Baş xəbər, Siyasət, Müsahibə
07.09.2015 / 10:39

“Xalq hər hansı radikal prosesə dəstək verməyib”

“Xalq hər hansı radikal prosesə dəstək verməyib”
Parlament seçkisi yaxınlaşır. Artıq partiyalar dairələr üzrə namizədlərinin qeydə alınması ilə bağlı sənədlərini aidiyyatı orqana təqdim edirlər. Müxalifət partiyaları seçkiyə ayrı-ayrılıqda qatılaraq yalnız öz namizədlərinin qələbəsi uğrunda mübarizə aparacaqlar. Bir çox ekspertlər bunu uğursuz hesab edirlər. Belə olduğu təqdirdə gözləntilər tamamilə fərqli aspektlərdə özünü göstərə bilər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partıyasınn (BAXCP) sədr müavini, parlament seçkiləri namizədi Elçin Mirzəbəyli İnform.az-a müsahibəsində bir çox nüanslara aydınlıq gətirdi.


- Elçin müəllim, hazırda BAXCP seçki hazırlıqları ilə bağlı hansı mərhələyə keçir və hazırlıq necə gedir?

- Hazırda dairələrdə əsasən namizədlərin sənədlərinin təqdim olunması istiqamətində işlər gedir. Yəqin ki, qısa müddət ərzində 80-dən çox dairəyə namizədlərimizin sənədləri təqdim olunacaq. Bundan sonra qeydiyyat prosesi və təbliğat kampaniyası başlayır. Hər şey prosesin gedişindən asılı olacaq. Partiyanın təbliğat kampaniyasının aparılması ilə bağlı partiyanın namizədlərinin sayının nə qədər olacağı qeydiyyatdan sonra bəlli olacaq.

- Bəllidir ki, müxalifət düşərgəsində olan əksər partiyalar seçkilərə qatılır və təbii olaraq Milli Məclisdə müəyyən yerləri qazanmaq iddiası ilə çıxış edirlər. Partiyanız seçkidə hansı dairələr üzrə özünə rəqiblər görür?

- Partiyanın namizədləri seçkilərdə öz rəqibləri ilə bütün sivil formalarda mübarizə apacaq. Partiyanın elan etdiyi prinsiplər kifayət qədər uğurlu bir formadadır. Partiyanın təmsilçiləri də kifayət qədər hazırlıqlı insanlardır. Biz hər bir partiyanın namizədinə hörmətlə yanşırıq, eyni zamanda təbliğat kampaniyası ərəfəsində əsas işimiz öz namizədlərimizin təbliğatı istiqamətdində qurulacaq.

“Beynəlxalq müşahidəçilərin seçki ilə bağlı hansı mövqeyini ortaya qoyacağını indidən söyləmək falçlıq olardı”


- Atıq parlament seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilər haqqında müəyyən məlumatlar var. Xarici müşahidəçilərin seçki prosesində iştirakı ilə bağlı gözləntiləriniz nədir?

- Xarici müşahidəçilərin bütün seçki proseslərində iştirakı müsbət haldır. Azərbaycan nümayəndələri də mütəmadi olaraq beynəlxalq təşkilatların çərçivəsində ayrı-ayrı ölkələrin seçkilərində müşahidəçi qismində iştirak edirlər. Müşahidəçilərin Azərbaycana gəlməsi şübhəsiz ki, normal hadisədir. Seçkinin yekunu ilə bağlı verilən qiymətə gəlincə, şübhəsiz ki, bu, seçki başa çatandan sonra məlum olacaq. O üzdən beynəlxalq müşahidəçilərin seçki ilə bağlı hansı mövqeyini ortaya qoyacağını indidən söyləmək falçlıq olardı.

- Belə mülahizələr var ki, hazırda hökm sürən sakitlik, seçkidə məhz xarici qüvvələrin təsirləri ilə pozula bilər. Seçkidə mitinqlərin, müəyyən insidentlərin baş vermə ehtimalı nə dərəcədədir?

- Seçkidə insidentlərin baş verəcəyinə inanmıram. Amma buna cəhdlər ola bilər. Azərbaycan hökuməti, xalqı ölkədə sabitliyin qorunub saxlanması üçün mümkün vasitələrdən istifadə edəcəkdir. Azərbaycan xalqı indiyədək hər hansı radikal prosesə dəstək verməyib və bundan sonra da elə bir dəstəyin olacağını gözləmirəm. Ölkədə sabitliyin qorunub saxlanılmasıüçün kifayət qədər maraqlı olan siyasi qüvvələr var ki, onlar Azərbaycan dövlətinin yanındadır. Belə ehtimalların yanlış olması qənayətindəyəm.

“Müxalifət yekcins deyil”


- Vaxt var idi müxalifət partiyalarının seçkilərdə vahid namizədlə iştirakı ən prioritet məsələ olaraq siyasi düşərgənin gündəmində dururdu. Bu gün isə bəllidir ki, belə birliklər yoxdur. Sizcə, bu gün müxalif partiyaları arasında seçki əlaqələri, seçki əməkdaşlığı hansı səviyyədə qurulur?

- Azərbaycanda müxalifət yekcins deyil. Bildiyimiz kimi ölkədə radikal düşüncəyə malik partiyalar var ki, onların sayı yetərincə azdır. Eyni zamanda dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi normal seçki qanunvericiliyi çərçivəsində və siyasi partiyalar haqqında qanunun tələblərinə uyğun fəaliyyt göstərən müxalifət partiyaları da var. Onların bu məsələdə mövqeləri aydındır və aralarında müəyyən əməkdaşlıq əlaqələri mövcuddur. Amma biz bu seçkidə müstəqil şəkildə iştirak edirik. Hər bir partiya seçkidə özünün uğurunu ortaya qoymağa çalışır. Biz də bu istiqamətdə fəaliyyət göstəririk və müəyyən uğurlar qazanacağımıza inanırıq.

Tahirə QAFARLI/ İnform.az

Baxış sayı: 986