Baş xəbər, Siyasət, Müsahibə
08.09.2015 / 11:15

“Xeyli sayda müxalif nümayəndələrin də parlamentə düşəcəyi gözlənilir”

“Xeyli sayda müxalif nümayəndələrin də parlamentə düşəcəyi gözlənilir”
Milli Məclisə seçkilərin yaxınlaşması siyasi rəqabət hissinin artması ilə müşahidə olunur. Siyasi partiyalar hər biri ayrı-ayrılıqda seçkilərə daha çox namizədlə qatılmaq və qalib olmaq iddiasındadır. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə İnform.az-a müsahibəsində seçki prosesi və digər məsələlərlə bağlı fikirlərini bildirdi.


- Aydın müəllim, parlament seçkisinin vaxtı yaxınlaşdıqca ictimai-siyasi sferada nələr müşahidə olunur?

- Artıq aparıcı siyasi qüvvələr özlərinin seçki siyahılarını açıqlayıblar. Bitərəf və çox tanınan ziyalıların əksəriyyəti də öz namizədliklərini vermək istədiklərini bildiriblər. Seçkinin çox maraqlı, gərgin, rəqabətli olacağı gözlənilir. Bununla belə, bütün diqqət hakim Yeni Azərbaycan Partiyasının (YAP) açıqlanması gözlənilən siyahısına yönəlib. YAP-ın ölkədə nüfuzu yüksəkdir və bu seçkidə də onun qələbə çalacağı gözlənilir. Nəzərə alsaq ki, ölkənin ən parlaq ziyalıları bu partiyada toplanıblar və onlar Milli Məclisdə partiyanın etimadını doğruldublar, o baxımdan YAP-ın namizədlərinin favorit olacağı gözlənilir. Ümumən götürdükdə seçki ab-havası parlament seçkisinə böyük marağın olduğunu göstərir. Həmçinin, bir çox partiyalar seçki vaxtı təbliğat işini qurmaqla tərəfdarlarının sayını artırmaq istəyirlər. Bunun üçün bütün şərait vardır. Kütləvi informasiya, internet mediası bu gün onların ixtiyarındadır və ondan kifayət qədər yararlanmağa çalışırlar. Parlamentin gələcək tərkibinə gəldikdə isə bu barədə konkret fikir söyləmək çətindir. Amma ümumən götürdükdə, yenə də əksəriyyətin YAP üzvü olacağı, çox sayda bitərəflərin seçiləcəyi gözlənilirdi. Qeyd edim ki, xeyli sayda müxalif nümayəndələrin də parlamentə düşəcəyi gözlənilir. Onların içərisində ənənəvi parlament nümayəndələri öndə gedir.

“Seçkilərdə qərəz olacaqsa, düşünülərək kölgə salmaq cəhdləri olacaqsa, Azərbaycan cəmiyyəti buna müvafiq cavab verəcək”



- Beynəlxalq müşahidəçilərin seçki prosesində iştirakı və ortaya qoyulacaq münasibətləri indidən proqnozlaşdırmaq üçün hansı nüanslar var?

- Bütün beynəlxalq təşkilatlardan müşahidəçilər gələcək. Onların nə rəy verəcəyini indidən söyləmək çətindir. Çünki Azərbaycan tərəfi seçkiləri çox yüksək səviyyədə təşkil etməyə, seçkilərdə qüsurların az olmasına çalışacaq. Seçkilərdə qərəz olacaqsa, düşünülərək kölgə salmaq cəhdləri olacaqsa, Azərbaycan cəmiyyəti buna müvafiq cavab verəcək. Ümumuyyətlə, müşahidəçilər öz hərəkətlətində azaddırlar, istədikləri formada seçkini müşahidə edə və fikir bildirə bilərlər.

- Aydın müəllim, siz yəqin ki, seçkilərdə iştirak edəcəksiniz?

- Bu, üzvü olduğum Yeni Azərbaycan Partiyasının qərarından asılıdır. Mən siyasətdə komanda prinsipinin tərəfdarıyam. Çünki hesab edirəm ki, siyasətdə komanda ilə böyük məqsədlərə nail olmaq olar. YAP-ın məqsədi Azərbaycanın müstəqilliyini möhkəmlətmək, demokratiyanı dərinləşdirmək, əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Bu baxımdan YAP-ın verəcəyi qərarı gözləyirəm.

“Narahat məqamların olacağına inanmıram”


- Seçki yaxşınlaşdıqca müxalifətin aktivliyinin hansı aspektdə inkişaf edəcəyini düşünürsünüz? Xarici təsirlər ola bilərmi?

- Azərbaycan cəmiyyətinin artıq kifayət qədər seçki təcrübəsi var. Artıq Azərbaycanın dövlətçilik təfəkkürü hər bir azərbaycanlının təfəkkürü və fəaliyyətindədir. Ona görə də bu cür narahat məqamların olacağına inanmıram. Çünki istənilən siyasi iradı qanun çərçivəsində etmək mümkündür. Bunun üçün mitinqlər, piketlər var, qəzet təbliğatı, birbaşa görüşlər var. Bunarın heç birinə qadağa yoxdur. Eyni zamanda, radikal müxalifət də onun radikallığının cəmiyyətdə keçmədiyinin fərqindədir. Çünki keçirdikləri axırıncı mitinqlərə 200-300 nəfəri güclə toplaya bildilər. Bu isə bir gülüş hədəfinə çevrilirdi. Ona görə də 10-20 il bundan əvvəlki bir neçə minlik polislə toqquşma həddinə çatan mitinqlərin bu gün olacağı inandırıcı görünmür. Bəlkə də xarici qüvvələr Azərbaycan daxilində iş görmək, proseslərə təsir etmək istəyərlər. Ancaq Azərbaycanda oturuşmuş dövlətçilik var və belə cəhdlərin qarşısı da əlbəttə ki, alınacaq.

- Açıq şəkildə görünür ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı əks münasibət sərgiləyirlər. Bu, seçki ərəfəsində müşahidə oluna bilərmi?

- Xaricdə Azərbaycanın daxili işlərinə qarışmağın günü-gündən çətin olduğunun fərqinə varır. Ona görə də əvvəlki kimi ayrı-ayrı ölkələrin səfirlərinin, ayrı-ayrı mərkəzlərin Azərbaycanla bağlı daxilə yönəlik çağırışları demək olar ki, yox dərəcəsindədir. Hamı bilir ki, Azərbaycan öz daxilində hər hansı təxribatlara imkan verməyəcək.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 462