Baş xəbər, Din, Müsahibə
05.09.2015 / 10:43

“Quranda “başınızı və ya saçlarınızı örtün” deyə bir təlqin yoxdur”

“Quranda “başınızı və ya saçlarınızı örtün” deyə bir təlqin yoxdur”
Nəriman Qasımoğlu: “Quranda İsanın yenidən qayıdışı ilə bağlı heç nə deyilmir”


1400 ildir ki, nazil olan "Qurani-Kərim" özünün hikmətləri ilə daim bütün dünyanı heyran qoyub. Müqəddəs kitabda yer alan bəzi surə və ayələr müxtəlif cərəyanlar tərəfindən öz mənafeləri istiqamətində yorumlansa da, İlahi mətnlərə və onların mənasına olan maraq heç vaxt sönməyib. Bəzi ərəb adətlərinin də İslam adı altında həyatımıza daxil olması və bu adətlərin dinin qanunları kimi qəbulu insanlarda müxtəlif suallar yaradır. Bu kimi məsələlərə aydınlıq gətirməsi üçün, Qafqazın ən güclü "Qurani-Kərim" bilicilərindən olan Nəriman Qasımoğlu ilə görüşdük. Onunla olan müsahibəni sizlərə təqdim edirik:


“Hansısa başqa hikmətin olmasını isə gələcək göstərər”


- Nəriman müəllim, “Qurani-Kərim”in bəzi ayələri sadəcə bir və ya bir neçə hərf şəklindədir. Bu günə qədər də bu hərflərin məna olaraq açılışını verən olmayıb. Ayənin hərf şəklində gəlməsi səbəbi nədir?

- 1400 il bundan əvvəl nazil olmuş Quranın sirləri əsrlər ötdükcə açılır. Quran canlı kitab olaraq daim yeni-yeni hikmətlər saçmaqdadır. Bəşəriyyəti davamlı olaraq İlahinin dərki prosesinə qoşan Rəbbimizin Yazısı bu mənada dinamikasını qiyamət gününə qədər də itirməyəcək. Söylədiyiniz ayələrlə bağlı hələ dəqiq bir fikir formalaşmayıb. Yəni, bu hərflərin hikməti hələ açılmayıb. Ancaq günümüzdə bu hərflərin xidmət etdiyi məqam da var: bunlar imkan verir ki, Qurandakı hərflərə, sözlərə dair riyazi hesablamalarla bu müqəddəs Kitabın bütövlüyünü sübuta yetirəsən. Hansısa başqa hikmətin olmasını isə gələcək göstərər.


“İlahi ismarıcların ünvanı müəyyən coğrafiyalardan başlayıb bütün bəşəriyyətə doğru yönəlir”


- “Qurani-Kərim”də cənnətlə bağlı olan ayələrin əksəriyyətində cənnət yaşıllıqlar və çaylar arasında təsvir edilir. Bəzən bu cür təsviri Ərəbistanda bu kimi şeylərin olmaması ilə bağlayırlar...

- Əvvəla onu deyim ki, Quranın xitabı təkcə ərəblərə ünvanlı deyil. Quran bütün bəşəriyyətə xitab edir. Ancaq ərəb dilində nazil olduğu üçün ilkin olaraq ərəblərə ünvanlı olub. Məsələ burasındadır ki, vəhylərin ilkində ünvanlandığı toplumlar var ki, onların dilində də nazil olmağı bu səbəbdəndir. İlahi ismarışların ünvanı bu coğrafiyalardan başlayıb bütün bəşəriyyətə doğru yönəlir. Və bu yönəlmədə çoğrafi şərtiliklər artıq mənasını itirir, itirdiyinə görə də kosmik böyüklüyə keçid alır və s. Dövrəyə girir göy cisimlərinə aid, kainat hadisələrinə aid, yaradılışa aid nəsnələr, çünki məqsəd qlobal mənada insanlığa müraciətlərdir. İlkində kimlərə müraciətlərdən asılı olmayaraq, coğrafi şərtiliklər qalır arxa planda. Yeri gəlmişkən, onu da deyim ki, bəzi ateistlər də öz mövqelərindən çıxış edərək həmin o cənnət təsvirlərini Ərəbistan yarımadasının yoxsul təbiətilə qarşılaşdırır və hökm verirlər ki, müsəlmanlar üçün “cənnət daha çox maddi idealdır”. Bir şey unudulur – Bibliyada da cənnətin maddi təsvirləri var və o qədər də Quranda olduğundan fərqlənmir. Qurandakı Adn cənnəti elə Bibliyadakı Eden cənnətidir. Bibliyadakı cənnətdə hətta Dəclə və Fərat çaylarının adları da keçir və xristian ilahiyyatçıları bu çayları İraq ərazisinə aid etmirlər. Bibliya cənnətinin mühiti təsvir baxımından bəzən daha maddi təsir bağışlayır – Həvvanın cənnətdə Adəmin qabırğasından yaradılması və s. kimi... Hər halda bu maddi təsvirlərin təyinatını anlamaq, əlbəttə, ateistlər üçün də, mövhumatçılar üçün də (hər iki qrupun özlərinə xas dinləri var!) çətindir... Təktanrılıq ideallarına aid məlumatları təlqin edən ilahi məntiq bunu asanca cavablayır. Söhbət təktanrılıq inanışının kütləviləşməsini amaclayan təlqinlərin ən müxtəlif bilik, əxlaq, dünyagörüşü, psixoloji durum, yaş, cins və s. və i. səviyyələrində qərarlaşan insan qruplarına ünvanlaması ilə bağlı ilahi fənddən gedir. Cəhənnəm olacağı ilə qorxutma da var bu fənddə. Və Quranda cəhənnəmin təsvirləri də Bibliyadakından az fərqlənir. Ümumi məqsəd hamını bütçülükdən ayırıb təktanrılıq inanışına çəkməkdir. Dahi Nizami, Füzuli, Nəsimi, Sabir, eləcə də nəhəng islam filosofları cənnətin maddi təsvirlərinə görəmi Qurana bağlı idi? Əlbəttə, gülünc səslənir. İndi Avropada hədislər deyil, Quran qapısından islama daxil olanlar Bibliya təkrarı o maddi təsvirlərə görəmi seçimlərini edirlər? Əlbəttə, yenə də yox. Quran-da bir ifadə var: Bu Qurandan hamıya pay düşür. Alimlərə də öz səviyyələrinə görə. Məsələn, öz fikirlərini əsərlərində açıq iadə edən 12-ci əsrin məşhur fikir adamı, islam filosofu Şəhabəddin Sühraverdiyə görə, cənnət və cəhənnəm ruhların şadlanması və qəmlənməsi məkanlarıdır sadəcə... Ateistin də öz dini var, onlara da Qurandan pay düşür – Quranı tənqid üçün.
“Quranda “başınızı və ya saçlarınızı örtün” deyə bir təlqin yoxdur”

““Qurani-Kərim”də məzhəblərin yaranmasına mənfi münasibət ifadə olunur”


- İslamda olan məzhəblərin hər biri “Qurani-Kərim”i özünə və öz ideologiyasına uyğun şəkildə təfsir edir. Bu da öz növbəsində hansısa başqa-başqa təfsirləri oxumuş sıravi müsəlmanlar arasında mübahisə və təfriqə yaradır. Olmazmı ki, bu təfsir məsələsi bir mərkəzdən edilsin?

- Məzhəblərin yaranması tarixi reallıqdır. Bu siyasət qaynaqlı bir məsələdir. Çünki bütün məzhəblər konkret zamanların siyasi məhsulları olaraq yaranıb. “Qurani-Kərim”də məzhəblərin yaranmasına mənfi münasibət ifadə olunur. Rəbbimiz peyğəmbərə xitabən buyurur ki, dinlərini bölənlər, dinlərində firqə-firqə bölünənlərin sənə heç bir dəxli yoxdur və onlar bu parçalanmaların hesabını axirət günündə verməli olacaqlar. 1400 ildən artıq bir müddət əvvəl səslənmiş olan bu ilahi qınaq bu günümüzün məzhəb ayrılıqlarına möcüzəvi şəkildə işıq tutur. Mirzə Ələkbər Sabir də deyirdi ki: “Hərə Qurana verir istədiyi mənanı, aç oxu gör həzrəti Quran nə deyir”. Yəni hər bir insan özü Quranı oxumalıdır. Hər bir insan Quranın xitabından özünə düşən payı götürə bilər. Çünki, Quran sosial vəziyyətindən, savadından və s.-dən asılı olmayaraq bütün insanlara xitab edən bir səmavi kitabdır. Ümumiyyətlə, təkallahlılıq inanışı Quran variantında yalnız elitar təbəqəyə aid inanclılar üçün nəzərdə tutulmayıb. Tanrının son və mükəmməl yazılı ismarıclarından məqsəd təkallahlılığın kütləviləşməsidir. Qurandan hamıya pay düşür hikmətinə aid xüsusi bir ayə də var ki, bu kütləviləşməyə dair məntiqi həmin ayədən də birmənalı anlamaq mümkündür. Hər adam Qurandan özünə düşən fərqli hikmət payını ala bilər. Ona görə də hər birimiz çalışıb Quranı özümüz oxumalıyıq, başqalarına etibar etməməliyik ki, özlərinin əxz elədiklərini hamı üçün ümumiləşdirsinlər. Bu dediklərim Quranı anlamaqda alimlərin rolunu danmaq anlamına gəlməsin. Əlbəttə, Quran alimlərə, elmə böyük dəyər verir. Və bununla yanaşı, insanları da oxumağa, öyrənməyə dəvət edir. Bu ilahi dəvət imanın kamilləşməsi prosesində iştiraka dəvətdir. Quran oxuyan istənilən adam öz payını ala-ala, imanını kamilləşdirə-kamilləşdirə, aldığı müdriklik payını artıra-artıra, bütün elmlərə mehr sala-sala şəxsiyyət kimi də bütövləşmə, ucalma yoluna varmış olur.


“Surələrin adlarının necə yaranması o qədər də ciddi önəm kəsb etməyən məsələdir”


- Surələrin adlarını kim verib, yəni bu adlar necə yaranıb?

- Surələrin adları ayələrdə keçmiş mətləblərin hansısa birindən çıxarış kimi müəyyənləşib. Ümumiyyətlə isə, belə bir fikir var ki, bu adların hamısını Məhəmməd peyğəmbər özü qoyub. Bəzi mənbələr isə bu adların sonradan qoyulması fikrini müdafiə edir. Ancaq necə olursa-olsun, bu o qədər də ciddi önəm kəsb etməyən məsələdir.


“Quranda siğə yoxdur”


- Dində, ümumiyyətlə, Quranda siğəyə icazə verilirmi?

- Dinimizin sərhədlərini Quranla müəyyənləşdirsək deməliyik ki, xeyr!

“Bu, Qurana zidd olan məsələdir”


- Azərbaycanda bu işlə məşğul olan din adamları var. Bəs bu nədən irəli gəlir?

- Bilirsiniz, bu etiqadi məsələdir. Kimsə öz etiqadınca hesab edə bilər ki, dinimizdə siğə var, ancaq yenə də vurğulayım, bu, Qurana zidd olan məsələdir.

"Peyğmbərin Zeynəblə evlənməsinin mənim üçün başqa anlamı var"


- Nəriman müəllim, peyğəmbərimizin Zeydin sağlığında onun həyat yoldaşı Zeynəblə evlənmə məsələsinə aydınlıq gətirin, zəhmət olmazsa. Belə bir ayə varmı ki, onların kəbini göydə kəsilib? Hansı ki, bu hadisə o dövrdə müəyyən söz-söhbətə səbəb olmuşdu. Hadisə ilə bağlı Volterin “Zeynəb” adlı əsəri də var.
“Quranda “başınızı və ya saçlarınızı örtün” deyə bir təlqin yoxdur”
- Ümumiyyətlə, bilirsiniz, İslamı tək peyğəmbərlə bağlı hadisələrlə bağlamaq düzgün deyil. Çünki, dinin qaynağı peyğəmbər deyil. Dinin qaynağı Tanrı Özüdür. Xalis din də Allahındır. Peyğəmbər müəllifliyində deyil İslam dini.
O ki, qaldı Zeynəblə bağlı hadisəyə, Quranda buna işıq tutan bir ayə var: “Tanrı nemət verdiyi, sənin də lütf eylədiyin kimsəyə “eşini üstündə tut, Tanrıdan çəkin” deyirdin, gizlədirdin canında Tanrı sənə açdığını, çəkinirdin adamlardan. Ən çox Tanrı haqq yiyəsi ki, təkcə Ondan qorxasan. Və axır o qadına hacəti bitəndə Zeyd, onu sənə nigahladıq. Ki, oğulluğa götürdüyü kimsələr eşlərinə hacətləri bitəndə, bir sıxıntı olmasın inananlar bunlarla evlənərsə. Yetəndi yerinə Tanrının əmri”.
Ayə öncə bu hadisəyə gətirib çıxaran motivlərə üstüörtülü işarə edir. Deyilənə görə, Zeydə ərə getməzdən öncə Zeynəbin özü də peyğəmbəri sevirmiş. Və yenə də deyilənə görə, Zeydə ərə getməzdən öncə Zeynəbin peyğəmbərlə baş tutmayan bir evlənmə məsələsi də olubmuş... Bu deyilənlərin doğru olub-olmadığı bir başqa məsələ, bununla işimiz yox. Ayənin sonrakı hissəsini izah edənlər hadisənin o səbəblə də şərtləndiyini qeyd edirlər ki, boşanmış qadınlarla evlənmək müsəlman üçün problem yaratmamalıdır. Hətta, bu evlənmək müsəlmanın qanı qanından olmayan oğulluğunun boşadığı bir qadınla olsa belə... Bu hadisə ətrafında yaranan mübahisələr, ziddiyyətlər və islam əleyhdarlarının rişxəndli tənqidləri fonunda həmin ayənin şəxsən məndən ötrü başqa bir hikməti var. Buna bir az, necə deyərlər, uzaqdan gəlib izah verim. Quranda İsa Məsih istisna olmaqla digər peyğəmbərlərə olduğu kimi bir ayədə Məhəmməd peyğəmbərə də ünvanlı bir qınaq səsləndirilir. Söhbət “Abəsə” surəsində (“Qaş-qabaq tökdü”) təsviri gedən bir epizodla bağlıdır. Peyğəmbər din mövzusunda ona sorğu ilə müraciət etmiş bir kor kişiyə sayğısızlıq göstərdiyinə görə surədə Rəbbimizin qınağına tuş gəlir. Məhəmməd Peyğəmbərə aid bu ilahi qınaq onun öz sağlığında haqq elçisinin davranışlarını tənzimləmək məqsədi güdürdüsə, indi bu faktın başqa bir təyinatı da var – peyğəmbər şəxsiyyətini mövhumatçılıq tərzilə ilahiləşdirməyə imkan verməmək. Yeri gəlmişkən, bir məsələni deyim. Peyğəmbərin adı ilə bağlıdır. Bu adın ərəbcəsi - Muhamməd. Qrammatik tələbə uyğun tərcüməsi - "öyülmüş", "öyülən". Görəsən, "həmd" təkcə Tanrı haqqıdırsa, bəs peyğəmbərin həmd edilməyini necə anlamalıyıq? Bu, Quran məntiqinə nə dərəcədə uyğundur? Ən yaxşı halda belə izah edirlər ki, Tanrı özünə aid bəzi isim və sifətləri Ona ən yaxın olan peyğəmbərə verib. Quran məntiqi isə başqa cür düşünməyə imkan açır. Peyğəmbərin adındakı məna çoxlarının qəbul etdiyi kimi "öyülən" deyil, sadəcə keçmiş zaman içində "öyülmüş" olaraq qavranılmalıdır. Və peyğəmbərin öyümünü də Tanrı onu Özünə elçi seçməklə Özü təmin edib, bunu insanların öhdəsinə buraxmayıb. Yəni, Tanrı bu işi Özü artıq bitirib. Törədə və Müjdədə Tanrı tərəfindən öyülmüş, təriflə möhürlənmiş bir peyğəmbərin, yəni Məhəmmədin gəlişi barəsində öncədən verilmiş ilahi xəbərlər də həmin məntiqi təsdiqləyir. Bəli, burası var ki, Tanrının xeyli öncədən nəzərdə tutmuş olduğu seçimini, hələ göndərilməmiş elçisini insanlar həmdlə, öyümlə, təriflə anmaq imkanına malik deyildilər. Bu imkan ümumən insanlar üçün Quran məntiqilə tanınmır. Tanrının peyğəmbər seçimilə Məhəmmədin "öyülməsi" artıq möhürlənib bitmiş bir olaydır. Və ucalıq zirvəsində bərqərar olan peyğəmbərin insanlar tərəfindən öyümünə əslində ehtiyac da qalmayıb... Qayıdıram o Zeydlə bağlı hadisəyə. Həmin ayə peyğəmbərə ünvanlı hansısa qınaq səsləndirmirsə də, bu gün mahiyyətcə ona xidmət edir ki, insanlar peyğəmbəri bütləşdirmək riskindən sığortalana bilsinlər...

“Keçmişdəki hadisəni bu günün prizmasından dəyərləndirmək çətindir”


- Ümumiyyətlə, hadisənin özü normaldır?

- Biz necə iddia edə bilərik ki, bu gün çoxları üçün normal sayılmayan nəsnə 1400 il əvvəl peyğəmbər ətrafına toplanmış ərəblər üçün normal ola bilməzdi. Ənənələr, baxışlar, zaman dəyişir deyə, ümumiyyətlə, keçmişdəki hansısa hadisəni, motivi nə olursa olsun, bu günün prizmasından dəyərləndirmək çətindir. Yenə də deyim, din qaynağı peyğəmbər deyil, Tanrı Özüdür. Tanrının vəhylərində yer alan ssenarisi düşüncələrimizi bu gerçəkliyin üzərində cəmləməyi təlqin edir.


“Qəzavü-qədəri iman şərtlərinə daxil edilməsini yalnış hesab edirəm”


- Nəriman müəllim, alın yazısı varmı? İnsanın etdiklərinə Allah qarışırmı?

- “Rəhman” surəsində “Tanrı hər zaman iş başındadır” mənasına gələn bir ayə var. Yəni, Yaradan Tanrı statik bir varlıq deyil ki, dünyanı yaratsın, sonra kənara çəkilib yaratdıqlarının fəaliyyətinə uzaqdan tamaşa etməklə kifayətlənsin. Ənənəvi müsəlmanlar qəzavü-qədəri iman şərtlərinə daxil edirlər. Bunu yalnış hesab edirəm. Rəbbimiz insanı mələklərdən üstün tutur və bunu ona görə edir ki, həmin məsum ruhanı varlıqlardan fərqli olaraq insana iradə azadlığı verib. İnsan öz taleyini özü yazır. Ancaq buraya Rəbbimizin müdaxiləsi də var. Bəs bu müdaxilə nədən ibarətdir? Məsələn, “Tanrı istədiyi adamı doğru yola yönəldər. İstədiyi adamı azdırar” mənasına gələn ayə var. Atesitlər də rişxəndlə sual verirlər ki, “əgər Allah mərhəmətlidirsə, niyə insanı azdırsın? Axı Tanrının istəyi ondan ibarət olmalıdır ki, bütün insanlar imanlı olsun”. Bu sualın sadə bir linqvistik cavabı var. Ayədəki istək məsələsi “şə-ə” feililə ifadə olunur. Gündəlik işlətdiyimiz “İnşAllah”(“Allah istəsə”) ifadəsində işlənən feildir. Bu feilin “istəmək” mənası əmələ - insan əməlinə bağlı istəklə müəyyənləşir. Söhbət əmələ bağlı istəkdən gedir, iradəvi istəkdən yox. Bunlar tamamilə fərqli məzmundadır. Tanrının Özünün obyektiv istəyi – iradəvi istəkdir, bunun insan iradəsinə dəxli yoxdur, Quranda “əra-də” feililə ifadə olunur. “Şə-ə” isə subyektin əməlinə görə Tanrıda yaranan istəyi ifadə edir. Tanrı o insanı azdırmaq istəyir ki, beləsi öz əməllərilə artıq bunu haqq etmiş olur. Tanrının iradəvi istəyinə dair isə belə bir ayə var:“Tanrı istədiyi hökmü verər”.


“Tale alın yazısı ilə öncədən müəyyənləşsəydi heyvanlardan fərqimiz bu baxımdan nə ilə ölçülərdi?!”


- Qədəri dəyişmək mümkündürmü?

- Hər kəsin taleyi bir alın yazısı ilə öncədən müəyyənləşsəydi, daş-kəsəkdən, gül-çiçəkdən, dağ-dərədən, heyvanlardan fərqimiz bu baxımdan nə ilə ölçülərdi? Bunların taleyində “alın yazısı” var. Bunlar Tanrı elmindən doğan qanunlarla vücuda gəlir, yaşayır, dəyişir, ölür və s. İnsan bədəninin hüceyrələri də bu ilahi qanunlara tabeçilikdən dolayı beləcə “alın yazısı” gərəyincə mövcudluğunu sürdürür. Ancaq insan iradəsi bu “yazı”dan kənardadır. Bəzi görkəmli ilahiyyatçılar da bu fikri təsdiqləyirlər ki, insan iradəsi ruhi bir davranışdır və maddiliklə bağlılığı yoxdur. Yoxdur ki, İlahinin təbiət qanunlarında biruzə verən yazısı – elmi buna öncədən şamil edilsin. İnsan üçün “alın yazısı”, yazılı qədər deyilən şey olsaydı, onda nə gərək vardı müqəddəs Kitablar bizlərə göndərilə. Hər şey öncədən yazılmışsa, onda nə gərək var Tanrı Öz Quranında bizlərə üz tutub yollar göstərə və bu yolları anmaqdan, anışdırmaqdan, anlamaqdan ötrü bizləri təkrar-təkrar ona yönəldə ki, öz ağlımıza güvənib düşünüb-daşınaq, bəsirətli olaq, gecəli-gündüzlü zəhmət çəkək, fəaliyyət göstərək, cənnətdən qovulmuş insan həyatının cəhənnəm əzablarını yüngülləşdirək, yer üzünü cənnətə çevirək və s.


“Tanrı insanın taleyinə qoyduğu qanunlar vasitəsilə deyil, hərdən birbaşa iradəvi qaydada da müdaxilə edir”


- Nəriman müəllim, sizin sözünüzdən belə çıxır ki, alın yazısı və qədər deyilən şeyi insan özü-özü üçün yaradır.

- Bəli, elədir. Ancaq burası da var ki, “hər zaman iş başında olan” Tanrı insanın taleyinə qoyduğu qanunlar vasitəsilə deyil, hərdən birbaşa iradəvi qaydada da müdaxilə edir. Yəni, adi hallarda hər şey Onun qoyduğu qanunlara tabedir, hər şey öz təqdiri ilə gedir. Ancaq, elə məqam ola bilər ki, Rəbbimiz özü birbaşa müdaxilə etsin insan teleyinə. Bunu bir növ təbiətdəki təkamül və mutasiya qanunları ilə müqayisə etmək də olar. Məsələn, hansısa bir bitkiyə kənar müdaxilə ilə onu bir günə yetişdirmək mümkündür. Peyğəmbərlərin gəlişi tarixi təkamül hadisəsi deyil, bəşəriyyətin taleyinə Tanrının iradəvi müdaxiləsidir...


“Cariyə məsələsi Quranda yoxdur”


- “Qurani-Kərim”də qadın-kişi münasibətlərinə dair ayələr var. Bəzilərinə elə gəlir ki, Allah bu kimi işlərlə məşğul olmaz. Yəni, Allah daha böyük işlər görür. Məsələn, cariyələrlə bağlı hökmlər kimi.

- Əvvəla onu deyim ki, cariyə məsələsi Quranda yoxdur. “Cariyə” kimi tərcümə olunan ifadə əslində “andlaşma bağladığnız kimsələr”, yaxud “o nəsnə ki, andlaşma gərəyincədir” qəbilindən açıqlanmalı, tərcümə edilməlidir.


“Bir növ müqəddəslik məzmununda olan bu pərdəni, necə deyərlər, qadın başına bağlamaqla nə istəyir mövhumat üləması?!”


- Quranda hicab və ya qadınların baş örtüyü ilə bağlı məsələyə aydınlıq gətirərdiniz, zəhmət olmazsa.

- Hicaba gəldikdə, hər zaman yazdığımı bir daha təkrar edim, müqəddəs kitabımızda “hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur. Quran termini olaraq bu, 7 ayədə keçir, “pərdə”, “örtük” anlamında işlənir və bu ayələrin heç birində qadınların baş örtüyünə aid heç nəyə işarə yoxdur. Məsələn, ayələrin birində Rəbbimiz buyurur: “Yalnızca bir vəhy ilə, yaxud pərdə (mətnin əslində - “hicab”) dalından danışar bəşərlə Tanrı” (“Şura” surəsi, 51-ci ayə). Bir növ müqəddəslik məzmununda olan bu pərdəni, necə deyərlər, qadın başına bağlamaqla nə istəyir mövhumat üləması? Əlbəttə, aydındır ki, məqsəd qadınları əsarətdə saxlamağın bir vasitəsi kimi düşünülüb - baş örtüyünə süni olaraq, saxta olaraq müqəddəslik qazandırmaq cəhdi ilə bu örtük məsələsini əbədiləşdirmək, toxunulmaz elan etmək.
“Quranda “başınızı və ya saçlarınızı örtün” deyə bir təlqin yoxdur”

“Qadınların baş örtüyünün kökü qədim mədəniyyətlərə gedir və dinlərin mahiyyətilə bağlılığı yoxdur”


- Sizin sözünüzdən belə çıxır ki, günümüzdə müsəlman qadınların baş örtüyü və ya hicabdan istifadəsini Quran buyurmur, eləmi?

- Yenə də deyim, hicabı baş örtüyünə aid etməyin. O ki, qaldı müsəlman qadınların baş örtüyünə, çalışırlar bu ayəyə istinad etsinlər: “fəlyadrubnə bixumurihinnə alə cuyubihinnə”. Hərfən tərcüməsi belədir: “Örtüklərini vursunlar döşlərinə”. Burada işlənən örtüyü “baş örtüyü” kimi qəbul edib deyirlər ki, qadınların baş örtüyü döşlərinin üstünü örtməlidir. Absurd izahdır. Birincisi, sözün mütləq mənası “örtük”dür sadəcə, “baş örtüyü” deyil. Bu sonuncunu isə “ürfi mənada” işlədirlər, yəni ənənəyə salıb işlədirlər. Ümumiyyətlə isə, qadınların baş örtüyü məsələsi bütün dinlərin təcrübəsində var. Əslində bunun da kökü qədim mədəniyyətlərə gedir və dinlərin mahiyyətilə bağlılığı yoxdur. Bir daha təkrar edim ki, Quranda “başınızı və ya saçlarınızı örtün” deyə imperativ bir təlqin yer almır.

“Cadu mənfi yüklü energetik hadisədir”


- Necə bilirsiniz, cadu varmı? Varsa o hansı qanunlarla işləyir?

- Surələrin birində “düyünlərə üfürən qadınların şərindən qoru”nmaqdan danışılır. Söhbət mənfi yüklü energetik hadisədən gedir. Cadu əsasən imanı zəiflərə daha çox təsir edir.

“... cadu təsir edə bilməz”


- Bəs cadudan sığortalanmaq mümkündürmü?

- İnsanın özündən asılıdır. Aurası pak olana, imanı nisbətən kamil olana, elə bilirəm, cadu təsir edə bilməz.


“İlahi kitab savadlı bir insana nazil edilsəydi, insan qaynaqlı olduğunu düşünənlərin sayı daha çox olardı”


- Bütün mənbələr peyğəmbərin savadsız olduğunu yazır. Ancaq o da qeyd edilir ki, peyğəmbərin Həzrəti Xədicə ilə evliliyindən sonra Xədicənin bütün ticarət işlərini peyğəmbər yönləndirib və var-dövləti artıb. Savadsız insan bunu necə edə bilərdi? Əgər bu insan yazıb-oxuya bilmirsə, onu mütləq aldatmalı idilər.

- Peyğəmbərin savadının olmaması dəqiqdir. Ona görə də Allah ona “oxu” dedikdə (“Aləq” surəsi, birinci ayə) cavab olaraq bildiribmiş: “mən oxumağı bacarmıram”. Bu sahədə elmi araşdırmalar da var. Məsələn, Quran ayələri ilə peyğəmbər hədislərinin müqayisəli linqvistik təhlili ayələrin peyğəmbər kəlamlarından xeyli fərqli və mükəmməl dil özəlliyini ortaya qoyur. Peyğəmbərin savadsız olmasını təsdiq edən ayə də var. Əslində burada da bir hikmət var. Yəni, İlahi kitab savadlı bir insana nazil edilsəydi, bunun İlahi qaynaqlı deyil də insan qaynaqlı olduğunu düşünənlərin sayı daha çox olardı.


“Quranda İsanın deyil, başqasının çarmıxa çəkilməsi haqqında ayə mövcuddur”


- “Qurani-Kərim”də Həzrəti İsanın qeybə çəkilməsi və Qiyamət gününə yaxın zühur etməsi ilə bağlı nəsə varmı?

- Hədislərdə var, Quranda yox. Quranda İsanın deyil, başqasının çarmıxa çəkilməsi haqqında ayə mövcuddur. İsa Məsih haqqımda onun qiyamət saatının elmi olması fikrinə işarə edən bir ifadə də keçir Quranda. Ancaq qeybə çəkilməsi və təkrar qayıdacağı barədə heç nə deyilmir.

“... İblisin təzahürləridir”


- Nəriman müəllim, “Qurani-Kərim”də ayrı-ayrılıqda İblis və Şeytan kəlmələri işlədilir. Bunlar ikisi də eyni varlıqdır, yoxsa fərqli varlıqlardır?

- Quranda “şeytanlar” ifadəsi də keçir ki, bunlar da İblisin təzahürləridir.

“Quranda dəyişiklik olsaydı, oradakı riyazi sistem pozulardı”


- Peyğəmbərin vəfatından sonra Quran kitab halına salınan zaman ola bilərdimi ki, orada hansısa söz və ya cümlə dəyişdirilsin?

- Xeyr, bu mümkün deyil. Quranı qiyamətə kimi qoruyacağı barədəTanrının Özünün zəmanəti var. Müqəddəs kitabda buna dair ayə də keçir. Əgər belə bir şey baş vermiş olsaydı, onda Quranın tamlığını təsdiqləyən riyazi hesablamaların nəticələrinə xələl gələr, Qurana aid riyazi sistem pozulardı. Doğrudur, bəzi məzhəb və təriqətlər iddia edir ki, guya kiminsə adı oradan çıxarılıb-filan. Ancaq sizi əmin edirəm ki, belə bir şeyin olması qeyri-mümkündür.

“Dindarlara müraciət etmək istərdim...”


- Nəriman müəllim, son olaraq Qafqazda üç-dörd Quran bilicilərindən biri olaraq cəmiyyətimizə hansı tövsiyyələrinizi verə bilərsiniz ?

- Əsasən dindarlara müraciət etmək istərdim. İmanlarının kamilləşməsinin qayğısına qalsınlar. Mövhumatdan, radikallıqdan və xurafatdan kənar dursunlar. İslamın ana qaynağı olan Qurana üz tutsunlar.

Ceyhun Çingizoğlu / İnform.az

Baxış sayı: 11746