Şərhlər
31.08.2015 / 11:40

İlkinliyimiz itəcək

İlkinliyimiz itəcək
Ayişə NƏBİ / İnform.az


Uzaqdan baxanda kəndlərin yerləşdiyi yerlər adama qəribə gəlir. Görəsən necə olub ki, bu qədər yerləri keçib gəlib belə uzaq yerlərdə məskən salıblar. Görəsən səbəb nə olub, yaxud da bəlkə dağlara, uzaqlara çəkilmək bir adət imiş. Bəlkə də uzaq dediyimiz o yerlər başqa bir mədəniyyətə yaxın olub, biz bilmirik. İndi bunları bilmədiyimizə görə min dənə fikir deyə bilərik. Amma dəyişməyən bir şey var ki, bu kəndlər artıq var, bizə qalan isə onların varlığını davam etdirməkdir. Məsələ də elə burada çətinləşir. Kəndələrin varlığı yəqin ki, çox uzun zaman davam etməyəcək. Çünki oradakı çətin yaşam şəraiti insanları kənddən uzaqlaşdırır. Bir də bu üstəlik sərhəd kəndi olarsa, vəziyyət daha da ciddiləşir.
Qazax rayonunun Fərəhli kəndi. İllərdir bu kəndə getmək istəyirdim, ancaq mümkün olmurdu, axır getdim. Kənd rayondan on iki km. aralıdır, kəndə çatana qədər yol yaxşıdır, kənd içində isə təbii ki, yol palçıqlıdır.
Yol kəndə dönəndə post var, gedənin adını yazıb postdan buraxırlar. İki cavan əsgər durur postda. Kəndi soruşuruq, yolu göstərirlər.Yoldan iki km.sonra Göyəzən dağıdır. Dağ yox, buna qaya demək daha düz olardı. Bizim kənddə bunun oxşarı vardı, adına Quzu daşı deyərdik. Bizdə dağlar çox olduğundan belə qayalara daş deyirdik.
Kəndin girəcəyində bizi “itlər qarşıladı”, bir dəstə qaz çıxdı qabağımıza, onların da səsi çıxmadı, bizi dost bildi. Kəndin içi ilə xeyli keçib getdik. O yan, bu yana döndük, elə bildik kənd boşdur, bir nəfər də gözə dəymədi. Bir qapını döydük çıxan olmadı. İkinci qapı, yenə kimsə yox. Nəhayət, bir qadın çıxıb toyuqlarını yemləyərkən ona yaxınlaşdım. Soruşacağım adamları, indiyə qədər görmədiyim qohum-əqrabamı soruşdum. Mən gedənə qədər onların məni tanıya biləcək olanları da bu dünyadan köçüb getmişlər. Dünyadan köçəni köçüb, köçməyəni də Rusiyaya çörək dalınca gedib.
Gənc bir qızla söhbət edirik, tələbədir, tətilə gəlib. Dağları, uzanan çölləri göstərib “Qorxmursunuzmu” deyirəm. Gülür, “nədən, ermənidənmi” deyir, “niyə qorxaq, onlar hər gün atırlar, biz də cavab veririk.Onlar bizdən qorxduqları üçün atırlar. Biz qorxmuruq”. Deyəcək sözüm yox idi, sadəcə qürurlandım.
Burda insanlar heç bir təhlükə yoxmuş kimi adi həyatlarını yaşayırş Halbuki təhlükə daim başlarının üstündədir. O atılan güllələr hər an birinə dəyə bilər, çöldə, tarlada işləyən, mal-qara otaran, bu kənddən o kəndə gedən adamlar daim təhlükə altındadırlar. Nə zaman atacaqları, haranı nişan alacaqları bilinmir. Ancaq onu bilirlər ki, əsgərlərimiz də daim ayıq-sayıqdırlar.
Bu kəndi abadlaşdırmaq lazımdır. İllər əvvəl getdiyim kənd indi bir az da sanki köhnəlib, kimsəsizləşib. Kənddən baxırsan, göz işlədikcə boş ərazilər uzanıb gedir, əkilib biçilən biçilir, qalan yerlər otlaqdır və bomboşdur. Bu yerləri istifadə etmək olmazmı? Qaçqın gəlmiş kənd insanlarını şəhərin darısqallığında şəraitsiz, çirkin şəkildə ictimai obyektlərdə saxlayana və ya şəhər yaxınlarında evlər tikənə qədər kəndin o gözəl mənzərəli genişliyində niyə yerləşdirmirlər. Həm o yerlər şənlik olar, həm ətraf kəndlər boşalmaz. İnsanlar çoxalınca da fabrik-zavod tikilər, iş yerləri açılar.
Kənddə cavanlar iş tapmayıb şəhərə axışırlar. Tək bu kənd deyil, bütün kəndlər eynidir. Məsələn, rayonun o başında yenə sərhəd kəndi olan Şıxlıda bu il məktəbi on bir uşaq qurtarıb, onlardan səkkizi ali məktəbə daxil olub. İki il sonra isə məktəbdə birinci sinfə getməyə uşaq yoxdur. Müəllimlər haray çəkir, işsizlik ucbatından kənd boşalır deyir: “Mən otuz ildir müəllim işləyirəm.Yüz yetmiş manat maaş alıram. Uşaq yoxdur deyə dərs saatımız azdır. Ancaq təsərrüfatla, mal-heyvan saxlayıb, bağ-bostan becərməklə dolanırıq. Bu da əziyyətdir, gənclər də bu əziyyəti çəkmək istəmir. Gedib şəhərdə tikintidə, orda-burda işləyir, çörək qazanırlar” deyir, kənd müəllimi.
Oturub uzun-uzun mübahisələr edirik, dünyanı xilas etmək, dünyanı daha yaxşı yaşayışa çatdırmaq istəyirik. Yerlə, göylə əlləşirik, ancaq burda qulağımızın dibində çətinlik çəkən, boşalan kəndlərimizə imdad edə bilmirik.Yaxında kənd mədəniyyəti silinib gedəcək yer üzündən. Millətin ilkinliyi, saflığı, əsilliyi gedəcək...

Baxış sayı: 745