Şərhlər
01.09.2015 / 14:05

“Uzun-incə bir yoldayıq”…

“Uzun-incə bir yoldayıq”…
Aqil CAMAL / İnform.az


Ötən həftə ölkəmizin şimal bölgəsinə yolum düşmüşdü. Yoldan söz düşmüşkən… Bakıdan ta şimal sərhədimizin qurtaracağına – Rusiya sərhədinə qədər bir neçə il əvvəl çəkilmiş beton yol istismar müddətini deyəsən, vaxtından əvvəl başa vurub. Nədən ki, Azərbaycan dövlətinə böyük maliyyə hesabına başa gələn bu yol çəkilərkən, inşaatçılar bu yolun bəlkə də 30 il xalqımızın istismarında olacağını söyləyirdilər.
Bu günsə, görünən mənzərə odur ki, şimala aparan beton yolumuz heç 10 ilə də vəfa etmədi. Beton yolun bir hissəsi artıq asfalt örtüklə əvəzlənib. Yəqin ki, tədricən asfaltlama davam edəcək.
Yol problemi paytaxtda da aktual olaraq qalır.
Bakıda yeni çəkilən bir yolun, qısa vaxtdan sonra müxtəlif qurumlar tərəfindən dağıdılıb yararsız hala salınmayacağına heç kim təminat verə bilməz.
Paytaxtın küçə və prospektlərində yollar asfaltlanır. Asfaltın istisi soyumamış kəmər keçirmək üçün yolu bir neçə yerdən çapırlar. Bir idarə su xətti çəkir, biri qaz kəməri, biri kanalizasiya, elektrik xətti, telefon xətti... Hər kəs də işini bitirəndən sonra yola yamaq vurub gedir.
Beləcə, dövlətin böyük böyük vəsaiti hesabına çəkilən yol, plansız işlərin ucbatından tez bir zamanda sıradan çıxır. Yolların dağılmasına ən böyük "töhfəni" isə paytaxtda o yana, bu yana şütüyən ağırtonnajlı maşınlar verirlər.
Bir qədər də yolları qovuşduran körpülər haqqında…
Paytaxtın gözəlləşdirilməsi çərçivəsində görülən işlərdən biri də xaricdən baha qiymətə gül-çiçəyin, ağac kollarının, hətta ot örtüyünün alınıb əkilməsindir. Məsələn, yeni inşa edilən körpülərin ətrafına döşənmiş ot örtüyünün ömrü, təqdimat mərasimindən sonra bir-iki aya qədərdir. Bir tərəfdən, baxımsızlıq, bir tərəfdən də paytaxt sakinlərinin rəhmsiz davranışları yad ellərdən gəlmiş bitkiləri məhv edir.
Aidiyyatı qurumlar isə yaşıllığı qorumaq, bərpa etmək əvəzinə, ot örtüyünü və gül-çiçək əkilən ərazini asfaltla örtürlər. Bununla da, problem həll olunmuş sayılır.
Deyirlər, mədəniyyət yoldan başlayır. Yollar rahat, gözoxşayan, hamar və səliqəli olanda insan həqiqətən rahat olur. Bu rahatlığı qorumaq isə bütün yolçularının işidir. Təkcə, yol idarəsi işçisinin yox.

Baxış sayı: 536