Sağlamlıq
01.09.2015 / 11:18

Ömrün ilk addımları

Ömrün ilk addımlarıAilədə ilk övladın doğulması ilə tamamilə yeni, indiyədək rast gəlinməmiş qayğılar peyda olur: gənc ana balaca, köməksiz məxluq ilə təkbətək qalır, bəzən heç bilmir ki, onunla necə rəftar etsin. Çağada baş verən hər hansı dəyişiklik ona qəribə gəlir, narahat edir.
• Dərinin qabıqlanması. Doğulandan 2-3 gün sonra yenidoğulmuşun dərisi «soyulmağa» başlayır ki, bu da valideynləri çox qorxudur. Amma qorxmağa dəyməz – bu, təxminən 2-2,5 həftəyə başa çatan normal fizioloji prosesdir. Çobanyastığı və palıd qabığı qatılmış yatıqanqal (çereda) dəmləməsi ilə ilıq vanna balacaya kömək edər.
• Dəridəki səpkilər. Təxminən elə bu günlərdə uşağın dərisində müxtəlif səpkilər peyda olur. Bunlardan da qorxmağa dəyməz. Palıd qabığı dəmləməsi qabıqlanma kimi, səpkilərə də kömək edir. Səpkinin növündən və uşağın vəziyyətindən asılı olaraq başqa bitkilərin dəmləməsindən də istifadə etmək olar.
• Dırnaqların qopması. Vaxt keçir, gənc ananın təzə problemi baş qaldırır – körpənin dırnaqları qopur. Bu, adi haldır – sadəcə, körpənin dırnaqları ətraf mühitə öyrəşməyə başlayır. Amma dırnaqların künclərinə diqqət yetirmək lazımdır. Çox zaman bu nahiyədə kiçik irinciklər yaranır. Onları aradan qaldırmaq üçün dırnaqları evkalipt dəmləməsində isladılmış pambıqla silmək lazımdır.
Körpə öz sifətini cırmaqlamasın deyə, ona qolları tikilmiş labada geyindirmək lazımdır. Körpələr adətən əllərini yumruq kimi yumurlar. Buna görə də onların yumruqları böyük xoşagəlməzliklərə səbəb ola bilər. Barmaqlar, xüsusən də dırnaqların ətrafı çox zərifdir, burada irinləmə prosesi sürətlə gedir. Bəzən elə olur ki, yumulmuş ovuclarda 1-2 saat ərzində ciddi irinləmə prosesi gedir.
• Əgər uşaq ağlamırsa. Doğulandan 2-3 gün sonra körpənin göz yaşı vəziləri fəaliyyət başlayır. Bu isə gözün künclərində «ərpimə» ilə özünü göstərir. Onları palıd qabığı və ya çay dəmləməsi, ya da gözə ana südü damızdırmaqla təmizləmək olar. Əgər körpənin gözləri qurudursa, ləngimədən uşaq göz həkiminə müraciət etmək lazımdır.
• Sarı rəng – sarılıq deyil. Uşaq doğulandan sonra qaraciyəri fəaliyyətə başlayır. Bu heç də asan proses deyil və doğulandan 4-5 gün sonra çağanın rəngi saralır. Bu, fizioloji hal olduğundan onu müalicə etməyə ehtiyac yoxdur. Bəzi körpələrdə bu hiss olunmur, bəzilərində isə çox bilinir. Körpənin qırxı çıxanadək bu sarılıq keçib gedir. Lakin fizioloji sarılığı ana ilə uşağın qanının uyğunsuzluğu üzündən başlayan hemolitik xəstəliyi ilə səhv etmək olmaz. Bir qayda olaraq, bu barədə uşaq doğulmamışdan əvvəl məlum olur.
• Təmiz burun. Gənc anaların çoxu müntəzəm olaraq körpənin burnunu pambıq tamponla təmizləməyə çalışırlar. Bunu etmək lazım deyil. Uşaq ömrünün ilk günlərində ətraf mühit barədə informasiyanı məhz qoxu vasitəsilə alır. O, anasını, atasını, öz yatağını məhz qoxusuna görə tanıyır. Cüzi zədə onun bu hissini tamamilə poza bilər. Buna görə də körpə onun burnunu ciddi-cəhdlə təmizləməyə başlayanda şıltaqlıq edir, qoymur. Uşaq etiraz edir və düz də edir: onun burnu özbaşına yaxşı təmizlənir.

***


Əgər ana xəstələnibsə…
Əgər sizə antibiotik təyin edilibsə, xüsusi sxemin köməyilə uşağı əmizdirmək olar. Antibiotiki qəbul etməzdən əvvəl körpənizə süd verin və döşunuzdə qalan südü sağıb soyuducuya qoyun. Sonra həbi qəbul edin. İki saatdan sonra döşünüzdəki südü sağıb atın. Antibiotik qəbul edəndən 6 saat sonra uşağa süd vermək olar. Əgər həmin vaxtadək yığılan süd kifayət etmirsə, daha iki saat gözləyin. Hər antibiotik qəbulundan sonra bu sxemə əməl edin.

Arzu Ələsgərova / İnform.az

Baxış sayı: 565