Baş xəbər, Siyasət, Müsahibə
28.08.2015 / 14:26

Parapsixoloqdan seçki proqnozu

Parapsixoloqdan seçki proqnozu
Cabbar Qurbanov: ““Seçkidə hər şey su kimi axıb gedəcək” deyə bir şeyi görmürəm”


Parlament seçkisi yaxınlaşır. “Seçki çarxı” bu prosesin necə keçəcəyi, hansı qüvvələrin daha çox önə çıxacağı, passivliyin, dinamikliyin hansı həddə olacağı, eləcə də xarici təsirlərin nə dərəcədə “aktiv” fazaya keçə biləcəyi ehtimalları və sair məsələlərin təhlili ətrafında fırlanır. Bəllidir ki, seçki ilə bağlı müxtəlif ictimai-siyasi mülahizələr var. İnform.az olaraq biz də vəziyyəti parapsixoloq Cabbar Qurbanovun görüntüləri əsasında dəyərləndirmək istədik.

“Bu seçkidə, xüsusən seçkiyə yaxınlaşdıqca insanlar arasında mübarizə əhval-ruhiyyəsi artacaq”


- Cabbar müəllim, parapsixoloq, öncəgörmə qabiliyyətinə malik bir insan kimi sizcə qarşıdan gələn parlament seçkisində nələri müşahidə edə biləcəyik, gözləntiləriniz nədir?

- Hazırda insanların seçki prosesinə marağı aşağıdır. Daha çox inamsızlığın olduğunu müşahidə edirik. Bu da ondan irəli gəlir ki, insanlar çox vaxt səs verdiyi adamların əvəzinə onun yerində müəyyən maddi imkanlara malik başqasının seçildiyini görürlər.
Bu ilki parlament seçkilərinin əvvəlki seçkilərdən müəyyən fərqləri olacaq. İlk növbədə dünyada iqtisadi böhranın getdikcə dərinləşməsi, neftin qiymətinin aşağı düşməsi, mövcüd ictimai-siyasi durum və sair məsələlər bu seçkilərin əvvəlki seçkilərdən fərqlənəcəyinə işarə verir. Bu seçkidə həm hakimiyyətin, həm müxalifətin, həm də kənar qüvvələrin Milli Məclisə can atması daha aktiv şəkildə özünü göstərəcək. Digər tərəfdən əvvəlki illərlə müqayisədə bu il xarici qüvvələrin ölkəmizə marağının çoxaldığını nəzərə alsaq, bunun da gərginliyin artmasına təsir edəcəyini düşünürəm. Ola bilsin ki, bu gərginlikdə müəyyən insidentlər də yaşansın. “Seçkidə hər şey su kimi axıb gedəcək” deyə bir şeyi görmürəm. Bu seçkidə, xüsusən də seçkiyə yaxınlaşdıqca insanlar arasında mübarizə əhval-ruhiyyəsi artacaq. Çünki, hazırda sosial narazılıqlar az deyil. Bunu bank, tikinti, ticarət, sənaye və sair sektorlarında görmək olur. Bu gün böyük sərvətlərin əsas hissəsi, kiçik bir faiz adamın əlində cəmlənib. Bu da həddən artıq təhlükəli tendensiyadır. Məhz belə cəmiyyətlərdə kütləvi ixtiaşaşlar səhnəyə gətirilir.

“Seçki özünün əsas mərhələsinə daxil olanda mitinqləri qızışacaq, kənar qüvvələr ortaya çıxacaq”


- Göründüyü kimi, hazırda seçki ilə bağlı proseslərdə bir rəvanlıq, sakitlik müşahidə olunur. Yəni siz hesab edirsiniz ki, bu aldadıçı görüntülərdir?

- Bəli, hazırda heç bir neqativlik, ziddiyyət nümayiş edilmir. Amma sizə deyim ki, seçki özünün əsas mərhələsinə daxil olanda, mitinqləri qızışacaq, kənar qüvvələr ortaya çıxacaq. Mən əvvəlcədən hiss edirəm ki, o qüvvələrin keçirdiyi mitinqlərin özündə belə, insidentlərin yaşanma ehtimalları çoxdur. Burda istər daxili “klanların” mübarizəsi, istərsə də xarici təsirlər özünü göstərəcək.

“Bu cəbhədə sırf ideya uğrunda mübarizə aparanlar olduqca azdır”


- Sakitliyi ilə diqqət çəkən müxalifət partiyalarının bu prosesdə aktivləşməsi mümkün olacaqmı?

- Radikal müxalifət patiyaları tamamilə öz gücünü itiriblər. Bu partiyaların özlərini saxlaması üçün heç bir maliyyə imkanları olmadığına görə, insanlar müəyyən ümidlərlə bir neçə il mübarizə aparıb, geri çəkilirlər. Hansısa müxalifət partiyasında işləyənlərin ailələri gündəlik çörək pullarına möhtac qaldıqlarından ailədaxili təzyiqlərə görə mübarizədən çəkilib başqa yollara- madiyyatlarını tənmin etmə yoluna məcbur olurlar. Bu cəbhədə sırf ideya uğrunda mübarizə aparanlar olduqca azdır. Hazırda, o azlığın ətrafında da kifayət qədər qüvvə yoxdur. Ona görə də müxalifət açıq şəkildə mübarizə apara bilmir. Digər tərəfdən də bu gün müxalifət partiyalarının içində də çox xoş olmayan hadisələr baş verir. Xüsusən, müxalifətin partiya rəhbərliyində təmsil olunan adamlar da iqtidar məmurlarından nümunə götürərək, tutduqları postu özlərinin əbədi yeridir kimi bir davranış sərgiləyirlər. Bu da nəticə etibarilə partiya sıralarından kütləvi şəkildə uzaqalaşanların sayının artmasına gətirib çıxarır. Nəticədə, zərbə yenə də müxaifətin ümumi kütləsinə dəyir. Eyni zamanada vahid namizəd məsələsi Azərbaycanda bu günə qədər də həll olunmayıb. Eyni mövqeyi deputatlar da ortaya qoyurlar. Düzdür, bir partiya qədər gücləri olan bir neçə partiya yenə də bir blok şəklində birləşdiklərini elan edəcəklər, amma onlar effektli olmayacaq.

“Hazırda parlamentdə nüfuzu sıfır səviyyəsində olan çoxlu insanar var”


- Sizcə parlamentə daha çox hansı “cəbhədən” düşəcək?

- Hesab edirəm ki, iqtidar Milli Məclisdə təmsil olunan təmsilçilərinin 30-40 faizi yeniləri ilə əvəzləyəcək. Hakimiyyət özü, o adamları Milli Məclisə gətirməyə çalışacaq ki, onların cəmiyyət arasında da müəyyən mövqeləri, nüfuzları var. Hazırda parlamentdə nüfuzu sıfır səviyyəsində olan çoxlu insanar var ki, iqtidar onları təkrar seçsə, böyük yanlışlıq olacaq. Cəmiyyət həmişə bir yeniliyin olmasına meyillidir. Cəmiyyətin yenilənmək istəyini nəzərə alaraq müəyyən deputat yerləri təzələncək.
Müxaifətin sayı isə əvvəlkinə nisbətən bir az da artacaq. Hardasa ümumi götürəndə 15 faizə qədər müxalif qüvvələrin parlamentdə təmsil olunma şansını görürəm. Burda da yenə daha çox konstuktiv müxalifət partiyaları olacaq. Bu müxalifət nümayəndələrinin parlamentdə çoxluq təşkil edəcəyini görürəm. Radikal müxalifətin nümayəndələri ya heç olmayacaq, ya da az bir qrupu təmsil olunacaq. Seçki ilə bağlı ümumi mənzərəni belə görürəm. Amma, seçkilərdə baş verəcək narazlıqlar, insidentlər müxalifətin gücü ilə yox, başqa kənar qüvvələrin gücü ilə olacaq. Mən elə bilirəm ki, bunlardan qaçmaq olmayacaq.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 1036