Gündəm
03.09.2015 / 16:50

İlham Əliyev “Petronas” şirkətinin rəhbəri ilə görüşüb

İlham Əliyev “Petronas” şirkətinin rəhbəri ilə görüşüb
Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələr çox yaxşı səviyyədədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report"un məlumatına görə, “Petronas” şirkətinin ölkəmizin enerji sektorunda iştirakından məmnunluğunu bildirən dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında sıx əməkdaşlığın Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib. Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin fəal mərhələdə olduğunu vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif sahələrində, xüsusilə neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın və yaxşı perspektivli təşəbbüslərin mövcud olduğunu diqqətə çatdırıb. “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan dövlət başçısı əməkdaşlığımızın yeni formatının müəyyən edilməsi ilə bağlı aparılan müzakirələrin önəmini qeyd edərək bu müzakirələrin yeni imkanlar açacağını deyib və bunun üçün səyləri artırmağın zəruriliyini bildirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkətinin birgə fəaliyyətinin biznes sahəsində əməkdaşlıq üçün daha yaxşı imkanlar açacağını vurğulayıb. Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu münasibətlərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını bildirib. Dövlət başçısı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığın zəruri olduğunu qeyd edib.
Rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə bundan sonra da əməkdaşlığa sadiq olduğunu bildirən Van Zulkifli Van Ariffin ölkəmizdəki investisiya mühitinin çox yaxşı olmasından məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın bütün sahələrdə “Petronas” şirkəti üçün böyük önəm daşıdığını vurğulayan qonaq “Petronas” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirmək niyyətində olduğunu bildirib. “Şahdəniz” yatağının işlənməsində əməkdaşlığa toxunan Van Zulkifli Van Ariffin “Petronas” şirkətinin bu layihənin həyata keçirilməsi işində bundan sonra da fəal iştirak edəcəyini deyib.

İnform.az

Baxış sayı: 369