Qonağımız var..., Baş xəbər, Mədəniyyət, Müsahibə
05.09.2015 / 15:47

“Xalq seçirsə mən yalandan niyə orda yer tutum?”

“Xalq seçirsə mən yalandan niyə orda yer tutum?”

Bəstəkar - müğənni, Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Niyaməddin Musayev “Qonağımız var”–da.





- “Qonağımız var”da xoş gördük sizi. Niyaməddin müəllim daha çox qonaq dəvət edir, yoxsa qonaqlığa dəvət olunur?

- Qonaq getməyi də, qonaqlıq verməyi də sevirəm. Qonaq evin bəzəyidir.

- Solo konsert və yeni albom düşünürsünüzmü?

-Solo konsert düşünürəm. Ancaq albom daha dəbdə deyil. Çünki mənim ifama qulaq asmaq istəyən adım istədiyi mahnının adını yazıb You Tube-da dinləyir. Buna görə xərc çəkib albom çıxartmaq lazım deyil. Konsertimi də sponsoralar təşkil edir. Zəmanə dəyişib artıq...

- Yeniliyi, muasirliyi tez qəbul edirsiniz?

- Mütləq qəbul etməliyəm. Palaza bürün elnən sürün. Yoxsa sənə köntöy baxarlar. İnteqrasiya mütləq lazımdır. Zamanla ayaqlaşa bilmirsənsə, sən geridə qalmış bir adamsan. Amma baxır necə ayaqlaşmağa, o da hər kəsin düşüncə tərzi ilə bağlıdır. Mən daim yeniliyin tərəfindəyəm. Məsələn, illər öncə milli estradamızda Avropa musiqisini sintez edib ilk yeniliyi mən etdim. Bu gün mənə deyəndə ki, tələbəniz var? Deyirəm mənim üslubumda oxuyan bütün müğənnilər tələbəmdir. Zamanın nəbzini, ritmini tutmadınsa, unudulursan. Mənim mahnılarım öz aktuallığını heç vaxt itirmədi. İnteqrasiya yaxşı şeydi, gərək milliliyi itirməyəsən.

- Həmyaşıdlarınızdan fərqli olaraq siz bu gün gəncləri dəstəkləyirsiniz və tənqiddən çəkinirsiniz. Hətta bəyəndiyinizi deyirsiniz. Qalmaqaldan qorxub belə danışırsınız, yoxsa?

- Qətiyyən. Mən sözümü həmişə açıq deyən olmuşam. Sadəcə yaxşıya pis demək olmaz. Pis ifa bizim dövrdə də olub, bu gün də var, sabah da olacaq. Ələnib yaxşılar qalacaq. Əksər gəncləri dinləyirəm, bəyənirəm. Yalan danışmağın və ya yaşımdan, təcrübəmdən istifadə edib qüsur deməyin nə adı var. Gənclərimiz xaricdə musiqimizi təmsil edir. Muğamı hər adam qəbul edə bilmir, ağırdı. Ancaq pop hər bir millətə çatır. Hətta xarici dinləyiciyə də. Amma onu da deyim ki, muğamımız çətin olsa da artqı bütün dünyada təblığ olunur, elə dəyərli sənətkarımız Alim Qasımovu dünyanın çox ölkəsində muğam ustası kimi tanıyırlar. Bu da mənə qürur verir, sevindirir biz Azərbaycan övladı olaraq.

- Bir çox müğənnilərimiz sizin bəstələrinizi oxuyur. Sizdən icazə alırlarmı? Müəllif hüququnuz qorunurmu? Qadağa qoymamısınız ki, “oxumayın” deyə?

- Manhılarım mənim övladlarım kimi doğmadır. Ancaq qadağam filan yoxdur. Sadəcə sözləri dəyişmədən, musiqisinə toxunmadan öz üslublarında oxusunlar. Adımı çəkirlər, sayırlar mən də sevinirəm. Burda pis nə var ki?

- Niyaməddin müəllim, sizin təcrübəsiniz artıq icazə verir ki, münsif ola biləsiniz. Belə bir təklif varmı?

- Bəli, bir neçə müddət əvvəl münsif olaraq dəvət olundum. Ancaq sonra getmədim. Səbəbi isə o oldu ki, sms-lə qalib olmaz. Görürəm bu düzgün oxumur. Amma xalq deyir yaxşı oxuyur, sms göndərir, o da olur birinci. Xalq seçirsə mən yalandan niyə orda yer tutum? (gülümsəyir)

- Bir zamanlar bələdiyyə sistemində çalışdınız. Qarşıdan Milli Məclisə seçkilər gəlir. Özünüzü o kürsüdə görürsünüzmü?

- Yox, qətiyyən. Mən sənət adamıyam. İşim də ifa etməkdir. Kim nə edir mənlik deyil.
“Xalq seçirsə mən yalandan niyə orda yer tutum?”
- Müğənni deputatımız var, deputat olmaq istəyənlər də az deyil.

- Bu seçim hər kəsin öz işidir. Mən özümü siyasətdə görmürəm. Çünki mən ruh adamıyam, sənətkaram. Mənim dünyam musiqidir.

- İndi bir çox jurnalistlər müğənnilərin şəxsi həyatlarını gündəmə gətirərək özlərinə reytinq qazanırlar. Əgər sizin mediada rəhbərlik səlahiyyətiniz olsaydı, bu məsələni necə aradan qaldırardınız?

- Düşünürəm ki, iş başında peşəkar jurnalist oturarsa hər şey yerində olar. Bu hərəkəti edənlər, reket,demaqoq, jurnalist adına ləkə salanlar əslində jurnalistikadan xəbərsiz savadsızlardı. İşi iş bilənə tapşırsalar, belə hadisələr qətiyyən olmaz. “Söz var ev arası, söz var el arası”. Gərək sözü harda işlətməyi biləsən. İllərdir qazanılan hörməti bir səviyyəsizə görə itirmək, kiminsə yerə cırpmağı düzgündürmü?

- Sizin bir mahnınız var. “Qabıq verib dəyişirəm, səni unutmaqdan ötrü”. Kimisə unutmaqdan ötrü “qabıq verib”, dəyişmisinizmi?

- Qətiyyən, kimisə unutmaq üçün ilan kimi “qabıq” verməmişəm.

- Amma sizi dinləyən elə bilər ki, bunu həyatınızda yaşamısınız...

- Qızım, sənətkar kimdir, bilirsinizmi? Sənətinin vurğunu. Malik olduğu sənətlə yaşamağı bacaran insan. Ona görə də hər ifamı yaşayaraq yaradıram.

- Efirlərdə olan özbaşınalıq, biabırçı verlişlər. Ümumilikdə efir mədəniyyəti məngənəsindən çıxıb. Bu haqqda fikirləriniz bilmək maraqlı olar.

- Efir adiləşib, aparıcılar isə hakim olub. Mədəniyyət yerindədir. Sadəcə kadrlar vəzifəsində düzgün seçilmir. Efirə çıxmağa hamının hüququ var, amma efir mədəniyyəti olmalı, tamaşaçıya hörmət olunmalıdır . Təbliğat getməlidir.

- Bayaq söhbət arası dediniz ki, Allah rəhmət eləsin Ulu Öndərə, mənə təqaüd ayırdı. Siz illərin sənətkarsınız. Dünən efirə çıxan müğənnilərin az zaman içərisində hər şeyi olur, mülkü, maşını, pulu hər cür imkanı. Yəni siz bu təqaüdü almasaydınız dolanışıqınız çox çətin olardı?

- Qızım, heç vaxt pul dalıyca qaçmadım, var-dövlət üçün özümü gözdən salmadım. Az oldu az yedim, çox oldusa çox.. Bu təqaüd mənim normal yaşayışım üçün bir vasitə oldu. Axı bir də ki, zəmanə indi başqadı...

- Musiqi təhsiliniz yoxdur. Nə vaxtsa musiqi təhsili almaq fikrinə düşmüsünüzmü?

- Düzünü deyimsə yox. Vaxtım yox idi. Baxın, sınıqçının gedib TibbUniveristetini və yaxud şairin gedib filologiya oxumasına ehtiyac varmı? Bu Allah vergisidir, verilibsə oxuyacaqsan da, yazacaqsan da, müalicə də edəcəksən...
Təbii, savadla istedad birləşəndə əla olur. Simfoniya yazma, mahnı yaz. Elə simfoniyalar var heç yüz adam bilmir. Amma xalq mahnıları var ki, bilməyən tapılmaz. Xalqın sevmədiyi bir nəğmə heç vaxt gözəl əsər adlana bilməz. Nə qədər ziyallı olursan ol, lap Parisin ortasında get otur yaz. Yeri gəlmişkən, bir haşiyə çıxım. Deməli, Sovetlər Birliyində də Azərbaycan musiqisi ən möhtəşəm tədbirlərdə paytaxt Moskvada ifa olunurdu, indi isə bütün dünyada Azərbaycan incəsənəti təbliğ və təqdim olunur. Bu bizim üçün şərəf və baş ucalığıdır. Mən də bir sənətkar olaraq milli mədəniyyətimin təmənnasız keçikçisiyəm.

- Son olaraq İnform.az saytı vasitəsi ilə oxuculara nə demək istəyirsiniz?

- Daim dürüst, obyektiv, qərəzsiz olun. Azərbaycan çiçəkləndiyi, inkişaf etdiyi kimi arzu edirəm ki, insanların da şürunda inkişaf olsun.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 1472