Baş xəbər, Mədəniyyət, Müsahibə
08.09.2015 / 14:10

“Məşhur aparıcı olmaq, mükəmməl aparıcı olmaq deyil”

“Məşhur aparıcı olmaq, mükəmməl aparıcı olmaq deyil”

İnform.az-ın növbəti müsahibi Rəşad Kəsəmənlidir.

- Yenilikləriniz var?

- Hələ durğunluqdur. Təkcə Mətanət İsgəndərli ilə klip çəkdirdim. Sentyabrda həmin klipin təqdimatı olacaq. Planda yeni işlər çoxdur. Sağlıq olsun, həyata keçirmək qismət olsun. Sözdə çox işlər var, ancaq həyata keçən rəsmi heç nə yoxdur. Öz məqsədimdə təhsilimi davam etdirmək istəyim var.

- Şair, aktyor, aparıcı, redaktor bu peşələrdən hansına daha yaxınsınız?

- Əslində, ayırmaqda cətinlik cəkirəm. Amma daha çox aktyorluq və şairliyə yaxın hiss edirəm ruhumu. Aparıcılıq isə daha çox dil qabiliyyətinin mükəmməliyi və intellekt səviyyəsinin yüksəkliyi ilə ortaya çıxır. Azərbaycan dilində söz ehtiyatının çox olması peşəkar aparıcı olmasına gətirib çıxardır. Ancaq çox təəssüf hissi ilə deyirəm ki, bu gün Azərbaycan mediası yaman gündədir. Qəzetlərimizdə dərc olunan yazılar, saytlarımızda gedən yazılar, efirlərimizdə aparıcılıq edən jurnalistlərimizin danışığındakı qüsurlar saymaqla qurtarmaz. Çox məhşur aparıcı olmaq mükkəməl aparıcı olmaq deyil. Baxıram, əsəb keçirirəm. Dillə bağlı böyük problemlər var. Ancaq fikir verən yoxdur. Jurnalist müsahibə alır: “Derkən, çox ilginc” və bu kimi ifadələr işlədib sual verir. Başa salın bizi, niyə Azərbaycan sözləri işlətmirik. Belə zəngin bir dili olan millət, türkiyəlinin özünün belə, az işlətdiyi ifadələri bizimkilər hər an işlətməklə nə demək istəyirlər. Saytların, televiziyaların redaktorları hara baxır, görəsən. Burdan belə qənaətə gəlmək olar ki, redaktorların özü bu müxbirlərdən də betər gündədirlər. “İlk öncə” nə deməkdir axı. Ya “ilk” sözü var, ya da “öncə” və ya “əvvəl”. Belə söz birləşməsi olmayıb Azərbaycan dilində. Bütün bu səhvlər millətin dilini bərbad hala salıb. Çünki xalq televiziyadan öyrənir. Verilən səhvi mənimsəmək, mənimsəyənin suçu deyil, təqdim edənin günahıdır.

- Yəni, danışığınızdan belə çıxır ki, Azərbaycanda işi iş bilməzlərə veriblər?

- Allahımıza and olsun, mən utanıram. Biabırçı vəziyyətdir. Bundan danışsam, gərək saatlarla danışım. Ucundan tutsam, o qədər uzağa gedərəm ki, qayıtmağa yolumu çaşaram. Mən də özümü mükəmməl saymıram. Amma qüsurlarıma biganə qala bilmirəm, üzərində işləyirəm. Sadəcə mən gördüklərimi, eşitdiklərimi həzm edə bilmirəm. Bütün bu görüntüləri bir yerə toplayanda belə qənaətə gəlirəm ki, ya mən bəzilərindən yuxardayam, ya da üzdə olan çoxusu həddən ziyadə aşağıdadır. O qədər qondarma sözlərdən istifadə edirlər ki, ətim tökülür. Sizin vasitənizlə bütün Türkiyə türkcəsində sözləri, ifadələri işlədən cəmiyyətə səslənirəm, bir dəfəlik başa düşün bütün Türk dilli xalqlar arasında vahid Türk dili Azərbaycan dili seçilib. Bu dilin qədrini bilin. Niyə dilimizi ləkələyirsiniz. Belə ifadələr səsləndirən insanları görəndə iyrənirəm, aqressivləşirəm. Onların cavabını verib yerində oturduram. Onlara irad tutanda xətirlərinə dəyir, dəysin. Dilim zədələnincə, qoy onların qəlbi zədələnsin. Elə insanaları televiziyalarda aparıcı, redaktor vəzifəsində oturdublar ki, şəxsən mən onlarla iki kəlmə söz danışanda görürəm ki, bunların dünya görüşü iynənin dəliyindən keçəcək qədər deyil.
Mütaliə azdır bir, diqqətcil olmamaları iki, dünya görüşləri azdır üç, verdiyi xəbərlərdən özlərinin xəbərləri yoxdur dörd, özləri ilə hesabat aparmırlar beş, mən hara gedirəm, bu xalqı hara aparıram. Dilini sevmir cəhənnəmə sevsin, bəs millətin zövqünü niyə məhv edirlər. Bir insan dilini və millətini sevsə, zərrə qədər ona toz qondurmaz, harda qalsın ona ləkə gətirməyi. Mən iradımı o saat bildirirəm. Lazım gələrsə, onları təpədən dırnağa bəzəyirəm. Pulun ola-ola başqasının paltarını balana geydirərəsən? Əsla geyindirməzsən. Niyə bəs başqa dilin öz dilimizdən üstün tutursunuz, hələ öz dilində danışana çuşka kimi baxırsınız. Balan, demək millətindən üstündür?
Elə olmamalıdır. Bala bir tək mənə məxsusdur. Millətin dili bütün xalqa məxsusdur.

- Hamı problemin olmasından narahatdır və bu problem haqqında danışır. Amma o problemi həll edən yoxdur. Bəs sonu nə olacaq?

- Bilirsiniz, danışanların əli heç hara catmır. Tək gücləri düz sözə qalıb. Çünki mənim əlimdə heç bir səlahiyyət yoxdur ki, dediyim problemi ortadan qaldırmaq üçün hansısa addımları atım. Müəyyən vəzifədə olan insanların isə vecinə deyil, nə dil, nə xalq. Pulum var, soyuducum doludur, keyfim kökdür vəssəlam.

- Bu gün vəzifədə olan şəxs başına öz qohumalarını yığır. Savadı var, yox vacib məsələ deyil. Razısınız bu fikirlə?

- Bu dəqiqə o vəziyyətlə razıyam. Mənim şəxsiyyətli, qürurlu, mənlikli olmağım bu cəmiyyətlə tərs mütənasibdir. İstəklərimin qarşısını alır. Bu gün yaltaqlıq, ikizüzlülük tələb olunur o da mənlik deyil. Bambılılıq istəsəm də, eləyə bilmərəm. Özüm-özümə nifrət edərəm, bir milyon da versələr, təlxəklik mənlik deyil. İndiki dövrdə təlxəklik istedadı görünür digər isdedalardan daha yaxşı gəlir mənbəyidir. Çoxu mənə sual verir ki, sənə xoşdur belə əziyyət çəkə-çəkə yaşamaq, sənə lazımdır, ay Rəşad? Deyirəm başa düşün, mənə də xoş deyil. Ancaq istəsəm də bacarmıram axı. Kişi mənlikli olmalıdır. Düzdü mənliyi, şəxsiyyəti olanları hamı tərifləyəcək, amma məsələ işə gələndə hamı qeyb olacaq. Şəxsiyyətsizi, yaltağı yuxarı başa keçirəcəklər.

- Bu boyda təzyiqlərdən bezib ölkəni tərk etmək firinə düşmüsünüz?

- Vətənimi çox sevirəm. Əsla elə bir şey düşünmürəm, ürəyim dayanar vətənsiz. Məcbur olub vətəni tərk edənlər az deyil. Ancaq bu addım mənlik deyil. Azərbaycanda keçirilən olimpiadadan mənim cibimə bir qara qəpik xeyir olmadı. Ancaq hansısa bir xarici vətəndaşın yanından qürurla keçirəm. Çünki sən, ay xarici, nəhəng bir dövlət olsan da kiçik bir Azərbaycanın etdiyinin zərrəsini edə bilmədin. Sadəcə, təmirə ehtiyacı olan bəzi insanların qəlbidir. O da düzəlsə, Azərbaycana catan ölkə olmayacaq. Ailə kiçik dövlətdir. Hamı öz evindən başlasa, tərbiyə yaxşı olacaq. Pul hansı sahədə çoxdur, uşaqlarını ora yönəldirlər. İndi də övladlarını rüşvətə istiqamətləndirirlər.

- Atanız Nüsrət Kəsəmənli olmasaydı, siz bu günkü kimi tanınan Rəşad Kəsəmənli ola bilərdinizmi?

- Nankorluq etmək istəmirəm. Atamın dövründə yaşasaydım, Rəşad Kəsəmənli daha yüksək yerlərdə olardı. Amma atam indi mənim dövrümdə yaşasaydı, heç vaxt Nüsrət Kəsəmənli ola bilməzdi. Niyə? Çünki atam arxasız, kasıb bir oğlan idi. “Sabir” parkında heykəlin altında yatan bir oğlana kim arxa durar indi? Heç kim. Amma Allah rəhmət eləsin, Nəsir İmanquliyev kimi kişilər indi yoxdur. O atama hətta elçilik də edib. İndi pullular, savadsızlar öndədir. Senzura mütləqdir.

- Valideyinlərinə görə, tanınan övladlar, ata-analarını itirəndən sonra çox əziyyət çəkirlər. Təzyiqlərə məruz qalırlar. Siz necə, atanızdan sonra çoxmu sındınız?

- Bu həqiqətdir. Amma atam bizi harınlamış böyütməyib. Atamdan sonra atamın varlığında əmi kimi əlini çiyinlərimizə qoyan kişilərin yox olduğunu gördük. Sanki onlar heç olmayıblarmış. Rahat qəbul etdim, çünki fikirləşdim ki, qəbul etməyib nə edəcəm. Atamdan sonra əlimdə olanlar getdi. İndi mənim boynuma düşən vəzifə addımımı atmaqdır. Mən atıram, nə edim ki, mənim işim daşdan keçir. İnşallah, bir gün düzələr.

- Təklif olsa, başqa sahələrdə işləyərsiniz?

- Bəli, əlbəttə ki. Mənim üçün bu gün uşaqlarımın istəyini həyata keçirmək vacibdir. Gözüm heç vaxt yüksəklikdə olmayıb. Heç vaxt maşına həvəsim olmayıb. Bir tikə çörəyim olsun, bir qram “uf” deyib üsyan etmərəm. Şükür edib, sakitcə dua edərəm. Onsuz da bu gün işimi televiziya sayəsində axatarmıram. Mən pul üçün özümü öz gözümdən düşməyə qoymaram.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 1470