Siyasət
31.08.2015 / 17:57

Separatçı rejimin “seçki” sərsəmləməsi

Separatçı rejimin “seçki” sərsəmləməsi Elman Nəsirli: “Bu, aparılan danışıqların nəticəsizliyini indidən şərtləndirən amilə çevrilib”

“Beynəlxalq birlik separatçı rejimin addımlarına adekvat cavab verməlidir”

“Ermənistan və onun Dağlıq Qarabağ ərazisində yaratdığı separatçı rejim hər zaman regionda status-kvo vəziyyətinin qorunub saxlanmasına xidmət edən proseslərə start verir”.


Politoloq Elman Nəsirli bunu İnform.az-a sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər”in keçirilməsi ilə bağlı yaydığı məlumatlara əsasən söylədi.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi qanunsuz seçkilərlə bağlı etiraz bəyanatı verib və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış Separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayıb.

E.Nəsirli bildirdi ki, Ermənistan işğal faktının qorunub saxlanması üçün əlindən gələn cinayəti etməyə hazırdır. Onun sözlərinə görə, bunu həyata keçrmək üçün Ermənisatanın və separatçı rejimin öz ənənəvi üsulları var.
“Bunlar Azərbaycanla sərhəddə və qoşunların təmas xəttində atəşkəs rejimini intensiv şəkildə pozmaq, hərbi insidentlərə əl atmaq və qondarma seçkilər keçirmək yolu ilə danışılar prosesinin nəticəsiz qalmasına hesablanmış addımlardır. Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi “seçkiləri” də bu sıraya aid edə bilərik”.
“Separatçı rejimin “özünüidarə” orqanlarına seçkilər keçirməsi prezidentlər səviyyəsində görüşün baş tutmamasına hesablanıb”
E.Nəsirli separatçı rejimin addımlarının danışıqalar prosesinə zərbə endirdiyini və danışıqaları çətin vəziyyətə saldığını söylədi.

“Həmsədrlərin regiona son səfərləri zamanı qeyd olunmuşdu ki, sentyabrın sonlarında BMT Baş Məclisinin sessiyasında Azərbaycan və Ermənistan prezidetlərinin görüşü olacaq. Ermənistanın danışıqlar prosesini intensivev pozması və hazırda qondarma rejimin bələdiyyəyə - “özünüidarə” orqanlarına seçkilər keçirməsi prezidentlərin görüşünün baş tutmamasına hesablanmış addımlardır”.
E.Nəsirli hesab edir ki, bu halda hər hansı danışıqlardan və təmaslardan söhbət gedə bilməz. Onun fikrincə, belə bir durumda həmsədrlərin Nyu-Yorkda XİN rəsmiləri səviyyəsində görüşlərin baş tutmasına çalışmaları da əhəmiyyətsizdir.
“Dağlıq Qarabağdakı qondarma separatçı rejimin seçki keçirmək istəyi ərəfəsində xarici işlər nazirlərinin görüşü baş tutsa da, bu, indidən aparılan danışıqların nəticəsizliyini şərtləndirir. Hesab edirəm ki, beynəlxalq birlik Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımasa da, unutmamalıdır ki, bununla problem həllini tapmır. Beynəlxalq birlik qondarma separatçı rejimin belə addımlarına adekvat cavab verməli, təsir mexanizmlərini işə salmalı, separatçı rejimə qarşı beynəlxalq hüquqda tətbiq olunan müvafiq vasitələrdən istifadə etməlidir. Ermənistan işğalçı dövlətdir və onun əlində alət olan separatçı rejim özünün cəzasızlığının fərqinə varır. Cəzasızlıq isə hər zaman yeni cinayətlərin yaranmasına gətirir. Reallıq bundan ibarətdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu bu həqiqəti dərk edib adekvat addımlar atmalıdır”.

Tahrə QAFARLI / İnform.az

Baxış sayı: 469