Şərhlər
27.08.2015 / 13:18

Şıltaq ilahə

Şıltaq ilahə
Ayişə NƏBİ / İnform.az


Moda-dəblə geyinmək bir virus kimi yayılıb insanların arasında. Dəbi izləmək müasirlik, mədəniyyət sayılır. Niyə modaya, dəbə uymaq məcburiyyətindəyik? Moda bizə nə verir? Deyəcəklər ki, elə mütləq bizə nəsə verməlidirmi? Deyək ki, nəsə verməli deyil, bəs o zaman moda bizdən nə, ya da nəyi alır?
Moda bir nəfərin ağlına gələn, bir nəfərin zövqü ilə yaranan formalar, rənglər, geyimlərdir.
Əgər mən dəblə geyinsəm, o zaman kiminsə iradəsinə tabe olaram, özümü başqa bir insanın köləsi kimi hiss edərəm. Öz iradəmi heç hesab edib başqa birinin istədiyini kortəbii şəkildə geyinəcəmsə, o zaman mənim şəxsiyyətim harda qalır?
Bəli, mən modaya məhz şəxsiyyətlər prizmasından baxıram. Doğrudur, dünyaya çıxmaq, milyonları öz zövqünə tabe etdirmək, öz stilini yaradaraq başqalarına bəyəndirmək o qədər də asan və sadə iş deyil. Ancaq cəmiyyət dediyimiz çoxluq ac bir şəkildə ona nəyinsə təklif olunmasını gözləyir. Təklif olunan hər fikri araşdırmadan, mühakimə etmədən mənimsəyir. Bəlamız da burada başlayır. Niyə öz düşüncən, iradən, zövqün olmasın, niyə özünə aid fikir formalaşdırmayasan. Bu çoxmu çətindir? Təbii ki, insanın özü zəhmət çəkərsə nəsə eləyə bilər, amma əgər hazırı varsa daha baş sındırıb yeni bir şey kəşf etməyə nə ehtiyac var? Şəxsiyyət erroziyası elə bir səviyyədədir ki, biz ancaq başqasında olanları gözəl sayırıq, başqasının fikrini üstün tuturuq, başqasının qəbul etdiyini özümüzə meyar hesab edirik.
Ortaya yaxşı bir fikir atırsan, bu fikir cəmiyyətdə ya heç qəbul olunmur, ya da çox gec qəbul olunur. Amma ondan daha zəif, yararsız bir fikir kənardan gələndə toplum onu sorğu sualsız qəbul edir. Belə bir təzadın içindəyik, niyə milli qürurumuz hər yerdə özünü büruzə vermir.Yəni bu qədərmi zəifik?
Göz qabağındakı, vizual təsir daha güclüdür. Geyim də bu baxımdan insanın bir az da iç dünyasını, mənəviyyatını, xarakterini göstərir. Bu mənada hər kəs öz ürəyinin və ağlının təsirində hərəkət etsə daha da rəngarənglik olar.
Biz dünya modasını izləyir və tətbiq edirik. Olsun, gözəllik Allahın sevdiyi bir xüsusiyyətdir. Bəs biz dünyaya nəyi diktə, ən azından təklif edirik? Bizim dünya toplumlarını arxasınca aparan hansı təklifimiz var. Hər zaman bu ilin rəngi filan, forması filandır, paltarın uzunluğu filan qədərdir deyə görkəmimizin tam bir sxemini verirlər və bundan da kənara çıxanı sən geridə qalmısan damğası ilə alçaldırlar. Mənəviyyatımıza çeşidli sahələrdə idman, sənət, elm, əyləncədə yön verən dünya, bizim heç bir istəyimizi nəzərə almadan zövqümüzü də ələ keçirib, gözümüzün hansı rəngi xoşlamasını belə diktə edir. Və biz hansı azadlıqdan, şəxsiyyət olduğumuzdan söhbət edə bilərik ki, bizim zövqlərimiz və istəklərimiz məhkumdur, dörd gözlə sabah hansı formanı, hansı rəngi ilin modası elan edəcəklər, deyə gözləyirik.
“Moda, moda, şıltaq ilahə, “səni qarğıyan batar günaha” deyilərək, burada da savab-günah ikilisi dövrəyə girir və bu şıltaq ilahənin məni qarğamasından qorxsam da topluma bir Mahatma Qandi resepti təklif etsəm, deyirəm görəsən günaha batıb cənnətin biletini itirərəmmi?
Əslində, zövq və zövqün hər hansı bir formada və ya rəngdə təzahürü insanın içindəki qarışıq və anlaşılmayan hislərin bəlli bir nizama düşərək, bəlli bir formada üzə çıxmasıdır. Forma və rəng seçimi insanın iç dünyasını və onun şəxsiyyətini təqdim edir. Əgər biz dünyanın bizə diktə etdiyini mənimsəyiriksə, o zaman öz mənliyimizi saymırıq, könüllü tabe oluruq, kənar bir zövqün köləsi oluruq. Bu ilin rəngi, məsələn sarıdır deyilir və hamımız sarı geyiniriksə, niyə durub, yox bizdə bu ilin rəngi yaşıldır, demirik və bunu dünyaya qəbul etdirmirik. İqtisadi potensialımız iradəmizə uyğun gəlmirsə, bu bizim susmağımızın mütləq bir səbəbidir. Biz bu şıltaq ilahəni özümüzə ram edərsək, həyatımızda çox şey dəyişər, kölə ruhundan qurtularıq, öz zövqümüzü yaşayarıq, öz şıltaq ilahəmzi yaradarıq. “Mən sizi millətlərə ....ayırdım” deyərkən O(cc) həyatdakı çoxçeşidliliyi təqdir etmişdir, həyatın tək bir mərkəzdən idarə olunmasını əmr etməmişdir, necə ki, insana iradə verərək yaxşıyı - pisi özün seç, gedəcəyin yola özün qərar ver deyir, eləcə də Allahdan başqa heç bir şeyə təslim olmamağı tövsiyə edir.
Bu günün çağdaş bütlərindən biri, həm də çox güclü və əhatəli biri olan moda dayaz düşüncələrin baş qatma sahəsidir. Buna aldanmamaq, Mahatma Qandi üsulu ilə mənliyimizi və qürurumuzu qorumaq mümkündür. Bütün əcnəbi, yad geyimlərə və geyim markalarına boykot elan edək, özümüzün keyfiyyətsiz də olsa parça və paltarımızı istifadə edək. İradəmizin üstündən külü üfürsək yaxın zamanda şəxsiyyətimiz öz modamızı formalaşdırar və dünya bizə tabe olar.
Hər mövsüm dəyişən zövq, forma və rəng adlanan bütlərlə mənəviyyatımızı daha nə qədər aldada bilərik ki. Bu bütün mənəviyyatımızı doyurmadığını bilə-bilə niyə, qəlbimizin qapısına ucuz möhür vuraraq onu qızıl iman açarıyla açmırıq.

Baxış sayı: 692