Şərhlər
28.08.2015 / 13:54

Milyonçular şəhərinin dilənçiləri

Milyonçular şəhərinin dilənçiləri
Aqil CAMAL / İnform.az


Bir zamanlar Azərbaycanda dilənçilik məşğuliyyəti qaraçıların "monopoliyasında" idi. Bu gün Azərbaycanda dilənçilik SOSİAL TƏBƏQƏ kimi formalaşma dövrünü yaşayır.
Bu gün dilənçiliklə məşğul olanları aşağıdakı kimi təsnifatlaşdırmaq olar.
Bu təbəqədə dominantlıq yenə də qocalara məxsusdur. Fiziki baxımdan əlilliyi olan bir çox insanlar da ənənəvi olaraq bu sosial təbəqədə əhəmiyyətli yer tuturlar. Lakin, son illər dilənçilər təbəqəsinin tərkibi xeyli zənginləşib. İndi bu "peşə" ilə məşğul olanların sırasında yeddidən yetimişə istənilən yaş qrupuna və sosial təbəqəyə mənsub insanlara rast gəlmək mümkündür.
Onu törədən başlıca səbəb maddi ehtiyacdır. Daha dəqiqi maddi ehtiyacın ən son nöqtəsidir. Amma maddi ehtiyac ucbatından mənən qırılaraq bu peşəyə "xoş gəldin" deyənlər, onu sonradan tərgidə bilmirlər. Yəni, ilk dəfə "bir çörək pulu" adına yola çıxanlar, bu missiyanı illərdə davam etdirirlər. Gün ərzində yüz çörəyin pulunu dilənsələr belə, artıq əvvəlki həyata qayıtmaq istəmirlər. Çünki, tək bir dəfə içəridə baş verən mənəvi qırılma imkan verir ki, insan yolçuluğu adi yaşam tərzinə çevirsin.
Bu gün bir çoxları maddi ehtiyacın ən son həddinə düşmədən belə, dilənməyə başlayırlar. Gənc oğlanlar, qızlar, qadınlar, kişilər maddi ehtiyaclarını ödəmək üçün şəxsi qürura tək bir dəfə "Öl!" deyib öz həmcinslərinə və həmyaşıdlarına əl açırlar. Kimisi araq pulunu düzəltmək üçün, kimisi telefonunu dəyişmək üçün, kimisi təzə paltar almaq üçün...
"Daha böyük şeylər alırlar" deyənlər də var. Və bu müasir dilənçilərin dilək formaları da ənənəvi "bir çörək pulu" diləyindən fərqlənir. Bir qadın pul kisəsini itirdiyini və ya evdə unutduğunu deyir, bir gənc Qobustanda yatan atasının yanına getmək istədiyini bildirir, "lal" bir qızın əlində tutduğu kağızda anasının evdə ölüm ayağında olduğunu yazılır, bir qoca ata-anasız nəvələrinin dərmanlara ehtiyacı olduğunu dilə gətirir. Qrup halında şəhəri dolaşan bir ailə isə uzun illər uşaqları olmadığını, olacağı halda bir gün dilənəcəklərini niyyət etdiklərini söyləyir. Və beləcə aylarla, illərlə bu diləklər minlərcə dəfə təkrarlanır. (Allah versin, ürəyiyuxa xalqımıza).
Ara bir paytaxt polisi dilənçiliklə məşğul olanlara qarşı proflaktik tədbirlər həyata keçirir. Bu tədbirin effekti isə saxlanılan dilənçinin öz sahəsinə qayıdana qədər qüvvədə olur. Ondan sonra yenə köhnə hamam, köhnə tas...
Demək inzibati metodlarla, hədə-qorxu gəlməklə artıq mənən hər şeyə yox demişləri yol(un)dan döndərmək mümkün olmayacaq. Amma bu peşənin çiçəklənməsinə rəvac verən sosioloji problemləri, maddi, mənəvi, psixoloji faktorları axtarıb tapmaq və onları aradan qaldırmaq haqqında düşünmək lazımdır.
Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevirilib. Lakin, gecələri də işığa qərq olan Bakının əzəmətli binalarının tinlərində dayanan dilənçilərin arasındakı məsafə çox deyil.
Xaricdən gələnlərə göstərmək istədiyimiz Bakı görəsən onların xatirəsində necə qalacaq: milyonçular, yoxsa dilənçilər şəhəri...


Baxış sayı: 501