Elm-təhsil, Şərhlər
29.08.2015 / 12:12

Azərbaycan tarixində Azərbaycan Türk dövlətlərinə ögeyliyin səbəbləri - II yazı

Azərbaycan tarixində Azərbaycan Türk dövlətlərinə ögeyliyin səbəbləri -
Dos., Dr. Faiq ƏLƏKBƏROV,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
aparıcı elmi işçisi


Azərbaycan tarixi adını daşıyan kitablara, özəlliklə də 7 cildlik “Azərbaycan tarixi”nə inansaq Azərbaycan əsrlərboyu demək olar ki, daima başqa dövlətlərin və millətlərin əsarət altında olmuşdur. Bu anlamda yalnız yunanlar, romalılar, ərəblər, ruslar, farslar deyil, eyni zamanda Türksoylu Sacilər, Səlcuqlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar da işğalçı və qəsbkar olublar. Məncə, Azərbaycan tarixçilərinin əksəriyyətinin Sovet-Rus tarix metodologiyasından qurtula bilməməsinin (heç zaman da qurtula bilməyəcəklər, çünki “qozbeli qəbir düzəldər”) nəticəsidir ki, hələ də Türksoylu dövlətlərə yad, düşmən, bir sözlə ögey münasibət bəslənir.
Bu günün özündə də bəzi tarixçilərimiz, hətta onların arasında akademik olan tarixçilərimiz var ki, Əfşarların, Qacarların dövlət başçılarına, hökmdarlarına yadelli quldur, başkəsən kimi yanaşırlar. Sovet-Rusbaşlı tarixçilərimizə görə, Əfşarlara, Qacarlara qarşı çıxan separatist Azərbaycan xanlıqları isə böyük qəhrəmanlıq ediblər. Guya, Azərbaycan xanlıqları Azərbaycanın müstəqilliyi ugrunda, “İran hökmranlğı”na qarşı mübarizə aparıblar. Halbuki, Azərbaycan tarixində yer alan “İran hökmranlığı” birincisi, geniş anlamda Səfəvilər, Əfşaralar və Qacarlar üçün o zaman rəmzi bir məsələ idi. Onların əsas işi Türk dövlətləri yaratmaq və ərazilərini genişləndirmək idi. Həmin dövlətin ərazisinə Azərbaycan, İran, Xorasan, Mazandaran, İraqi-Əcəm və başqa yerlərin birləşdirilməsi Türk sülalərinin böyüklüyü idi. İkincisi, əsasən Azərbaycanda yaşayan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar kimi türksoylu tayfaların yalnız Azərbaycana deyil, digər ərazilərə, o cümlədən İran adlanan bir coğrafiyaya da sahib çıxması qüruruvericidir. Yəni Azərbaycan türkləri öz hakimiyyətlərini daha geniş ərazilərdə tuta biliblərsə, bunu indi “İran hökmranlığı” kimi qələmə vermək məntiqsizlikdir. Özəlliklə, “1748-ci ildə Azərbaycan feodallarının İrana qarşı yaranmış ittifaqı Azərbaycanda İran hökmranlğının tam ləgv olunduğunu göstərirdi” kimi sözləri “Azərbaycan tarixi”ndə yazmaq, Azərbaycan türklərinin şərəfli tarixinə hörmətsizlikdir.
Azərbaycan tariçxiləri unutmamalıdırlar ki, ən azı Səlcuqlardan (11-ci əsrdən) 1925-ci ilə qədər, yəni Qacarlar İngilis-Amerikan-Masson birliyi tərəfindən devrilənə qədər indi İran adlanan coğrafiyada “Azərbaycan-Türk hökmranlığı” mövcud olmuşdur. Qacarlar dövləti yarandıqdan sonra da Qacarların vəlihədi Təbrizdə-Azərbaycanda oturur, Şah olanda Tehrana gəlirdi. Çünki Azərbaycan Səlcuqlar, Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar da olduğu kimi Qacarların dövlətçilik mərkəzi idi. Ağa Məhəmməd şah Qacarın yeni dövlətin başkəndini Təbriz yaxınlığındakı Tehranda salması da çox ağıllı siyasət idi. Onun məqsədi bir tərəfdən Tehran vasitəsilə bütün dövləti yönətmək, digər tərəfdən Azərbaycandan, Azərbaycan türklərindən daima dəstək almaq idi. Bu anlamda yalnız Azərbaycanı deyil, Qacarlar dövlətinin tərkibinə qatılan bütün əraziləri idarə etmək üçün Tehranın seçilməsi dogru addım idi. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Ağa Məhəmməd şah Qacarın qurduğu Qacarların dövlətinin əsasında “İran hökmranlğı” deyil, Azərbaycan Türk hökmranlğı dayanırdı. Bu anlamda Ağa Məhəmməd şah Qacarın Səfəvilər dövlətini bərpa etmək amacıyla, təkcə özünü deyil, az qala bütün Qacarlar nəslini (təbii ki, əsasən Qacarların hökmdar soyunu) bu yolda qurban verməsi də “İran hökmranlığı” üçün deyil, ilk növbədə Azərbaycan Türk hökmranlğı ilə bağlı idi.
Bu baxımdan mən qürur duyuram ki, Əfşarlar və Qacarlar yalnız Azərbaycanda deyil, daha böyük ərazilərdə dövlətlər qurdular. Əfşarlar və Qacarlar Türk dövlətləri qurdular və həmin dövlətin dayağı da, məhvəri də, özəyi də Azərbaycan idi. Bunu indiki Azərbaycan gəncliyi belə bilməlidir. Azərbaycan gəncliyi onu da bilməlidir ki, dövlət qurmaq farsın işi deyil. Farslar-pəhləvilər həmişə hazıra nazir olublar. Bax bu başqa məsələdir. Amma söhbət dövlət qurmaqdan və onu daha geniş ərazilərdə tutmaqdan gedirsə, bunu türksoylu Əfşarlar, Qacarlar etmişlər.
Ona görə də Azərbaycan tarixində Əfşarların, Qacarların hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək doğru deyildir. Qacarlar, özəlliklə də, Ağa Məhəmməd şah Qacar necə “yadelli hökmran” ola bilər ki, onlar Azərbaycanı hər şeydən üstün tutur, hakimiyyətlərini Azərbaycanda-Muğanda bəyan edir, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehranı Azərbaycan ərazisində tuturdular. Yoxsa, xəyal edirsiniz ki, Qacarlar bu dövləti ingilis-amerikan-masson birliyinin əliylə hakimiyyətə gətirilən Pəhləvilər, ya da indiki İran İslam Respublikası üçün qururdu. Buna istinad edərək Əfşarlar və Qacarları “yadelli” hesab edirsinizsə böyük yanlışlığınız var. Əgər bu gün türklər min ilə yaxın bir tarixdə (qədin dövrləri nəzərə almasaq) hakimiyyətdə və ağa olduqları indiki İran İslam Respublikası adlanan bir ölkədə haqsız duruma düşüblərsə bu farsların qəhrəmanlığı ilə deyil, ingilis-amerikan-masson qüvvələrinin işbirliyi nəticəsində baş vermişdir.
Bu anlamda bizlər Əfşarlar və Qacarlardan imtina etməməliyik ki, artıq onların qurduğu dövlətdə türklərə əsasən söz sahibi deyillər. Ona görə, “əsasən” deyirəm ki, əslində bugünkü İran İslam Respublikasında, onun hakimiyyətində Azərbaycan və Azərbaycan türkləri heç də tamamilə təsirsiz bir yer tutmurlar. Əksinə, bu gündə Azərbaycansız, Azərbaycan türkləri olmadan İran İslam Respublikası böyük ölçüdə əhəmiyyətni itirir. Bunu, bu gün İran İslam Respublikasını idarə edən farsdilli rejimdə də yaxşı anlayırlar. Əgər bu gün Güney Azərbaycan İran İslam Respublikasından ayrılıb müstəqilliyini elan edərsə, İran İslam Respublikası demək olar ki, bitər. Ona görə də, indiki farsdilli Tehran rejimi da yaxşı anlayır ki, İran İslam Respublikasının hakimiyyətini, onun parlamentini, dini rəhbərliyini vəs. Azərbaycan türklərindən tamamilə kənarda tutmaq ağılsızlıq, məntiqsizlik olardı. Heç bunu, ingilis-amerikan-masson qüvvələrinin əliylə hakimiyyətə gətirilmiş farsdilli Pəhləvilər edə bilmədilər. Sadəcə, Pəhləvilərdə də, İran İslam Respublikasında da həmin yerlərdə məsul vəzifə tutan Azərbaycan məmurlarının, millət vəkillərinin, dini rəhbərlərinin əksəriyyətinin şüurunda İranın bütövlüyü əsas yer tuturdu. Doğrudur, Azərbaycandan olan məmurlar. Dini rəhbərlər, millət vəkilləri arasında da Azərbaycan türklərinin İran İslam Respublikasındakı mövcud durumuyla razılaşmayanlar var. Özəlliklə, Türk dilinin orta məktəblərdə tədris olunmaması, Türk dilində mətbuatın azlığı, Urmiya gölünün quruması, Azərbaycan torpaqlarının digər ostanlara verilməsi, Türk mədəniyyətinə biganə münasibət və digər məsələlər buraya aiddir. Amma genəl olaraq bu gündə Azərbaycan türkləri İran İslam Respublikasında hələ də söz sahibidirlər.
Təbii ki, bu günə qədər Azərbaycan türklərinin indiki İran İslam Respublikasında tamamilə təsirsiz hala gətirilməməsində yaxın 10 yüzyılda Azərbaycan Türk sülalələrinin (Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar vəb.) burada hakimiyyət sürməsi faktı əsas rol oynayır. Əslində məhz Azərbaycan Türk sülalə dövlətlərinin sayəsində indiki İran İslam Respublikası mövcuddur, dünyada müəyyən bir nüfuzu vardır. Çünki burada yaşayan farslar və digər etnik qruplar son 10 əsrdə demək olar ki, Azərbaycan Türkləri qədər bu ərazilər üçün savaş verməmiş, onun böyüməsində və mövcudluğunda həlledici rol oynamamışlar. Təkcə Əfşarlar və Qacarlar bu torpaqlar üçün onlarla, bəlkə yüzlərlə savaşlar aparmış, yüzminlərlə övladlarını bu yolda qurban vermişlər. Belə olduğu təqdirdə, Azərbaycan, Azərbaycan türkləri necə ola bilər ki, Əfşarlardan, ya da Qacarlardan imtina etsinlər?! Onlar bu savaşları apararkən Fars millətini, ya da Farsistanı deyil, Azərbaycanı və Türklüklərini önə çəkmişlər. Böyük bir gücə və yetənəyə sahib olduqları üçün Azərbaycan və digər Türk ərazilərlə kifayətlənməmiş, türklərin yaşamadığı digər əraziləri və onların xalqlarını da qurduqları Türk dövlətlərinə birləşdirmişlər.
Bu anlamda Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarların hakimiyyəti “İran hökmranlığı” olmadığı üçün, onların tarixi də “İran tarixi” ola bilməz. Bu dünənin, özəlliklə də Avropa alimlərinin uydurduğu tarixdir. Əgər bir qədər də əski dövrə baş vursaq görərik ki, Midiya və Azərbaycan tarixi adları olanda, “İran” deyilən coğrafiyanın izi-tozu belə olmayıb. Digər tərəfdən, “İran” Fars və ya da Farsistan demək deyil. Doğrudur, “İran”la bağlı Avropa və fars tarixçilərinin bir çox uydurmaları var. Məncə, Avropa və fars tarixçilərinin “İran”a Fars ruhu geyindirməkdə əsas məqsədləri “İran” anlayışını Azərbaycana və Türklüyə qarşı qoymaq olmuşdur. Etiraf etməliyik ki, son iki əsrdə aparılan təbliğat xeyli dərcədə öz təsirini göstərmişdir. Amma nə olursa olsun ən azı “İran”ın 10 əsrlik tarixində Türk damğası vardır. Avropa və fars tarixçiləri nə qədər çalışırlarsa çalışsınlar 10 əsrlik Türk damğasını “İran tarixi”ndən silə bilməzlər. Deməli, ən azı 10 əsrlik “İran tarixi”, Türk tarixidir. Bu anlamda Səfəviləri, Qacarları “İran”, ya da “Persiya” kimi qələmə vermək, onu Türk tarixindən uzaq tuta bilməz. Bütün bunlar Avropa tarixçilərinin dünən, ya da sırağagün uydurduqlarıdır.
Ona görə də, mən təklif edirəm ki, Azərbaycan tarixçiləri tarix yazarkən “İran”, “Persiya”, “Azərbaycan”, “Mazandaran”, “Xorasan”, “Dağıstan” coğrafi anlayışlarını əsas tutmaqdan ələ çəkərək, bu ərazilərdə əsrlərboyu hakimiyyət sürən, eyni zamanda mədəniyyət, ədəbiyyat, fəlsəfə yaradan Azərbaycan Türk ulusunun tarixini yazsınlar. Yəni konkret olaraq Azərbaycan Türk Mannanın, Azərbaycan Türk İskitlərin, Azərbaycan Türk Aranların, Azərbaycan Türk Xəzərlərin, Azərbaycan Türk Sacilərin, Azərbaycan Türk Atabəylərin, Azərbaycan Türk Elxanilərin, Azərbaycan Türk Qaraqoyunluların, Azərbaycan Türk Ağqoyunluların, Azərbaycan Türk Səfəvilərin, Azərbaycan Türk Əfşarların, Azərbaycan Türk Qacarların, Azərbaycan Türk Cümhuriyyətinin tarixini yazsınlar. Bu əsil və bütöv Azərbayan Türk tarixidir!!!

Baxış sayı: 851