Şərhlər
05.09.2015 / 11:29

Türklərin dünyagörüşü və din anlayışı

Türklərin dünyagörüşü və din anlayışı
Aydın MƏDƏTOĞLU / İnform.az


“Din bir olsaydı Yer üzündə əgər, Daha məsud olurdu cinsi-bəşər”
(Hüseyn Cavid)


Türklər Yer kürəsində tək millətdir ki, insanlıq tarixində mövcud olan əksər din və inanclardan bu və ya digər dərəcədə istifadə etmişlər. Bu din və inanclardan istifadə Türklərə bir çox uğurlar qazandırsa da itkiləri də az olmamışdır.
Türklər ilkin inanclardan sayılan Animizmdən (Ruha sitayiş dini dünyagörüşdə “Animizm” adlanır. “Anima” latınca “ruh” deməkdir- A.M) tutmuş Şamanizmə, Göy Tanrı dinindən tutmuş Buddizm və Momixeizmə, Azərdüştlükdən tutmuş İndizmə, Xristianlıqdan tutmuş son təkallahlı din olan İslama qədər bütün dini dünyagörüşlərə sahib olmuşlar.
Türk millətinin təfəkküründə ən azı 25 (iyirmi beş) min illik bir dünyagörüş hakim kəsilmiş, tarixi elm və düşüncə adamlarımız bəşəriyyətin əldə etdiyi bütün kültür və mədəniyyət nümünələrini hərtərərfli araşdırmış, bütün din və inancları süzgəcdən keçirmiş və sonda mənsub oldudğu Türk millətinə təktanrılı Göy Tanrı Dinini və Bəşəri mədəniyyəti məqbul hesab etmişlər.
Qədim Türklərin ilkinn dünyagörüşünə görə, insanın doğuluşu, ölümü, yuxusu, bayılması, hərərkəti, düşüncəsi, hətta xəstəliyi də Ruhun fəaliyyəti ilə bağlıdır. Qədim Türklərdə İnsanın gözündə əks olunan dədə-babalarının evə gəlmiş Ruhu sayılırdı. Axirət Dünyasına inam, əcdada və təbiətə pərəstiş də buradan yaranmışdır. Bu ilkin dini inancın bir çox ünsürünə sonrakı təkallahlı dinlərdə belə təsadüf edilir.Türklərin ilkin inanclarından sayılan və bu gün belə Soka (Yakut) və Altay Türkləri arasında yaşamaqda olan Şamanizm görüşlərdən sayılır. Bütün bunlarla yanaşı Türklərin ən qədim və əsil dini Göy Tanrı dini olmuşdur.
Göy Tanrı dini Türklərin ilk təktanrılı dinidir. Göy Tanrı qədim Türklərdə tək Yaradıcı Varlıq olmaqla Türklərin ana kultu sayılmışdır.
Qədim Türklərə görə, Göy Tanrı yaradan, bütün varlıqlara həyat bəxş edən, öz iradəsinə görə hökm edən, doğru və yalanı bilən, insanlara yardım, edən onlara bilgi verən, yol göstərən əbəbdi və əzəli Ulu bir Varlıqdır.
Qədim Türklər kutsal saydıqları oda, suya, torpağa, Günəşə, Aya Ulduzlara, hətta dağa təzim etsələr də qədim Misirlilər kimi Amona, qədim Hindlilər kimi Varunaya, qədim Babillər kimi Günəşə, Perslər kimi Ahura Mazdaya, Romalılar kimi Mithraya və s. deyil, Yerin, Göyün və bütün Kainatın Yaradıcısı saydıqları tək Göy Tanrıya tapınmışlar. Bütün bunları qədim Türklərin işlətdiyi “Tanqrı” (qədim Şumer Türklərində “Dinqir”) kəliməsi də təsdiq edir.
Çox təəssüflər olsun ki, qədim Türklərin Bu təktanrılı mükəmməl Göy Tanrı dininin nə yazılı bir kitabı, nə tapınaqları, nə din adamları, nə də ibadət qaydaları haqqında bu gün əlimizdə tutarlı bir mənbə yoxdur. Bu səbəbdəndir ki, Göy Tanrı dini sonrakı təkallahlı dinlərin yaradılmasında ilkin başlanğıc rolu oynasa da, öz adı Ümumbəşəri İlahi Din ola bilməmişdir.

Baxış sayı: 1031