Baş xəbər, Siyasət, Müsahibə
29.08.2015 / 17:00

“Sentyabr ayının əvvəlindən başlayaraq vəziyyət xeyli dəyişəcək”

“Sentyabr ayının əvvəlindən başlayaraq vəziyyət xeyli dəyişəcək”


Pənah Hüseyn: “Namizədlər qeydə alındıqdan sonra, birgə əməkdaşlıq etmələri mümkündür”

Seçkilərə təxminən 2 ay qalır. Göründüyü kimi siyasi düşərgə əvvəlki seçki illərində müşahidə etdiyimiz dinamikliyi nümayiş etdirə bilmir. Müxalifət partiyaları bu cür süst, “yuxulu vəziyyəti”ni özünün fəaliyyətsizliyi ilə əlaqələndirib zaman-zaman bəzi etiraflar etsə də, son durumu cəmiyyətin seçki yanaşmasının ümumi təzahürü kimi də qiyətləndirirlər. Vaxtilə müxalifət düşərgəsində “səs-küyü” ilə seçilən bir çox partiya sədrləri də sakitcə “oturub” seçki gününü gözləyirlər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn İnform.az-a müsahibəsində bununla bağlı, bəzi nüanslara aydınlıq gətirdi.

“Seçki ab-havası yeni-yeni hiss olunmağa başlayıb”


- Pənah bəy, seçkiyə az qalıb. Əvvəlki illərdən fərqli olaraq partiyaların builki seçki aktivliyini, seçki əhval-ruhiyyəsini necə dəyərləndirirsiniz? Partiyanız seçkiyə hansı namizədlərlə, hansı templə qatılacaq?

- Hələ ki, rəsmən seçkilərə start verilməyib. Seçkilərə start veriləndən sonra qanunvericilikdə nəzərdə tutulmuş bir sıra hüquqi hərəkətlərə başlanr. Ona qədər isə biz əsasən “Azadlıq-2015” seçki blokuna daxil olan digər siyasi partiyalarla birlikdə namizədlərimizi müəyyənləşdirmişik və siyahılar mətbuatda elan olunur. Namizədlərimizin 80-ə yaxın seçki dairəsində iştirakı nəzərdə tutulur. Artıq seçki platforması hazırlanıb. İlkin addımlarımız siyasi partiyanın blok şəklində qeydə alınması, daha sonra namizdələrin verilməsi, imzaların toplanması və sair olacaq.
Ümumi seçki ab-havası yeni-yeni hiss olunmağa başlayıb. Ümid edirik ki, sentyabr ayının əvvəlindən başlayaraq vəziyyət xeyli dəyişəcək.Təəssüf ki, demokratık düşərgənin tələb elədiyi islahatlar aparılmadı və seçki qanunvericiliyi ilə bağlı vəziyyət, bu sahədə hansısa bir müasir standartlara uyğun seçkinin keçrilməsi problematiktir. Amma biz daha çox reallıqlar daxilində siyasi fəalliyyət göstərb, Azərbaycan Xalq Partiyasının iki namizədinin seçilməsinə nail olmaq fikrindəyik. Seçkiyə qatılan namizədlərdən biri də mənəm.

“Burda kimlərəsə xüsusi olaraq nələrisə diqtə etmək mümkün deyil”


- Bəllidir ki, bu seçkidə bir neçə müxalifət partiyanın iştirak etdiyi tək blok “Azadlıq-2015” seçki blokudur. Sizcə vaxtilə daha çox bloklar yaradan digər müxalifət partiyaları hansı səbəblər üzündən bir araya gələ bilmədilər?

- Hər bir partiya öz taktikasını özü müəyyənləşdirir. Ona görə də bu məsələdə xüsusi olaraq nələrisə diqtə etmək mümkün deyil. Amma mənim fikrimə görə, demokratik düşərgə seçkidə vahid blok şəklində iştirak etsəydi, bu daha əlverişli şərait yarada bilərdi. Lakin, hələ gec deyil. Ən azı seçkilərə 1 ay vaxt qalır və namizədlər qeydə alındıqdan sonra, birgə əməkdaşlıq etmələri mümkündür.

“Müxalifətin ümumi vəziyyətinin mahiyyətini partiyalar arasındakı münasibətlər müəyyən eləmir”


- Hər zaman birliyə, əməkdaşlığa çağıran bir siyasətçı olaraq, bu gün müxalifətin düşdüyü vəziyyəti necə təhlil edərdiniz?

- Bir şeyə diqqət yetirmək lazımdır. Müxalifətin ümumi vəziyyətinin mahiyyətini partiyalar arasındakı münasibətlər müəyyən eləmir. Demokratik seçkilər keçirilsəydi, müxalifətçiliyin daxilindəki münasibətlər daha ciddi rol oynayardı. Hazırda müxalifətin durumu, ümumi seçki mühiti iqtidarın yürütdüyü siyasətə adekvatdır. Ona görə də təkcə müxalifət daxilindəki vəziyyətə görə təhlillər aparmaq ümumi mənzərəni bir qədər təhrif etmiş olar. Əsas məsələ ölkədəki ümumi siyasi vəziyyətlə bağlıdır.

- Öncəgörənlər belə proqnozlar verirlər ki, seçki ərəfəsində müəyyən mitinqlərin, insidentlərin baş verməsi mümkündür. Amma bu daxildə müxalifət tərəfindən yox, xarici qüvvələrin təsiri ilə ola bilər. Sizcə bunə dərəcdə mümkündür?

- Yox, hesab edirəm ki, xarici təsirlərin olması mümkün deyil. Bu, sadəcə ölkədəki normal seçki rəqabətinə mane olmaq üçün ortaya atılan şaiyələrdən başqa bir şey deyil.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 835