Şərhlər
05.09.2015 / 12:44

Təkallahlıq bundan sonra başlayır

Təkallahlıq bundan sonra başlayır
Xanəmir TELMANOĞLU / İnform.az


Yaxud bu günə qədər insanlar Allahlara inanmışlar....

Ey dadi bidad danəndə dəhan dərviş d…
Belə bir xəbər ildırım sürətiylə başımda çaxdı. Avropanın hansısa ölkələrindən birində (önəmli deyil hansında, əsas olan odur bu hadisə öz gerçəkliyinə Avropada qovuşdu) bundan sonra günəş işığına görə ölkə vətəndaşları bəlli bir miqdarda pul ödəyəcəkmişlər.
Hələ keçən əsrin 50-ci illərində Türkiyənin şairlərindən səhv etmirəmsə, Nazim Hikmət ( nə dəxli var, əsas odur bu fikri şair deyib. Özü də deyilib) udduğumuz havanı da bizə satırlar fikrini gündəmə gətirdiyində, olduqca poetik anlamda səslənməsi xatirimdədir. Nə qədər gülünc və yersiz səslənsə də, insanların birgə yaşayış sistemini dərk edənlər üçün bu misranın və fikrin bəlkə də qəribə assosiasiya doğuran tərəfləri vardı. O zamanlar orta məktəbdə oxuyurdum. Sovetlərin isə deyəsən çökməsinə az qalırdı. Bu misrayla tanışlığım mənim xəyallarımı olduqca çox dalğalandırdığını da unuda bilmirəm. Yəni ki, bir insan aldığı nəfəsə, udduğu havaya görə harasa pul ödəmək məcburiyyətində olacaqdı. Təbii ki, bir şair tərəfindən yazılmış bu misraların dözülməz bir cəmiyyətdə, insanların boğulduğu bir mühitdə necə dəhşətlərlə üzləşməsinin poetik sonucu olduğunu dərk edir, bu barədə düşünmə imkanlarımı işə sala bilirdim. Ancaq ki, hər bədii əsərin, poetik ifadənin bir də dəqiq, sərrast hədəfə ulaşan, həyatla bəlkə də çox sonralar deyildiyi andan, çox sonralar irtibata keçmə tərəfləri, yöntəmləri vardır. Poeziyanın, poetik imkanların bu tərəfinin mənim üçün olduqca mühüm veriləri vardı. Bu məni yaman yaşadırdı...
Aradan illər sovuşub keçir. Mən artıq uşaq deyiləm, nə də sovetlər birliyi kimi bir imperiyanın, sosializm dedikləri bir quruluşun vətəndaşı, sakini də deyiləm. Bir tərəfi erməni düşmənçiliyinin işğalında qalmış, bir tərəfi neftə bulaşmış, bir tərəfi müstəqillik aşılayan, bir tərəfi dünyaya açılan, bir tərəfi islamla çuğlaşmış, bir tərəfi türk dünyasıyla qaynayıb qarışan bir dönəmdə, bir ölkədə yaşayıram. Torpaq vergisi, qaz, elektrik, su istifadəmizdən dolayı dövlətə bəlli miqdarda pul ödəyirik. Ödəmədiyimiz təqdirdə, dövlət məmurlarının qəzəbiylə, alacaqları tədbirlə qarşılaşacağın da kəsin. Bu günlərdə Avropa ölkələrinin birində həyata keçiriləcək bu növbəti ödəniş məsələsi məni olduqca çox təsirləndirdi. Günəşin işığına görə, insanlar pul ödəyəcəkmişlər.
Yer üzündə hər şey Allaha məxsusdur. Çünki bu imkanların Yaradıcısı bir qüvvədir, adı isə Allahdır. Suyun, torpağın, havanın, işığın yaradılışında kimsə iştirak etməyib və bu ünsürlərin istifadəsindən dolayı kimsə də kimsədən qarşılıq, ödəniş tələb edə bilməz. Bu əxlaq olduğu müddətcə, yer üzündə şərin ayaq açıb yeriyəcəyi şəksizdir. Çünki bu ünsürlərin satılışı İlahi ədalətə ziddir və belə bir nəticəyə gəlmək mümkün ki, bu nemətlərin istifadə olunduqdan sonrakı qarşılığı – pullu ödənilişi haramdır. Sən Allahın yaratdığı suyu, göydəki işığını, aldığın nəfəs olan kosmosu dolduran havanı necə sata bilərsən? Ayağımız altında qalan, öləndə ona qarışacağımız torpağı insana necə satmaq olar? Əgər insanın yaranışında iştirak etmiş, öz yaradılışları isə İlahi prosesə bağlı olan bu ünsürlərin hər hansı birinin satışının olduğu yerdə kimsə, heç bir siyasətçi, yazar, alim dindar ədalətdən, sevgidən, sayqıdan, qarşılıqlı hörmətdən və asayişdən, sağlamlıqdan bilmərrə danışa bilməz. Çünki İlahinin yaradılışında ilk rol oynayan, bütün yaradılış imkanlarının özəyini təşkil edən bu 4 ünsürün satışı olan yerdə, demək ki, kosmik balans, kosmik şüur, kosmik davranışlar pozulur, bu qarmaşanın yerində isə şər, şeytan qol-qanad açıb rəqs edir.
Günəşin işığına görə vətəndaş vergi ödəyəcəkmiş. Zaman gələcək, insanlar udduğu havaya görə də vergi ödəyəcəklər. Hətta vaxt gələcək, insanlar baxdıqları Aya, Ulduzlara görə, yatdıqları yuxuya görə vergi ödəyəcəklər. Bütün bunlar nələrdən xəbər verir və insanları hansı sistemə, yaşam düzeyinə aparıb çıxarmasından xəbər verir?
Ümumiyyətlə, insanlar, daha doğrusu yönətimlər, sistemlər ki, insanın yaşama faktoruna dönüşmüş, həyatı ilkinliyini təşkil edən bu anlayışlardan yapışıb onunla dialoqa girib yaşama təklif edirsə, demək, yer üzündə, artıq İBLİS qələbə çalıb tam hakimiyyətə gəlmişdir. Təsəvvür edirsinizmi, yayın istisində günəş işığı altında uzanıb dincəlirsən, bədənini yandırırsan və yaxud pəncərəni açırsan, pərdələri qaldırırsan, göy üzündən günəşin işığı sənin evinə düşsün, üzündə parlasın, bədənində hərarət oluşdursun. Bir aydan sonra sənə bir fatura gəlir ki, ödəniş etməlisən. Deyək, sən də bu ödənişi etmirsən, ya edə bilmirsən, üst-üstə yığılan bu faturalar səndə borc oluşdurur, dövlətə borclu qalırsan. O zaman bir neçə xəbərdarlıqdan sonra səni təbii ki, məhkəməyə cəlb edirlər və nəzərdə tutulmuş cəzaya çatdırırlar. ( Bizdə isə deyək ki, gedib bir az rüşvət verməklə bəlkə də, o cəzanı qaldırmaq mümkünata çevriləcək). Beləliklə, günəşin işığında bədəni qızmış bir insan ödəniş etmədiyindən dolayı həbsə də atıla bilər və zaman göstərir ki, bu qaçınılmaz bir eyləmə də dönüşəcək. Kim qaranti verə bilər ki, bir ölkədə gündəmə gələn bu hadisə, sabah başqa ölkələrdə də təkrarlanmayacaq. Yaxud kim deyə bilər ki, bu gün günəşin işığına görə öz vətəndaşından vergi tələb edən bir ölkə, sabah bunu insanın istifadəsindən dolayı havaya tətbiq etməyəcək və bu örnəyin digər ölkələrə də yayılmayacağına kimsə məni inandıra bilməz. Hal belə ikən, belə bir gedişat bizə deyir ki, indiyə kimi yaşadığınız cəmiyyətlər, gerçəkləşdirdiyiniz ideyalar, ideologiyalar, qurduğunuz sistemlər iflasa uğramışdır. Bundan sonra isindiyi gün işığına, udduğu havaya da vergi ödəyən insanların yaşam tərzi kimsələrin təsiri olmadan, iştirakı olmadan onların özlərinin özlərini həbsə salması, özlərinə cəza verməsinə, həbsə atmasına gətirib çıxaracaq. Hətta öz hökmlərini də başqaları deyil, özləri oxuyacaqlar. Daha ponti pilatlar, isalar, hersoqlar... kimlər gərək olmayacaq. Olacaq olmağına, ancaq İsaya İsa, ponti pilata ponti pilat, şeytana şeytan, mələyə mələk lazım olacaq, daha İsaya ponti pilat, Mühəmmədə şeytan gərəkməyəcək. Bu isə ona aparıb çıxarır ki, yer üzündə indiyə kimi bir Allah yox, iki Allah olmuşdur. Yer üzü indiyə kimi iki qütblü dünyaya dönüşmüşdü. İndi isə yer üzü, bizim sakini olduğumuz planet nə qədər acınacaqlı da olsa, iki qütblü sistemdən, inancdan, təkqütblü sistemə, inanca keçir. Bundan sonra insanlar Allahlara deyil, Allaha inanacaq, Allaha tapınacaq. Bundan sonra insanlar daha cənnət –cəhənnəm söhbətinə yaxın durmayacaq. Onların şüurundakı axın onları aparıb cənnətin hər hansı bir guşəsində sakin edəcək. Çünki bu dünyada o insanlar lazımı cəzaya çarpdırılmış olacaq, özü də kimin kimin, elə özlərinin əlləriylə günlərini göy əskiyə bükmüş qövm olacaqlar.
Hə, bəs Tövrat, Zəbur, İncil, Quran???
Məlumunuz olsun ki, indiyə kimi dünya Tövrat, Zəbur, İncil şüuruyla insanlara yanaşıb və bu şüurla, sistemlə insanlıq idarə olunub. Bunu bu günə qədər insanların yazdığı, oxuduğu kitablar deyir, həyat tərzi deyir, geyimləri, yeyib içmələri, oturub - qalxmaları diqtə edir. Ancaq bundan sonra, tək Allahlılıq sisteminə keçəcək, insanlıq Quran şüuru ilə işləyəcək. Ona görə də, bu dünya əzabına qatlaşan tək Allahlılıq inanc sahibləri dünyaların dəyişdiyi zaman ötə dünyada əzab və işgəncələrdən uzaq bir kosmik sistemin təyin olunmuş yerində öz həyatını sürdürəcək....
***

Avropadan və Allahdan söhbət düşmüşkən kahin Nitşeni xatırlamamq mümkün deyil. Dünyada heç bir dövlətin, ideologiyanın göz çıxarmadığı əyləmini gerçəkləşdirdi. O nə etdi? Allah öldü dedi.
Bu gün Avropanın hər hansı bir ölkəsində 149 597 870 700 metrdir məsafədən enib yer üzünə təşrif gətirən bir nemətə, işığa insanlar pul ödəməli olacaqsa, demək Nitşenin geriyə qalan fikir nişanəsində Allahlar ölmüşdür.

Baxış sayı: 987