilllər istər-istəməz bir-birlərindən müəyyən adət-ənənələri, qaydaları mənimsəmişlər. Əlbəttə, bu istisna da deyildir. Öncəlliklə, Midiya, Əhəmənlər, Parfiya, Sasanilər kimi imperiyalar onların həyat tərzinə və dünyagörüşünə qarşılıqlı olaraq xeyli dərəcədə təsir göstərmişdir. Xüsusilə, atəşə, günəşə, aya, suya və s. ünsürlərə sitayişdə oxşarlıqların olması buna nədən olmuşdur. Bundan irəli gəlir ki, bu gün artıq bir çox alimlər kimmerlər, iskitlər, saklar, massagetler və başqa qədim tayfaların farsdilli, yoxsa türkdilli olması haqqında qəti rəyə gələ bilmirlər. Hətta, bəziləri çıxış yolunu onda tapırlar ki, iskitlərin bir hissəsi farsdilli, digər hissəsi türkdilli olmuşdur. Çox maraqlıdır ki, bu mübahisələr Orta çağdakı tayfalarla bağlı da davam etməkdədir. Məsələn: Səfəvilərin, Şəddadilərin, Rəvvadilərin, Şirvanşahların türkdilli, ya da farsdilli olmasıyla bağlı fikirlər vardır.
Məncə, bütün qəsdli və qəsdsiz ziddiyyətlərə baxmayaraq, bir şey dəqiqdir ki, türksoylu və farsoylu etnoslar dünyagörüşcə, həyat tərzi baxımından, adət-ənənələrinə görə ciddi şəkildə bir-birlərindən fərqlənirlər. Özü də bu fərqlər 3 min il öncə aşağı-yuxarı necə idisə, bu gün də elədir. Burada hansısa millətin üstün götürülüb, hansısa millətin aşağılanmasından söhbət gedə bilməz. Yəni məsələ, dünyagörüş, həyat tərzi fərqliyindədir. Bir alman bir fransız olmadğı kimi, bir türk də fars ola bilməz. Doğrudur, adətən dinlərin bu fərqləri aradan qaldıra bildiyi inancı olmuşdur, indi də buna inanalar var. Amma mən, bu məsələyə fərqli yanaşıram. Mənə elə gəlir ki, bir dində müxtəlif məzhəblərin yaranmasına əsas səbəb etnik kimliklərlə bağlıdır. Hər bir ulus vahid bir dində nəyəsə, kiməsə üstünlük verir, nəyi və kimisə öz milli adətlərinə və qəhrəmanlarına oxşadır, bununla da məzhəblər, təriqətlər yaranır. Ancaq dinə sadiqliyini göstərmək üçün etnik kimliyini deyil, dini kimliyini qabardırlar.
Bu anlamda özəlliklə, Orta Çağda hansı tayfaların etnik kimliyini müəyyənləşdirmək mümkün olmursa, deməli orada məzhəblə bağlı problem var. Bundan yan qaça bilməyənlər arasında Səfəvilər də var. Məncə, Türk Səfəvilərin İslam dininin daşçıyıcı olmaq anlamında ərəblərlə, qədim şahlıq taxtına layiq olmaq üçün Əhəmənilərlə-Sasanilərlə qohumluq əlaqələrinin olmasını irəli sürməsi ideoloji mahiyyətli idi. Beləliklə, Səfəvi ideoloqları üç fərqli etnoslar üzərində hakimiyyət sürə bilmək üçün hər üç etnosun dəyərlərindən istifadə etməyə çalışmışlar.
Halbuki, Orta çağda Azərbaycanda və İranda Səfəvilərə qədər hakimiyyət sürmüş Sacilər, Atabəylər, Elxanilər, Qaraqoyunlular və Ağqoyunlular buna bir o qədər də ehtiyac duymamışdılar. Məsələn, Uzun Həsən birmənalı şəkildə şəcərəsini Oğuz xana bağlayırdı. Bu da ondan irəli gəlirdi ki, onlar dini-ruhani hakimiyyətə nəinki meyil göstərir, əksinə mümkün olduğu dərəcədə belə hakimiyyətə qarşı idilər. Türk hökmdarları din gücünə hakimiyyətə gəlmədikləri üçün, ayrı-ayrı dini məzhəblərə, təriqətlərə də tolerant münasibət bəsləmişlər. Məsələn, Sultan Mahmud, Şəmsəddin Eldəgəz, Atabəy Pəhləvan, Qara Yusif, Cahanşah Həqiqi, Uzun Həsən, Əmir Teymur və başqa türk hökmdarları dini-ruhani hakimiyyətdən çox uzaq idilər. Türk hökmdarları türkruhlu sufilərədə, hürufilərdə, eyni zamanda zərdüştçü, daha sonra zərdüştçü-şiəçi farsdililərə də demək olar ki, eyni gözlə baxırdlar.
Bu anlamda etiraf etməliyik ki, Səfəvilərin İslam dinində bir məzhəbə meylli olması türklərin dünaygörüşünə zidd idi. Bununla da Səfəvilərdə dövlətlə Türk ulusu arasında ziddiyyətlər meydana çıxmışdır. Çünki Türk ulusunda ümumiyyətlə, dini-ruhani sisteminə meyllilik çox azdır. Demək olar ki, bütün Türk dövlətləri başlanğıcda dini-ruhani sistemdən uzaq olublar. Deməli, Səfəvilər bəlkə də ilk dəfə, hakimiyyətə gəlmək üçün dini ideologiyadan yararlanmış, sufi-şamanlığa əsaslanan Türk şiəçiliyini irəli sürmüşlər. Bu anlamda Səfəvilərin ilk hökmdarları Şah İsmayıl, Şah Təhmasib və b. Sufi ruhlu Türk şiəçiliyini dini qurmağa çalışmış, türkruhlu Qızılbaş ideologiyasını, türk sufiliyini, türk ozanlığını, türk ələviliyini təbliğ etmişlər. Bütövlükdə Səfəvilərin sufi-şaman ruhlu Qızılbaş ideologiyasını türk şiəçiliyi də adlandırmaq olar. Amma Səfəvilərin şamançı-sufi ruhlu türk şiəçiliyi 100 il sonra zərdüşt ruhlu fars şiəçiliyinə təslim olmuşdu. Yəni Səfəvilərin hakimiyyətinin ikinci yarısında türk dünyagörüşü fars dünyagörüşünə yenilmişdi. Amma hakimiyyətdə yenə də Türk Səfəvilər idilər.
Bunu, Azərbaycan tarix kitablarında bir qədər fərqli şəkildə izah edirlər. Azərbaycan tarixçiləri yazırlar ki, Səfəvilərdə Şah Abbasın hakimiyyətə gəlməsiylə Azərbaycan Səfəvi dövləti süquta uğradı, onun yerinə İran Səfəvi dövləti ortaya çıxdı. Məncə, məsələnin “Azərbaycan” və “İran” anlayışları adı altında qoyuluşu düzgün deyil. Yəni məntiqsizlikdir ki, Səfəvilərin paytaxtının Türk Qəzvindən fars şəhəri İsfahana köçməsiylə, yaxud da Şah Abbasın anasının fars qızı olmasıyla, ya da sarayda farsdililərini çoxalmasıyla Azərbaycan Türk Səfəvilər devrilir və İran-Fars Səfəvilər dövləti yaranır. Bu məsələ, əsas məsələnin yanında olduqca kiçikdir. Burada əsas məsələ, şamançı-sufi ruhlu türk şiəçiliyinin zərdüşt ruhlu fars şiəçiliyinə məğlubiyyətindən gedir.
Orta çağda Azərbaycan, ümumiyyətlə İran türklərinin əsas problemi zədüştçü-şiəçi Fars dini-ruhani sistemi olmuşdur. Etiraf etməliyik ki, Ərəblər Sasani və onların zədüştçü Fars dini-ruhani sisteminə çox böyük zərbə vurmuşdu. Ümumiyyətlə, Ərəblərin hakimiyyəti dövründə zədüştçü Fars dini-ruhani sistemi çökmüşdür. Bunu, fars şairi Firdovsi 11-ci əsrdə açıq şəkildə ifadə etmiş, zədüştçü-şiəçi fars dini-ruhani sisteminin qalxınmasına səy göstərmişdir. Təbii ki, bu özünü daha çox İranda, Orta Asiyada, Kiçik Asiyada hökm sürən Türk dövlətlərində büruzə vermişdir.
Bu ilk hal deyildi. Belə hallardan biri, m.ö. 6 əsrdə Midiya dövründə baş vermişdir. Turanlıların qurduğu Midiya dövlətində şaman-maqların dünyəvilik ideyalarını, çox keçmədən farsdililər zərdüştizmə çevirdilər. Bir sözlə, Turanlı maqların ideyasını farsdilili zərdüştülər yeni bir şəkilə saldılar. Eyni zamanda hakimiyyətdə yüksək vəzifə turan farsdilli zərdüştülərin xəyanətə əl atmaları sonucunda turanlı maqlar-şamanlar farsdilli zərdüştülərə məğlub oldular. Həmin olaylar indiki İran ərazisində mövcud olmuş, o vaxtkı Midiya dövlətində baş vermişdir. O zaman turanlı maqların-şamanların Midiyasını farsdilli zərdüştülərin Əhəmənillər dövləti əvəz etmişdir.
Başqa belə oxşar hal türk Parfiya-Arşakilərin dönəmində (miladdan sonra 3 əsr) baş vermişdir. Eyni ssenari burada da təkrarlanmışdır. Bu dəfə farsdilli Sasanilər Parfiya hakimiyyətini devirərək bir daha zərdüştliyi dövlət dini elan etmişlər. Halbuki Parfiya da bütün dinlərə sərbəst təbliğat aparmaq icazəsi verilmişdi.
Bu anlamda Səfəvilərin əsasən Şah Abbasın hakimiyyəti dönəmindən başlayan zərdüşti fars-dini ruhani sistemi Əfşarlar dönəmində və Ağa Məhəmməd şah Qacarın dönəmində, yəni 18-ci əsrdə xeyli dərcədə aradan qaldırıldı. Özəlliklə, Nadir şah Əfşar və Ağa Məhəmməd şah Qacarın hakimiyyətləri dönəmində İranda və Azərbaycanda dini-ruhani hakimiyyətdən demək olar ki, söhbət belə gedə bilməzdi. Onların hər ikisi şiəçilik adı altında farsdilli zərdüştilərin hansı oyunlardan çıxdıqlarını da, eyni zamanda İslam dinini əsil mahiyyəti haqqında da kifayət qədər biliyə sahib idilər. Bu anlamda onlar fars şiəçiliyini bacardıqları qədər sıradan çıxartmağa çalışdılar.
Amma Fətəli şah Qacarın hakimiyyəti dövründə fars şiəçiliyi İranda yenidən dirçəlməyə başladı. Doğrudur, Fətəli şahdan başlayaraq yenə də Qacarların hakimiyyətində İran dövlətinin ordusunda, sarayında türklər əsas rol oynamışdır (hətta, Pəhləvilər dönəmində belə, baş nazirlər, Parlament rəhbərləri qacarlardan və başqa türk tayflarından olublar). Amma bütün hallarda Qacarlar dönəmində fars şiəçiliyi (əski zərdüştizmin yeni forması) Türk hakimiyyətini zərdüşti-farsdilli dini-ruhani sistemlə örtmüşdür. Hətta, bu prosesə İngilis-Amerikan-Yəhudi birliyinin əliylə Qacar şahzadələriylə yanaşı, bəzi Azərbaycan Türk aydınları (M.F.Axundov və b.) da cəlb olunmuşdu.

Baxış sayı: 791