Ötən günə gün çatmaz..., Baş xəbər, Müsahibə
07.09.2015 / 13:51

“İncəsənətdə sənətdən başqa hər şey var”

“İncəsənətdə sənətdən başqa hər şey var”
İnform.az-ın “Ötən günə gün çatmaz...” - layihəsinin qonağı Respublikanın xalq artisti Mübariz Tağıyevdir.

- Nə yaxşı Bakıdasınız? Həmkarlarınızın çoxu xaricdə istirahətdədir. Gedib gəlmisiniz, yoxsa gedəcəksiniz?

- Yox, Bakıdayam. Hərdən rayonlara gedib gəlirəm. Beləcə, yayı başa vururam. Cavanlıqda çox getdim, gəldim xaricə, qoy indi cavanlar getsin gəzsin.

- Mübariz müəllim, siz İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsinə qonaqsınız. Ötən günə gün çatarmı?

- Bilirsiniz, mən dünənlə yaşayan insanlardan olmamışam. Həyatda hər günü ilk günüm kimi yaşamışam. Təkcə cavanlığa gün çatmaz. Adam hərdən fikirləşəndə o günlərə qayıtmaq istəyir. Cavanlığın qıvraqlığı, şirinliyi yada düşür. Ancaq yenə də düşünürəm ki, hər günün gözəlliyi var və yaşamağa dəyər. Amma ömür gedir, gərək mənalı yaşayasan. Əsas odur.

- Payız gəlir. Bu fəsli yaradıcı insanların məhsuldar, işləməyə başladığı bir fəsil adlandırmaq olar. Yeni planlar var, yoxsa hələ bu barədə fikirləşirsiniz?

- Oktyabr ayında yeni bir müsabiqəyə start veriləcək. Mən də münsif kimi dəvətliyəm. Sənədli, yeni iş hələ tək budur.

- Münsif olmaq çətindir, yoxsa münsif qarşısında çıxış etmək?

- Hər ikisi çətin və məsuliyyətlidir. Amma münsif qarşısına çıxmaq daha çətindir məncə. Çünki münsif kimi seçilən şəxslərin yetərincə sənət təcrübəsi olur. İşini, mövqeyini bu həyatda tutan şəxslər münsif kimi seçilir. Buna görə də, işlərini mükəmməl bildikləri üçün seçim baxımından həyəcan narahatçılıq yaşamırlar. Amma münsif qarşısına çıxanlar gəncdirlər. Yeni addımlarda büdrəyiş olmasın deyə həyəcan, məsuliyyət, əziyyət ikiqat olur. Buna görə deyərdim ki, münsif qarşısında çıxış etmək daha çətindir.

- Canəli müəllim deyir ki, münsiflər heç vaxt düzgün seçim etmir. Yerlibazlıq edir, digər hiylələrə əl atırlar. Siz də münsif olmusunuz. Bu fikirlərlə razısınız?

- Qətiyyən, bu sualınız məndə qəribə bir hiss doğurur. Hardasa mənə mesaj çatdı. Canəli müəllim nə demək istəyir? Mən harda münsif olmuşamsa, orda ədalət, qərəzsiz addım olub. Ən səviyyəsiz münsif də bunu etməz. Nə tapşırıq, nə pul həll etmir bu məsələni. Heç bir sənət adamı bunu etmir.

- Solo konsert düşünürsünüzmü?

- Bəli, istəyirəm amma çox çətindir. Baha başa gələn bir şeydir. Çünki salonun kirayə pulu çoxdur. Nə olursa, olsun eləməliyəm. Xalqımın qarşısında hesabat konserti verməliyəm. Amma baxaq imkana.

- Estrada məktəbi açmaq üçün çox səy göstərdiniz. Nə oldu nəticəsi?

- Daha yorulmuşam. Bar-bar bağırmaqdan bezdim, usandım. Sonra düşündüm ki, yəqin bu heç kimə lazım olan bir şey deyil. Mənə nə düşüb özümü öldürürəm. Buna görə susdum çəkildim kənara. Dedim, daha lazım olan qurumlar narahat olsun, baxsın görsün belə bir məktəb Azərbaycan üçün lazımdır və ya lazım deyil? Cavabı da özləri həll etsinlər. Mənim artıq taqətim yoxdur. Ona görə də hər şey başlı-başına gedir. Özbaşınalıq, yekəxanalıq, sənətdən başqa hər şey var incəsənətdə. İstəyir olsun, estrada məktəbi, istərsə də olmasın, məsləhət əlaqədar qurumlarındır. İndikilər deyir toyda oxuyuramsa, kifayətdir. Belə olmaz axı.

- Azərbaycan musiqi səhnəsinin gələcəyini necə görürsünüz, belə gedərsə?

- Azərbaycan incəsənəti daim yüksək zirvədə olub. Ancaq hazırda müəyyən çətinliklər yaşayırıq. Bunun bir dayanacaq nöqtəsi olmalıdır. Yoxsa, sonumuz uçurumdur. Hərə öz başını dolandırır, ancaq sənət unudulub. Mən estrada aləminin nümayəndəsi olduğum üçün əminliklə deyə bilərəm ki, bu sahədə çox böyük durğunluq gedir. Digər sahələr də belə çabalayır. Azərbaycanda şou-biznes yoxdur. Mən isə o mühitdən tamamilə uzağam. Beş-altı təlxəynən şou-biznes olmaz. Ustad olmaq isə pul gücünə alınmır. Ustad olmaq istedadın nəticəsidir. O yoxdursa, qalan hər şey əfsanədir.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 1894