1 sual, 2 cavab, Baş xəbər, Siyasət, Müsahibə, Qarabağ
28.08.2015 / 17:01

Həmsədrlərin Qarabağ “vızıltısı”

Həmsədrlərin Qarabağ “vızıltısı”
("1 sual 2 cavab" rubrikası)


Fikrət Sadıqov: “Çox istərdik ki, belə bəyanatlardan sonra hansısa praktiki addımlar atılsın”





Tofiq Abbasov: “Minsk qrupu, onun keşiyində duran digər institutlar “bər-bəzəklə” məşğul olurlar ki, status-kvo pozulmasın”

Regionun geosiyasi mənzərəsi gərgin olaraq qalır. Azərbaycan ərazilərinin Ermənistanın hərbi birləşmələri tərəfindən işğalı nəticəsində uzun müddətdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi və onun həlli prosesi hələ də həllini tapmır. Beynəlxalq diplomatiya isə Azərbaycanın regionda üzləşdiyi münaqişə ilə bağlı qəti mövqe sərgiləməkdən yayınır. Əvəzində münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də ABŞ və Rusiya tərəfindən silsilə şəkilli “cəlbedici” bəyanatlar verilir. Bu gün gündəm yenə də Qərb və Rusiyadan gələn bəyanatlarla tutulub.
İnform.az-ın “1 sual 2 cavab” rubrikasında politoloqlar Fikrət Sadıqov və Tofiq Abbasov bu barədə danışacaqlar.


- Bu günlərdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağla bağlı verdiyi son açıqlaması “cəlbedici” səslənsə də birmənalı qarşılanmadı. Qeyd edək ki, Mariya Zaxarova münaqişə ilə bağlı rəsmi Moskva tərəfindən heç bir problemin ola bilməyəcəyini bəyan edib. O, ümid etdiyini bildirib ki, Qərb və Rusiya arasında olan fikir ayrılıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Sizcə, Rusiya tərəfinin verdiyi bu mesaj daha çox nəyə yönəlikdir və nə dərəcədə real səslənir?

“Bunlar əraziləri qaytarmağın əvəzinə belə cəfəng bəyanatlar verirlər”


Fikrət Sadıqov: -Mariya Zaxarova sadəcə olaraq Rusiyanın, xüsusilə də Rusiya xarici işlər nazirinin mövqeyini səsləndirib. Bu adi ritorik, diplomatik bir bəyanatdır. Biz Rusiyanın mövqeyini bilirik. Onlar dəfələrlə deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, Minsk qrupunun digər həmsədrləri ilə işlərini birgə davam etdirməyə hazırdırlar. Bu məsələdə aparıcı dövlətlərin arasında heç bir ziddiyyət yoxdur və bu da növbəti diplomatik bəyanatlardan biridir.
Digər tərəfdən burda bir acı həqiqət də var. Bu da ondan ibarətdir ki, dünya siyasətində beynəlxalq münasibətlər təcrübəsindən görünür ki, aparıcı dövlətlər lazım olanda Rusiyaya qarşı çox ciddi addımılar atırlar. Məsələn, Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq olundu. Digər məsələlərdə də Qərb və ABŞ Rusiyanın siyasətinə qarşı öz narazılığını bildirir. Artıq ABŞ bəyan edir ki, Qərb ölkələrinə əsas təhükə olan İŞİD-i Rusiya təşkil edib.
Dağlıq Qarabağa gəldikdə isə Qərblə Rusiyanın mövqeləri eynidir, aralarında heç bir ziddiyyət yoxdur. Bunlar hamılıqla erməniləri müdafiə edirlər. Çox paradoksal bir vəziyyət yaranır.
Azərbaycana qarşı müəyyən iddialar, subyektiv yanaşmalar var. Çünki Azərbaycanın inkişafı bir çox dairələri qıcıqlandırır, narahat edir. Belə bir vəziyyətdə bunlar əraziləri qaytarmağın əvəzinə sadəcə belə cəfəng bəyanatlar verirlər. Çox acınacaqlı faktdır ki, bu məsələdə hər üç dövlət – ABŞ, Rusiya, Fransa həmfikirdir və eyni mövqedən çıxış edirlər.
Əslində, Mariya Zaxarovanın bəyanatından hiss olunur ki, Rusiyanın Azərbaycana qarşı heç bir iddiası yoxdur və tərəfdaşlığını inkişaf etdirmək istəyir. Bu nəinki artıq bəyanatlarda, həm də praktiki əməllərdə də hiss olunur. Bizim hazırda Rusiya ilə münasibətlərimiz, kifayət qədər normal bir əməkdaşlıq səviyyəsindədir. Bu bəyanatda Rusiyanın Azərbayacana münasibəti hiss olunur. Buna narazılıq etmirik. Amma, çox istərdik ki, belə bəyanatlardan sonra hansısa praktiki addımlar atılsın. Bizi Ermənistanla bərabərləşdirməsinlər. İlkin olaraq ətraf rayonların boşaldılmasında köməkliklər etsinlər, Ermənistana müəyyən təzyiqlər göstərsinlər. Biz ATƏT-in Minsk qrupundan bunu gözləyirik və buna nail olmaq istəyindəyik.

“Üçlük formatının yararsız olmasını gizlətməyə çalışan diplomatlar vaxtaşırı belə dəbdəbəli bəyanatları səsləndirməkdən çəkinmirlər”


Tofiq Abbasov: -Bu bəyanat özündə heç bir yenilik və dönüş ehtiva etmir. Sadəcə xanım Zaxarova Dağlıq Qarabağ probleminə yeni ampluada münasibət bildirməyə məcbur olduğuna görə, növbətçi fikirləri səsləndirib. Ümumiyyətlə, Minsk qrupundakı “üçlük” Qarabağ məsələsinə gəldikdə, demək olar heç bir məqsədyönlü addım atmır. Bu onlar üçün çox rahat mövqedir. Bir qədər onlara aid iddialar səsləndikdə "özünüz danışıb həll yolunu tapın" kimi cəfəng fikirlər səsləndirirlər. Belə olduqda “üçlük” formatının yararsız olmasını gizlətməyə çalışan diplomatlar vaxtaşırı belə dəbdəbəli bəyanatları səsləndirməkdən çəkinmirlər. Bu ona hesablanıb ki, guya onlar “tər içində” fəaliyyət göstərib, hətta əldən-dildən düşürlər. Əslində biz diplomatik müstəvidə imitasiyanın şahidi oluruq. “Üçlüyü” təmsil edən diplomatlar vaxt ötürməkdən başqa heç nə etmirlər. Belə vəziyyət onları qane edir və münaqişə tərəfləri buna prisipial mövqe bildirməsələr iş elə bu səviyyədə qalacaq. Bəzən də onları dilləndirən təmas xəttində baş verən atəşkəs rejiminin pozulması olur. Əlbəttə ki, sakitliyin pozulması ciddi bir problemdir və diplomatlar bunu anlayırlar. Lakin, onların vəziyyətə dinamizm gətirmə mexanizmləri yoxdur. Özləri də anlayırlar ki, İrəvan danışıqları bilərəkdən pozur. Təəssüf ki, ona qarşı hər hansı bir sanksiya tətbiq etmək vasitəsi yoxdur. Buna görə də Minsk qrupu, onun keşiyində duran digər institutlar “bər-bəzəklə” məşğul olurlar ki, status-kvo pozulmasın.

- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin payızda bölgəyə səfər etməyi planlaşdırdığını bildirib. Bu səfərlərin bu formada elan edilməsinin hansı əhəmiyyəti var və gözləntilər nə ola bilər?

“Onlar vəziyyəti və kimin torpaqlarının işğal olunduğunu çox gözəl başa düşürlər”


Fikrət Sadıqov: -Mən həmsədlərin regiona gəlməsindən heç bir şey gözləmirəm. Əvvəla, əgər onlar gəlirlərsə, əllərində hansısa təkliflər paketi olmalıdır. Onlar vəziyyəti və kimin torpaqlarının işğal olunduğunu çox gözəl başa düşürlər. Uorlik özü də kifayət qədər təcrübəli diplomatdır və kim işğalçıdır, kimin torpaqları işğal olunub bunu yaxşı bilir. O, həqiqətən də bu məsələdən müsbət nəticə gözləyirsə və buna israrlıdırsa böyük bir dövlətin nümayəndəsi kimi öz qəti sözünü deməli və müəyyən addımlar atmalıdır. Bu da sirr deyil ki, o, müxtəlif qıcıqlandırıcı çıxışları ilə seçilən bir diplomatdır. Ona görə də, onun belə bəyanat verməsini ciddi qəbul etmirəm. Eyni zamanda, həmsədrlərin bəyanat vermə vaxtları artıq çoxdan keçib. Onlar konkret addımlar atmalıdırlar. İşğalçı ilə işğala məruz qalan tərəfi bir masa ətrafında əyləşdirməyi özlərinə qələbə saymamalıdırlar. Təbii ki, biz sülh yolunu seçmişik və danışıqalar yolundan imtina etmirik. Amma, bu heç də o demək deyil ki, biz belə bəyanatlara kifayətlənməliyik.

“Əgər bu səfərin anonsu qabaqcadan verilirsə, deməli qeyri-adi bir şey baş verməyib”


Tofiq Abbasov: -Həmsədrlərin bölgəyə səfəri planlı şəkildə həyata keçirilir. Əgər bu səfərin anonsu qabaqcadan verilirsə, deməli qeyri-adi bir şey baş verməyib. Diplomatların hesabtaları var deyə, onlar get-gəllərə əməl edib öz rəhbərlərinə bölgədəki vəziyyətlə bağlı məlumat verirlər. Başqa heç nə yoxdur.

- Məlumdur ki, səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası zamanı bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözlədiklərini deyib. O, “Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var” - deyə bildirib. Sizcə “yenilənmiş öhdəliklər” dedikdə nə nəzərdə tutulur və həmsədrlər nəyə ümid edirlər?

“Belə formal görüşlərdən nəsə ciddi bir şey gözləmək düzgün olmazdı”


Fikrət Sadıqov: -Nyu-Yorkda BMT “meydançalarında” dövlət başçıları, xarici işlər nazirləri arasında görüşlərin keçirilməsi protokol xarakterli təcrübədir. Biz protokol praktikası naminə dəfələrlə bir sıra dövlət başçıları və xarici işlər nazirləri ilə görüşürük. Bu görüşləri konkret danışıqlar kimi qəbul etmək düzgün olmazdı. Çünki burda sadəcə sessiya zamanı görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Belə formal görüşlərdən nəsə ciddi bir şey gözləmək düzgün olmazdı. Burda görüşən zaman nə dövlət liderləri, nə onların xarici işlər nazirləri heç vaxt hansısa bir ciddi nəticələrə gəlməyiblər. Sadəcə olaraq fikir mübadiləsi, görüşlər, mövqelərin bildirilməsi müəyyən məsələlərlə bağlı müzakirələr və sair olub. Burda gözləntilər də ola bilməz. Çünki əgər vasitəçilər hansısa real təkliflər irəli sürməsələr bunun Azərbaycan üçün heç bir müsbət nəticəsi ola bilməz. Uorlik belə bəyanat verirsə, o özü bu suala cavab verməlidir. Bizim təkliflər odur ki, işğal olunmuş ərazilər boşaldılsın, biz heç vaxt danışıqlardan imtina etmirik, qaçqınlar öz yerlərinə qayıtsınlar və Dağlıq Qarabağın statusu ilə bağı danışıqar davam etsin. Bunu həmişə etmişik və bundan imtina etməmişik. Azərbaycan hansısa öhdəlik verə bilməz. Çünki biz Ermənisatanla eyni səviyyədə deyilik. Torpaqlarımız işğal olunub. Biz hansı öhdəliyi, hansı güzəştləri üzərimizə götürməliyik, başa düşə bilmirəm?! Uorlik bilirsə, desin. Dağlıq Qarabağ və kənar 7 rayonumuz işğal altındadır. Əgər hesab edirlərsə ki, biz Dağlıq Qarabağı müstəqil bir qurum kimi təklif edəcəyik, yanılırlar. Bu heç vaxt olmayacaq.

“Prezidentlərin qarşısına tutarlı təkliflərlə çıxara bilmirlərsə, onda həmin görüşlərdən ciddi nəticə gözləmək əbəsdir”


Tofiq Abbasov: -Nyu-Yorkdakı görüş, xarici işlər nazirlərinin təmasları vaxtaşırı baş tutur. Əgər onlar prezidentlərin qarşısına tutarlı təkliflərlə çıxara bilmirlərsə, onda həmin görüşlərdən ciddi nəticə gözləmək əbəsdir. Əsas odur ki, prezidentlərin görüşlərində böyük ara yaranmasın. Əgər yaranırsa, deməli hər şey ölü nöqtədə qıc olub qalıb. İndi biz məhz bunu müşahidə edirik.
Əgər yenilənmiş öhdəliklər üzə çıxmırsa, yəni bunlar barədə mətbuata, ictimaiyyətə açıqlama verilmirsə, deməli onlar razılaşdırılmayıb. Belə olduqda onlara ümid bəsləmək mənasızdır.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 944