Şərhlər
31.08.2015 / 17:20

Başlar oyunlara elə qarışıb ki...

Başlar oyunlara elə qarışıb ki...
İşğal faktı və bizim təəssüflərimiz...


Tahirə QAFARLI / İnform.az


Cəmiyyətin inkişafına yönəlik proseslər hər şeydən əvvəl ictimai “bəndlərin” bir-biri ilə sıx bağlılığı, ideya bütövlüyünün əsasında cərəyan edir. Ən adi qurumlardan başlayaraq, alisinə qədər mənəvi maraqlardan çox maddiliyin üstünlük təşkil etməsi ictimai bütövləşməyə zərbə vurmaqla yanaşı, acı nəticələrini verməkdədir. Bu, hər şeydən əvvəl milli birlik məfkurəsinin inkişafına qarşı yönələn amillərin fəallaşmasına, hər zaman “caynaqlarını” üzərimizdə saxlamaq istəyən məkirli qüvvələrin canlanmasına şərait yaradır. Cəmiyyət onun “bətninə girmiş” “maddiyyatçılıq iblisi”ndən özünü xilas etmədikcə, uğursuzluqları ilə mütənasiblik təşkil edən fəaliyyətsizliyi onu psixoloji utancaqlıq, laqeydlik xəstəliyinə yoluxdurur. Bu o demək deyil ki, ləyaqətsizdir – mübarizə aparmaq bacarığını itrib, yox, bundan da təhlükəlisi var. Bu da cəmiyyətdə “liderlik” azarına tutulan insanların, ictimai qurumların milli məqsədə çatmaq üçün daha yüksək ideyalar uğrunda birləşmək üçün səy etməməsidir.
Yadda saxlamaq lazımdır ki, yaşamaq, inkişaf etmək, şərəf və ləyaqətini qorumaq, bütün bunlar həm də nəfsinə hakimlikdən keçir. Biz itirdiklərimizi qazanmaq üçün birinci növbədə buna nail olmağı bacarmalıyıq.
Hazırda torpaqlarımızın 20 faizindən çoxu erməni separatçılarının işğalı altındadır. Nə qədər acı olsa da, bu gün də Qubadlının işğal gününü yada salırıq. Onu da bilirik ki, proseslərə müxtəlif ampulalarda müdaxilə edən dünya ictimaiyyəti hələ ki, bizim iradəmizin, səbrimizin nə dərəcədə güclü olduğunu “yoxlamaqla” məşğuldur. Hər dəfə son illərin işğal faktını düşünəndə “bəs, bundan əvvəl mənfur siyasətin hesabına Ermənistanın sərhədləri daxilinə qatılan torpaqlarımızın taleyi necə olacaq”- deyə, düşünürəm. Görünür, 1988-ci ildən 1993-cü ilə qədər olan müddətdə, ermənilərin işğalçılıq siyasətini kimlərəsə inandırmağa çalışdığımız vaxtda, uzağa yox, elə yaxın keçmişimizə varıb 1904-1905, 1918, 1948, 1952- ci illərdə erməniyə xidmət edən maraqlı qüvvələrin əli ilə azərbaycanlılara qarşı yönələn deportasiya və soyqırımları da xatırlatmaq gərəkdir...
Özümüzün isə yaddaşını təzələmək üçün bir çox prinsiplərə riayət etməyimiz lazımdır. Biz milli kimliyimizi bir daha dünyaya bəyan etməliyik. Bunun üçün tələb olunan bir çox amillərə riayət etməklə dövlətimizin sərhədlərinin bütövləşməsinə, inkişafına, millətin rifahının yüksəlməsinə səy göstərməliyik. Təəssüflər olsun ki, hələ də, hər dəfə işğal günlərini yada salanda mənən əzilirik, utanırıq, həm də gözləyirik. Amma təəssüflərimiz də çoxdur...
Təəssüf ki, mövcud situasiyada üzdə olan və proseslərə təsir göstərə biləcək siyasi-ictimai qurumlar öz fəaliyyətini primitiv yöndə qururlar. Sanki, hər bir kəs daha çox özünün maddi həyatını qurmaq haqqında düşünür və uğurlu alınması üçün müəyyən qruplarda birləşirlər. Sanki, TORPAĞI İŞĞALDA OLAN BİZ DEYİLİK...

Təbliğat maşını – televiziyanın təqdim etdiyi panoramaya nəzər salanda istər-istəməz özümüzə “biz torpaqlarımzı itirənlərə oxşayırıqmı” sualını verməyə məcbur oluruq. Qarşıda görüləcək böyük işləri olan insanların bu dərəcədə şoulara, konsertlərə, nə bilim nələrə aludəçiliyinə “heyran” olmaya bilmirsən. Belə bir fikir yaranır ki, bu təbliğatı “işlədənlər” milləti ovsunlayıb, “dəli yığıncağı” yaradıblar. Bu bizim yaşadığımız şəraitlə uyğundurmu, torpağı əsarətdə olan, qız-gəlini girovluqda qalan, minlərlə insanı əsirlikdə olan Azərbaycan kişisinə ekranda boş-boşuna atılıb düşmək, guya ki, şoumenlik etmək yaraşırmı? Əlbəttə ki, hər şeyin həddi var.
Düşünməyin ki, bəndəniz emosiyalarının “quluna” çevrilib, ona sevinmək, şənlənmək, bir sözlə hər bir vətəndaşın arzu etdiyi həyatı yaşamaq istəyi psixoloji gərginliyin təsiri ilə məhv olub, о tərkidünyadır. Yox, belə deyil. O, televiziya verilişlərinin evlərə daxil olarkən ümidsizlik deyil, inam, yüngüllük deyil, ağıllı həqiqətlərin gətirilməsini istəyir. Düşünür ki, hətta şoular belə öz işini bu istiqamətdə kökləməlidirlər. Onlar da vətənpərvərlik təlqin etməlidirlər. Nə yazıqlar olsun ki, əks halda biz bu ölkənin gənclərindən heç nə tələb edə bilməyəcəyik.
Hazırda ayrı-ayrı çevrələrdə birləşən bəzi qurumlar hadisələrə özünün bildiyi, ağlının kəsdiyi formada yanaşır və özlərini cəmiyyətə sırımaq üçün cəhdlər göstərirlər. İlk baxışdan bu, demokratik cəmiyyətlərdə məsələlərə sivil formada yanaşılma kimi qələmə verilir. Bəli, fikir plüralizmi inkişafa doğru əsas addımlardan biridir. Lakin hər bir çevrənin özü özünün yaratdığı modellərlə çıxış edərkən dövlətin, millətin “onurğasını” təşkil edən ideya və məqsədinə uyğun hərəkət etmirsə, yalnız “cibini”, yalnız özünün varlığını öndə tutursa və yalnız öz çevrəsini genişləndirməyi düşünürlərsə bu böyük toplum üçün heç nəyə yaramayacaq. Beləliklə də yalnız kiçik çevrələr şəklində fəaliyyət göstərmək cəmiyyətə heç bir nəticə vəd etmir. Hətta ən adi fərdin belə xudbinliyi hər bir yerdə yalnız özünü görmək istəyi uzun çəkmir və bu, hadisələrin normal məcrada inkişafının qarşısını alan mənfi tendensiya kimi ya inkar olunur, ya da ümumi işə ziyan gətirir. Çünki onlar özlərinin ətrafında böyük sədd yaradaraq, başqa fikirlərin, fəaliyyət proqramlarının müdaxiləsinə imkan yaratmırlar. Özlərinin hökmranlığını qurmaq üçün məhz ön sırada getməyi düşünürlər. Buna görə də bir-biri ilə “vuruşurlar” və bu da daxili gücün itməsi, natamamlığı yaradır.
Bu gün Qubadlının işğal günüdür. Təəssüflər olsun ki, bu gün onu qaytarmaq üçün heç nə edə bilmirəm və ona görə də hamını qınayıram. Amma, həm də inanıram ki, qisas günümüz yaxındadır...

Baxış sayı: 547