Şərhlər
10.09.2015 / 11:24

Borçalı Qarabağ ola bilərmi

Borçalı Qarabağ ola bilərmivə ya mədəniyyətin kustar üsulu

Ayişə NƏBİ / İnform.az


Bir şeyi itirdikdən sonra ona sahib olmaq arzusu daha da artır, itirincə qiyməti qalxır.
Tiflisinin hər yerindən silinməkdə olan Azərbaycan tarixi özünü göstərir. Bir zamanlar burada yaşanan tariximizin indi, sadəcə, yaddaşlarda qırıntıları qalıb. Əgər belə gedərsə, bu qırıntılar da silinib gedəcək, çünki millət varlığını dili ilə davam etdirir, dil unudularsa, o millətin millət olaraq varlığı da unudulur.
“Daş yerində ağırdır”, onlar orada qədim bir el-oba, ağır elatdır, burada isə qanadı qırılmış quş kimidir. Bu elatdan çıxan hər adam “surda bir gədik açır”, bir yer boşalır, hər dağdan bir daş qopur, beləcə bir gün görəcəyik ki, dağ əriyib qurtarıb. Bax, o zaman artıq gec olacaq, o zaman artıq daldan atılan daş topuğa dəyəcək. Ondan sonra qalxıb müxtəlif səbəblər axtaracaq, günahkarlar tapacaq, sonra da alnımıza belə yazılıb səbr edin, deyərək odun üstünə su səpəcəklər. Tarix boyu olduğu kimi yenə də yaramız küllənəcək, yenə də zaman keçincə qaysaq bağlayan yaralar unudulacaq. Beləcə “içəri təpilə-təpilə” bir ovuc yurda qısılacağıq.
Böyük olma, bütöv olma, tam olma xülyamız zamanın məhək daşında beləcə aşınır. Yavaş-yavaş, hiss edilmədən, xətrinə dəymədən, incitmədən sökülüb alınır insandan özü olma istəyi, yanğısı. Sonra da “Biz belə deyildik, bizə nə oldu” deyə dizimiz döyürük.
Adi bir kəndi misal çəkim; Msxeti rayonunun Ksani kəndi -əslində Qarahasanlı kəndi. Adları dəyişildiyi kimi öz dillərində məktəbləri də ləğv olunub. Kəndin tarixi də bəllidir, bu kəndi salan insanın adı da. Ancaq bu gün bu kənddə, bu kəndin əsl sahiblərinin dilində məktəbin olmaması hansı faciənin başlanğıcıdır, bunu düşünmək belə istəmirəm. Qarahasanlı kənd məktəbinin müəllimi Cambul Məmmədov bu məktəbdə iki il öz vəsaiti hesabına “Azərbaycan dili” dərsləri keçib. Ancaq onun da gücü bu işi, sadəcə, iki il davam etməyə çatıb. Dil dərsləri ləğv olunanda əlbəttə ki, “Azərbaycan dili” ilə yanaşı onun mədəniyyəti, ədəbiyyatı, tarixi də öyrənilməyəcək və unudulacaq. Altı-yeddi yaşından uşaq hansı dillə məşğul olur, hansı dilin təsirində olursa, təbii ki, o dil ona hakim olacaq və həmin dildə düşünməyə başlayacaq, yavaş-yavaş özgələşəcək. Üstündəki insan özgələşirsə, o zaman torpaq da, yer də özgələşir.Yer, üstündəki insanla doğmadır.
Digər tərəfdən baxanda, burada yaşayanların əksəriyyəti gürcü dilini yaxşı bilməyə çalışır, yoxsa işləmək imkanları olmayacaq. Burada hakim dili bilmək az qala yaşamaq üçün şərt hesab olunur.
Bu günlərdə dalbadal şəhidlər veririk, “Şəhidlər ölməz” deyə təsəlli tapırıq. Düzdür, şəhidlər ölmür, özləri əbədilik qazanırsa da, yaşlı ata-anasını, bələkdəki uşağını, gənc ailəsini “öldürür”, bir ailənin həyatı alt-üst olur, ölkədə nə qədər bədbəxt insan olarsa, ölkə də o qədər daha bədbəxt olar. Bir yanda od-alovla, atəşlə-ölümlə vətəni, milləti sarsıdırlarsa, digər tərəfdə “pambıqla baş kəsərək”, qansız-qadasız, xoşluqla, yavaş-yavaş sıradan çıxarırlar milləti. Bir gün Borçalı da Qarabağ taleyini yaşasa, heç yerdə günahkar axtarmayaq, günah bizim özümüzdədir. Biz o böyük mədəniyyətə, o qədim elə, ağır elata sahib çıxmasaq, o möhtəşəm varlıq misqal-misqal deyil, artıq görünən bir şəkildə əriməyə başlayacaq. Orda mədəniyyətimizi kustar üsulu ilə qorumağa cəhd edən vətən oğulları olsa da, onların buna gücü çatmır, buna dövlət dəstəyi lazımdır. O qədim el-oba arxasında Azərbaycan dövlətinin dəstəyini hər an hiss etməlidir, bayramdan bayrama deyil. Buradakı hər kənd bir kəndi, hər məktəb bir məktəbi, hər şəhər bir şəhəri özünə qardaş seçə bilər. Şanlı sovet ənənəsində olduğu kimi qardaşlaşmış şəhərlər, kəndlər, məktəblər yaradılsa, daha yüksək səviyyədə əlaqələr olsa daha yaxşı olmazmı.
Borçalını Qarabağa çevrilməkdən qoruya bilərik.

Baxış sayı: 767