Baş xəbər, Siyasət, Müsahibə
09.09.2015 / 10:34

“Bu partiyaların dayanıqlığı şübhə altındadır”

“Bu partiyaların dayanıqlığı şübhə altındadır”

İctimai-siyasi proseslərin inkişafı məhz əldə edilən təcrübələrin öyrənilməsi və mütəmadi olaraq yeni elementlərin prosesə əlavə olunması ilə təkmilləşmə yolunu keçir. Bu mənada vaxtilə Milli Məclisdə olan sabiq deputatların vaxtaşırı seçki prosesinə qatılma istəkləri də təbii olaraq uğurlu variant kimi qeyd olunur. Milli Məclis yenilənməklə yanaşı, müəyyən siyasi təcrübələrə malik siyasiləri bir arada saxlamaqla da böyük bir potensialı ortaya qoymaq şansını yarada bilir. Maraqlıdır hazırkı vəziyyət, seçki prosesi sabiq deputatların müşahidələrinə əsasən necədir?

İnform.az-ın “Sabiq deputatların prizmasında” layihəsinin ilk qonağı “Dağlıq Qarabağ Azərbaycanlıları” İctimai Birliyinin üzvü Həvva Məmmədova ilə müsahibəni təqdim edirik.


“Azərbaycan əvvəlki seçkilərdə olduğu kimi bu gün də hazırlıqlı, formalaşmış və beynəlxalq qanunlar əsasında seçki keçirəcəkdir”


- Həvva xanım, seçki ərəfəsindəyik. Hazırkı seçki prosesi barədə müşahidələriniz necədir?

- Azərbaycanda formalaşmış bir seçki sistemi var. Bu sistem artıq dövlətimiz müstəqilliyini qazandıqdan sonra bütün seçkilərdə özünü yüksək səviyyədə göstərə bilib. Eyni zamanda Azərbaycanda seçkiləri müşahidə etməyə gəlmiş bütün beynəlxalq təşkilatların hər zaman burada keçirilən seçkiləri yüksək qiymətləndirdiklərini müşahidə etmişik. Müstəqilliyini yenicə qazanmış bir ölkə kimi Azərbaycan uzun müddət müstəqillik tarixi olan ölkələri seçkilərin keçirilməsi prosesində ötüb.
Seçkilərin keçirilməsi, seçkidə iştirak özü böyük bir mədəniyyətdir. Demokratik ölkələrdə hər bir vətəndaşın seçkilərdə iştirak etmə hüququ var və hər bir ölkənin iqtidarı olduğu kimi müxalifəti də prosesi düzgün dəyərləndirməlidir. Azərbaycan əvvəlki seçkilərdə olduğu kimi bu gün də hazırlıqlı, formalaşmış və beynəlxalq qanunlar əsasında seçki keçirəcəkdir. Bu gün Azərbaycanın 9 milyondan artıq əhalisi və onun 5 milyondan artıq seçicisi var. Hər bir seçkidə insanlarımızın getdikcə fəallaşdığının şahidi oluruq. Beynəlxalq müşahidəçilər həmişə vurğulayıblar ki, bizim insanlar seçkilərdə fəaldırlar və müstəqil şəkildə məntəqələrə gəlib səs verirlər. Bunun özü seçkiyə verilənə yüksək dəyərdir. Çünki bir çox ölkələrdə insanların seçkiyə getməməsi, seçkidən imtina etməsi, bəzi hallarda seçkiləri boykot etməsi barədə məlumatları alırıq. Bu da demokratik ölkələrdə seçkinin keçirilməsi və insanların seçkiyə marağı o dövlətin qoyduğu qanunların nə dərəcədə dəqiq idarə edilməsindən irəli gəlir.

- Siyasi cəmiyyətin müxalifət qanadında seçkiyə bir laqeyd yanaşmanın olması barədə çox fikirlər səsləndi. Seçkidə müxalifət iqtidarı ona imkan yaratmamaqda qınadı, iqtidar isə müxalifətin probleminin daxili zəifliyində olduğunu qeyd edərək məsələyə məntiqsiz yanaşıldığını dedi. Nə baş verir?

- Mən belə düşünməzdim. Hər halda biz də siyasi cəmiyyətin içərisində olan insanlarıq. Əgər bir insan uzun illər öz partiyasının dayağını yarada bilmirsə, hər gün partiyadan insanlar ayrılıb gedirsə və ölkənin inkişafını görə bilmirlərsə, onda bunlara nə ad vermək olar.

“Doğurdan da iqtidar partiyası Azərbaycanın müstəqilliyi, inkişafı uğrunda düzgün təbliğat aparır və qəbul edilir”



- Bəs müxalifət partiyalarında müşahidə olunanlar nədir. Sabiq deputat olaraq necə hesab edirsiniz, müxalif cəbhədə hansı oyanış var?

- Nə qədər ki, müxalifət partiyalarında “mənəm”lik, birinci olmaq, başqalarının fikirlərini düzgün qəbul etməmək kimi iddialar var, deməli bu partiyaların dayanıqlığı şübhə altındadır. Bu partiyada olan insanlar ya istefa verib gedirlər, bir-birlərini ittiham edirlər, ya da qınayırlar. Əgər müxalifətdə olanlar belə bütövlüyü olmayan partiya yaradıblarsa, iqtidar buna nə etsin? Müqayisə etsək görərik ki, doğurdan da iqtidar partiyası Azərbaycanın müstəqilliyi, inkişafı uğrunda düzgün təbliğat aparır və qəbul edilir. Müxalifət partiyalarından başqa münasibətləri görürük. Axı, hər şeyi qara görmək olmaz. Bəzən görürsən ki, elə fikirlər səsləndirirlər ki, adam utanır. Düşünürsən ki, bunlar ölkənin 1992-93-cü illərdəki vəziyyəti ilə bu gününü necə müqayisə edə bilmirlər? Belə misallar çox çəkmək olar. Hələ Qarabağ hadisələrinin başlandığı ərəfədə yaşadığımız olaylar – torpaqların işğalı, 1 milyondan artıq qaçqının olması, ölkədə olan çətin durum, köçkünlərə olan münasibət və sair hadisələri düzgün təhlil etmirlər. Bəzən onlar unudurlar ki, insanlar səhərə qədər çörək növbəsinə dururdular, səhərə qədər talonla ərzaq alırdılar. İndi isə vəziyyət tamamilə başqadır.

- Həvva xanım, sabiqlərin yenidən seçkilərə qatılması tendensiyası yaranıb. Siz bu barədə düşünmüsünüzmü?

- Bu barədə düşünmürəm və yəqin ki, yaxın günlərdə fikirlərimi bildirəcəm.

“Separatçı bir rejimin belə seçkinin aparmasının məqsədi yalnız ideoloji təbliğat və Azərbaycan tərəfi qıcıqlandırmağa yönəlib”


- Siz “Dağlıq Qarabağ Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü kimi son vaxtlar işğal altında olan ərazilərə beynəlxalq səfərlərin təşkili, eləcə də sentyabrın 13-də separatçı rejimin “özünüidarə” orqanlarına seçkilərin keçirilməsi ilə bağlı məsələlərə reaksiyanız nə oldu?

- İcma bu məsələlərlə bağlı özünün fikirlərini bildirib. Separatçı rejimin işğal altında qalan ərazilərimizdə apardığı qondarma seçkiləri heç bir dövlət tanıya bilməz. Onlar belə bir təbliğatı aparmaqla hər zaman qıcıq yaradırlar. Separatçı bir rejimin belə seçkinin aparmasının məqsədi yalnız ideoloji təbliğat və Azərbaycan tərəfi qıcıqlandırmağa yönəlib. Buna seçki adı vermək olmaz. Bu dünyaya “məndə varam deməkdir”. Bu gün işğal altında olan ərazilərə zorla köçürülmüş ermənilər vəziyyətlərinin ağırlığı üzündən əraziləri tərk edirlər. Separatçı rejim bu axının qarşısını almaq və onları ruhlandırmaq üçün belə üsullara əl atır. Bu gün Qarabağda daha çox Suriyadan, Livandan gətirilmiş ermənilər yaşayırlar. Çox çəkməz ki, başqa ölkələrə çıxıb gedəcəklər. Ona görə də bu rejimin məqsədi həftədə bir seçki keçirib insanları ruhlandırmaqdır. Orda nə iqtisadiyyat var, nə də inkişaf . Bu, zaman - zaman Azərbaycanın əleyhinə işləyən əks təbliğatdır. Bu gün Ermənistan bütün dünyanı aldadır. Tez-tez Qarabağda moda sərgilərinin, konsertlərin, hansısa yarışların keçirildiyinin şahidi oluruq. Bu, dünya ictimaiyyətinin diqqətini Qarabağda ermənilərin şən yaşamasına yönəltməkdir. Onlar bizim əraziləri öz əraziləri kimi tədim edirlər. Amma bunun da bir sonu olacaq. Bütün dünya onların diasporalarının, lobbilərinin gücü sayəsində aparılan yalançı təbliğatın şahidi olurlar. İnsanları şirnikləndirib Qarabağa dəvət ediblər.

“Qarabağ həqiqətlərini dünyaya təqdim etmək, erməni həyasızlığını, yalanını faş etmək üçün hər bir insanımız öz gücünü ortaya qoyur”


- Həvva xanım, ermənilərin yalan üzərində qurulan təbliğatının şahidi oluruq. Sizin üzvü olduğunuz ictimai birliyin əks fəaliyyəti özünü nədə göstərə bilir?

- Xaricdə yaşayan soydaşlarımız bu istiqamətdə çox işlər görür. Təkcə ictimai birlik yox, eləcə də bütün dünyaya səpələnmiş azərbaycanlılar öz ədalətli əks təbliğatını aparmaqda davam edirlər. O ki, qaldı “Qarabağ Azərbaycanlıları” İctimai Birliyinə, biz hər zaman öz fikirlərimizi dünyaya çatdırır və baş verən hadisələrə münasibətimizi bildiririk. Qarabağ həqiqətlərini dünyaya təqdim etmək, erməni həyasızlığını, yalanını faş etmək üçün hər bir insanımız öz gücünü ortaya qoyur. Hər birimiz ayıq - sayıq olmalı, gözləmə mövqeyi tutmamalıyıq. Bu sahədə ictimai birliyin də müəyyən işləri var və bu sahədə yorulmadan çalışır. Bizim güclü ordumuz var və o, torpaqlarımızı işğaldan azad edəcəkdir. Bütün dünya Azərbaycanın haqlı olduğunu görəcək. Hər birimizin üzərində məsuliyyət var. Biz Azərbaycanın haqq səsini dünyaya çatdırmalıyıq.

Tahirə QAFARLI/ İnform.az

Baxış sayı: 819