Sosial, Şərhlər
05.09.2015 / 12:01

Süni uşaq, saxta ana

Süni uşaq, saxta ana
Ayişə NƏBİ / İnform.az


Həyatın rəngarəngliyində dadmaq istəmədiyimiz heç bir dad, görmək istəmədiyimiz heç bir rəng yoxdur. Hər dadı dadmaq, hər hissi yaşamaq istəyirik. Hisslərin zaman ardıcıllığında, yaşımız gəldiyində analıq və atalıq duyğusunu, hissini yaşamaq bütün canlılar kimi insanın da, bəlli etməsə də, içində olan bir hiss, duyğudur. Ancaq bəzi insanları Allah bu duyğudan məhrum edir. Hikmətini bilmirik və bunu özümüz üçün bir faciəyə, fəlakətə çevirib bədbəxtlik kimi, qarğanmışlıq kimi görürük. Allah qarğayıb, deyərək özümüzü bədbəxt sayırıq. Həyatda yaşamaq, sadəcə ana olmaqdan, ata olmaqdan ibarətmiş kimi bütün düşüncə və amalımızı bura yönəldirik. Əlbəttə, bu hissi yaşamaq hər kəsin haqqıdır, bu dadı dadmaq yaxşı və ya pis hər insanın ehtiyacıdır. Həyatın mənasını övladda arayıb, həyatın boşluğunu onunla doldurmaq istəyir insan. Övladı var-dövlət, ad-san, xoşbəxtlik hesab edirik. Təəssüf ki, bəzən oddan kül törəyir və ata-ana dünyaya övlad gətirdiyi üçün peşman olur, kaş bu qədər əziyyət çəkib xeyirsiz övlad böyütməkdənsə, sonsuz olardım, deyə düşünür.
Hələlik övlad sahibi olmayanlar nəyin bahasına olursa-olsun övlad sahibi olmağa çalışır. Təbii ki, onlar qınanmalı deyil, “mal və övladın bizi Allahdan uzaqlaşdırdığını” düşünmədən bu zövqü yaşamağa can atırıq. Deyirik ki, qoy övladım olsun, mən o zaman Allaha daha çox bağlanacam. Amma mümkün olmur, övladın fiziki və bioloji bağları bəzən bizi o qədər öz təsiri altında saxlayır ki, hansı tərəfin ağır gəldiyini biz hislərin qarma-qarışıqlığında unuduruq.
Maddi olana, dünyanın nemətlərinə sahib olma ehtirası, nəfsini doyurma duyğusu ilə bu günün insanı hər icadı etdi. Müasir dövrdə süni mayalanma ilə uşaq dünyaya gətirmək icadı şəriət tərəfindən qəbul edilir, amma donor məsələsi bir az diqqət tələb edən məsələdir. Donorluq sərbəstdir, bir nəfər istədiyi qədər donor ola bilər. Faciə də elə burada başlayır. Eyni donordan yaranan uşaqlar bacı qardaşdırlar, amma bunu bimirlər və yaxın zamanda “Qızlar bulağında”kı kimi bacı qardaş evlilikləri baş tutacaq. Cır və geni pozulmuş nəsil əmələ gələcək. Bu evliliklərdən yaranan uşaqlar nə tərbiyəyə tabe olacaqlar, nə də qayda qanunlara. Pozulmuş gen strukturu qarışıq beyin fəaliyyətinə səbəb olacaq. Onlar bəlkə də ən dahi, ən bilikli, ən ixtiraçı adamlar olacaq, amma əxlaq sıfıra düşəcək. Bu gün Avropanın haray çəkdiyi, qurtulmağa çalışıb da qurtula bilmədiyi mənəvi xəstəliklər bu günkündən qat-qat yüksək səviyyədə olacaq və onlar bunu bir əxlaq norması hesab edərək bu günün əxlaq prinsiplərini geriçi və aşağı mərtəbədəki yaşayış deyə qəbul edəcəklər. Odur ki, donor məsələsi mütləq ciddi bir rejimə və qadağalara tabe olmalıdır. Bizim toplumda kənar donoru hər kəs istəmirdi, amma artıq bu hal adiləşir və bir adamın daha kimlərə donorluq etdiyini bilmirlər. Bu işin gizlilik prinsipi qorunur, doğrudur, amma ən halal və doğru olan odur ki, bir adam sadəcə bir ailəyə donor ola bilsin, əks halda maddi mənfəət üçün millətin gələcəyi ilə oynamaq olur. Bəlkə düşünərik ki, bizdə üç beş belə ailə var, amma bir “dana bir naxırı korladığı” kimi bəzən üzdən iraq bir xarakter də bir toplumu dəyişir, arxasınca aparır və uçuruma yuvarlayır.
Bir çox qədim dinlər və doktrinlərdə, o cümlədən qədim Manu Qanunlarında da “Kimə ki, təbiət oğul verməyib, o, … kənar adamı övladığa götürə bilər” deyilsə də islamda doğulmuş uşağın övladlığa verilməsi və götürülməsi xoş qarşılanmır. “...Allah - Sən mənə anamın kürəyi kimisən” deyə xitab etdiyiniz zövcənizi sizə ana eləməmiş, oğulluğa götürdüyünüz kimsəni də sizə oğul eləməmiş.... Öz atasının adıyla çağırın oğulluğa götürdüyünüz kimsəni. Bu daha ədalətli bilinər Allahın dərgahında....”( Əhzəb, 4-5) Biz Allah dərgahındakı ədaləti şəxsi hislərimizdən daha üstün bilirik.
Övladı olmayan bəlkə bizim bilmədiyimiz bir hikmətlə seçilmişdir, qismətsiz deyil, yüksək mənada seçilmişdir, ürəyi bütövdür, tamdır, paylanmamış, bölünməmişdir. Övladla insan parçalanır, nəfəsi, ruhu sanki bölük-bölük olur, hər parçası bir tərəfdə olur və fikrini cəmləşdirə bilmir, uzaqlaşır ilahi olandan. Uşaq ilahi olanın bir zərrəsidir və bətnində bu ilahini daşıdığın zaman yaşadığın yaratma duyğusunun bənzərsizliyi, ilahi olana sahib olma hissinin zövqü şəriətin qanunlarına üstün gəlir. Xoşbəxtlik səbəbi olan, qocalıqda tənhalıqdan qurtuluş, özünü güclü hiss etmə, sonsuzluq-yoxluq-həyatın ritmimə qarışıb zamanla yox olma qorxusu şəriətin qadağalarına boyun əymir. Süni də olsa uşaq dünyaya gətirir insan, amma analıq duyğusu saxta yaşanmır, ruhlar aləmindəki qovuşmaları həqiqi bir analıq duyğusu yaşadır, saxta ana olmur.

Baxış sayı: 684